AZ

“Qarabağ”dan 6/6, Sxadadzenin gecikən qələbəsi

Misli Premyer Liqasının XXXIII turunda 2-ci yerin sahibi yenidən dəyişdi. “Sumqayıt”ın xal itkisindən yararlanan “Zirə” Tovuz səfərindən vacib qələbə ilə qayıdaraq, yenidən ikinci pillədə qayıtdı. “Sabah”ın uğurlu seriyasını davam etdirdiyi turun mərkəzi oyunu isə əzəli rəqiblər “Qarabağ” və “Neftçi” arasında keçirildi.

Qapıçının assisti ilə itirilən 2 “qızıl xal”

Tovuzda “Kəpəz”in qonağı olan “Sumqayıt” xal itkisi ilə üzləşmək fikrindən uzaq idi. “Kimyaçılar” ikinci pillədə qalmaq üçün bu görüşdə mütləq qələbə qazanmalı olduqlarını dərk etsələr də, bunu bacarmadılar. Düzdür, Samir Abasovun komandası oyuna istəkli başladı. 5-ci dəqiqədə Roi Kehatın əla ara ötürməsini Erik Sorqa dəqiq zərbə ilə tamamlaya bilsəydi, bəlkə də, oyun başqa cür nəticələnəcəkdi. Ancaq həmin epizodda “Kəpəz”in qolkiperi İqor Rodriqes əla oynadı. Gəncəlilərin cavab hücumu da təhlükəli alındı. Adama Nianenin zərbəsinin qarşısını qapı tiri kəsdi. Niane növbəti epizodda topu qapıdan keçirməyi bacarsa da, bu dəfə ofsayd qeydə alındı. Tərəflərin cəhdlərinə baxmayaraq, ilk hissədə qol səsi çıxmadı.

Hər iki komanda ikinci hissəyə əvəzetmə ilə başladı. “Kəpəz”də Tural Rzayevin əvəzinə Şakir Seyidov meydana çıxdığı halda, “Sumqayıt”da kapitan Vüqar Mustafayevi Cordan Rezabala əvəzlədi. Qonaqlar fasilədən sonra təzyiqi artırdılar. Əvvəlcə Sorqa növbəti dəfə əlverişli mövqedən dəqiq zərbə vura bilmədi. İlk hissədə olduğu kimi, yenə “Kəpəz”in portuqaliyalı qolkiperi onun sevinməsinə mane oldu. Ardınca isə Abu Dossonun cərimə meydançası həndəvərindən əla zərbəsinin qarşısını dirək kəsdi. “Sumqayıt” axtardığı qolu 80-ci dəqiqədə tapdı. Meydana sonradan çıxan Kamran Alievin zərbəsini Rodriqes dəf etsə də, qayıdan topu oyuna ikinci hissədə qoşulan Rezabala dəqiq baş zərbəsi ilə qapıdan keçirdi.

Hesabda geri düşmüş “Kəpəz” bu azmış kimi, matça əlavə olunmuş ikinci dəqiqədə meydanda azlıqda qaldı. Olavale Onanuqa hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldı. Artıq bundan sonra “Sumqayıt”ın qələbə hesabını qoruyacağına heç kimin şübhəsi qalmamışdı. Di gəl ki, “Kəpəz” ruhdan düşməyərək, sonadək mübarizəsini davam etdirdi və istəyinə çatdı. 90+5-ci dəqiqədə korner zamanı hücuma qoşulmuş qapıçı Rodriqes dəqiq baş zərbəsi ilə topu daha əlverişli mövqedə dayanan Elçin Əlicanova ötürdü, o isə yaxın məsafədən qapını dəqiq nişan almaqda çətinlik çəkmədi. Son saniyələrdə buraxılan qol “Sumqayıt”a 2 xal itkisi ilə başa gəldi.

“Qarabağ”ın qol şousuna alışan Bojoviç

Turun mərkəzi oyununda – Azərbaycan derbisində yenə “Qarabağ”ın qələbə şansı yüksək qiymətləndirilirdi. Kubok görüşləri də daxil olmaqla, bu mövsüm keçirilən bütün matçlarda Ağdam klubuna uduzan “Neftçi”nin güclü rəqibindən xal və ya xallar qoparacağı inandırıcı görünmürdü. Zaman bu cür düşünənlərin haqlı olduğunu göstərdi.

Matça istəkli başlayan “Qarabağ”a hesabı açması üçün 13 dəqiqə bəs etdi. Yuri Matiası qabaqlayan Elvin Cəfərquliyevin ötürməsinin qarşısını “Neftçi”nin qapıçısı Rza Cəfərov kəssə də, qayıdan topu Nəriman Axundzadə dəqiq zərbə ilə qapıdan keçirdi. Üstünlüyü əldən verməyən və hücumlarını davam etdirən “köhlən atlılar” fasiləyədək hesab arasındakı fərqi 2-yə çatdırdılar. Marko Veşoviçin ötürməsindən sonra cərimə meydançası daxilində qərarlaşan Toral Bayramov sol ayağı ilə qapını dəqiq nişan aldı.

“Neftçi” ikinci hissəyə 2 əvəzetmə ilə başladı. Kilan Lebonun əvəzinə Reziuan Mirzov, Brayan Morenonun yerinə isə Yeqor Boqomolski meydana buraxılsa da, bu dəyişikliklər heç bir işə yaramadı. Düzdür, ikinci yarının ilk 15 dəqiqəsi ərzində “Neftçi” fəallıq göstərdi, təhlükəli epizodlar yaratdı. Ancaq bu hücumları məntiqi sonluğa çatdırmaq mümkün olmadı. Əvəzində 65-ci dəqiqədə Leandro Andrade iki cəhddə topu qapıdan keçirərək, fərqi bir qədər də artırdı.

Bu qoldan sonra tam ruhdan düşən “Neftçi” matçın sonunadək daha 2 dəfə mərkəzə dəvət edildi. 77-ci dəqiqədə Abdullah Zubirin ötürməsini dəqiq tamamlayan Nəriman Axundzadə dublunu rəsmiləşdirdi. Yeri gəlmişkən, bu, gənc hücumçunun Premyer Liqanın cari mövsümündə 12-ci qolu oldu.

Matçda son nöqtəni isə Zubir özü qoydu. O, Mateus Silvanın hava ötürməsindən sonra topu başla tora qovuşdurdu. Beləliklə, “Qarabağ” cari mövsümdə “Neftçi” ilə keçirdiyi 6-cı oyununda da rəqibinə heç bir şans vermədi. Artıq “Neftçi” də, böyük ümidlərlə gətirilən baş məşqçisi Miodraq Bojoviç də Ağdam klubu ilə görüşlərdə böyükhesablı məğlubiyyətlərə vərdiş edib.

Fərdi səhvlərdən yararlanan “Zirə”

“Sumqayıt” və “Neftçi”nin xal itkisindən sonra “Zirə” üçün Tovuz səfərinin əhəmiyyəti ikiqat artmışdı. Rəşad Sadıqovun komandası “Turan Tovuz”u məğlub etməklə, ikinci yerə qayıda bilərdi. “Qartallar” bu fürsətdən istifadə edə bildilər.

Əslində, “Turan Tovuz” oyun baxımından rəqibinə uduzmadı. Sadəcə, buraxılan fərdi səhvlər tovuzlulara baha başa oturdu. 14-cü dəqiqədə İsmayıl Zülfüqarlının səhvindən sonra topu ələ keçirən Rəhim Sadıxov onu Rafael Utziqə ötürdü. Utziqin zərbəsinin qarşısı kəsilsə də, özünü yetirən Salifu Suma topu boş qapıdan keçirməkdə çətinlik çəkmədi.

Məğlubiyyətlə barışmayan “Turan Tovuz” 20-ci dəqiqədə hesaba tarazlıq gətirə bilərdi. Ancaq Ayxan Quseynov əlverişli mövqedən qapını dəqiq nişan almağı bacarmadı. Daha sonra Luis Paçunun başla zərbəsindən sonra “Zirə”nin qapıçısı Tiaqo Silva topu qapı xətti üzərindən çıxara bildi. Ev sahiblərinin cəhdlərinə baxmayaraq, fasiləyədək hesabı dəyişmək mümkün olmadı. Əvəzində ilk hissənin sonunda az qala “Zirə” ikinci qolu vuracaqdı. Ancaq Rəhim Sadıxovun zərbəsinin qarşısını dirək kəsdi.

İkinci hissəyə daha istəkli başlayan “Turan Tovuz” 53-cü dəqiqədə status-kvonu bərpa edə bildi. Xəyal Nəcəfovun əla hava ötürməsindən sonra Denis Marandiçinin zərbəsinin qarşısını qapı tiri kəssə də, qayıdan topu Fərid Nəbiyev boş qapıdan keçirdi.

Qoldan ruhlanan meydan sahibləri ikinci qol üçün irəli atıldılar. Ancaq hər şey “Turan Tovuz” üçün yaxşı keçdiyi bir vaxtda Ayxan Abbasovun komandası növbəti fərdi səhvin qurbanı oldu. Oyuna sonradan daxil olan Sezar Meza Kollinin 70-ci dəqiqədə uzaq məsafədən zərbəsi o qədər də təhlükəli alınmasa da, tovuzluların qapıçısı Aydın Bayramovun kobud səhvindən sonra top qapıya daxil oldu.

Bundan sonra “Turan Tovuz” nə qədər çalışsa da, növbəti dəfə hesabı bərabərləşdirmək mümkün olmadı. Beləliklə, “Zirə” vacib qələbə sayəsində turnir cədvəlində 2-ci pilləyə qayıtdı.

“Sabah”dan ardıcıl 4-cü qələbə

Son 3 turda qələbə qazanan “Sabah” uğurlu seriyasını “Araz-Naxçıvan”la matçda da davam etdirmək istəyində idi. Ötən tur Elmar Baxşıyevin rəhbərliyi altında ilk qələbəsini əldə edən Naxçıvan klubu da bu görüşə qalibiyyət üçün çıxmışdı. Amma “Sabah” meydan sahiblərinin ümidlərini 1-ci dəqiqədəcə puç etdi. Ayaz Quliyev təxminən 30-35 metrlik məsafədən möhtəşəm zərbə ilə topu rəqib qapısından keçirməklə mövsümün ən gözəl qolların birinə imza atdı.

Hesabda geri düşən “Araz-Naxçıvan” məğlubiyyətdən xilas olmaq üçün dərhal irəli atıldı. 9-cu dəqiqədə Miço Kuzmanoviçin yaxın küncə zərbəsində azacıq dəqiqlik çatışmadı. Bir dəqiqə sonra ev sahiblərinin müdafiəçisi Zamiq Əliyevin başla zərbəsindən sonra top tirdən qayıtdı. İlk hissə qonaqların hesabdakı üstünlüyü ilə nəticələndi.

Fasilədən sonra “Sabah” daha kəsərli oynamağa başladı. İkinci hissənin əvvəlində top cərimə meydançası daxilində “Araz-Naxçıvan”ın müdafiəçisi İqor Ribeyronun əlinə dəydiyi üçün qonaqlar penalti vurmaq hüququ qazandılar. Lakin topa yaxınlaşan Sofian Çakla rəqib qapıçı Kristian Avramla dueldən məğlub ayrıldı.

Qalan dəqiqələrdə hər iki komandanın təhlükəli hücumları, qol vəziyyətləri oldu. “Araz-Naxçıvan”ın məğlubiyyətdən xilas olmaq cəhdləri faydasız qaldı. Son dəqiqələrdə “Sabah”ın kəsərli əks-hücumları da oldu, amma oyunda hesab dəyişmədi. Əliyar Ağayevin final fiti “bayquşlar”ın ardıcıl 4-cü qələbəsini rəsmiləşdirdi.

“Səbail” avrokubok arzusuna çatmadı

Tura “Səbail” – “Qəbələ” matçı ilə yekun vuruldu. 5 qolun vurulduğu görüşdə 3 penalti təyin edildi. Hesabı meydan sahibləri açdılar. Referi Əli Əliyev “Qəbələ”nin müdafiəçisi Zurab Oçiqavanın cərimə meydançası daxilində rəqib futbolçu Adil Nağıyevə qarşı kobud oynadığını əsas gətirərək, qonaqların qapısına penalti təyin etdi. Aleksandr Ramalinqomun ilk zərbəsini “qırmızı-qaralar”ın qapıçısı Rəşad Əzizli dəf etsə də, hakim onun zərbədən əvvəl qapı xəttindən önə çıxdığını bildirərək, penaltinin yenidən yerinə yetirilməsini tələb etdi. Ramalinqom ikinci cəhddə şansı qaçırmadı və Premyer Liqanın cari mövsümündə vurduğu qolların sayını 14-ə çatdırdı.

Lakin ev sahiblərinin hesabdakı üstünlüyü cəmi 3 dəqiqə çəkdi. 20-ci dəqiqədə rəqibin cərimə meydançası daxilində qərarlaşan “Qəbələ”nin futbolçusu Osama Xalayla iki cəhddə topu qapıdan keçirməyi bacardı. Bu qoldan ruhlanan qonaqlar 32-ci dəqiqədə hesabda önə də keçdilər. Əyyub Allaş cərimə meydançası həndəvərindən fantastik zərbə ilə yaxın küncü dəqiq nişan aldı. Ancaq fasiləyədək hesab yenidən bərabərləşdi. Suleyman Alluşun ötürməsindən sonra top “Qəbələ”nin gənc futbolçusu İbrahim Ramazanovun əlinə dəydi və referi oyunda ikinci dəfə qonaqların qapısına 11 metrlik cərimə zərbəsi təyin etdi. Ağ nöqtəyə yaxınlaşan Pedro Nuno fürsəti boşa vermədi – 2:2.

Fasilədən sonra isə cəmi 1 qol vuruldu. Yadin Luqasinin cərimə meydançası daxilində Klesio Bauka qarşı kobud oynadığını əsas gətirən referi bu dəfə “Səbail”i penalti ilə cəzalandırdı. Osama Xalayla 11 metrlik cərimə zərbəsini qola çevirərək, matçda dublunu rəsmiləşdirdi və yekun hesabı müəyyənləşdirdi. Ancaq Kaxaber Sxadadzenin gəlişindən sonra qazanılan ilk qələbə çempionatı sonuncu pillədə bitirəcəyi dəqiqləşən “Qəbələ” üçün təsəllidən başqa bir şey olmadı. “Səbail” isə bu məğlubiyyətdən sonra avrokubok arzusunun üstündən xətt çəkdi.

AĞA

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla