"Z nəsli üçün hətta postsovet məkanında ən uğurlu islahatçı olan Mixail Saakaşvili də cəlbedici deyil"
"Çin-Rusiya yönümlü “Gürcü arzusu”nun “Rusiya qanunu”nu qəbul etmək cəhdinə qarşı Gürcüstan cəmiyyətinin möhtəşəm müqavimətində diqqət çəkən bir neçə önəmli məqam var. Həmin məqamlardan ən çox diqqət çəkəni müqavimətin hərəkətverici qüvvəsini Z nəslinin təşkil etməsidir". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli qeyd edib.
Politoloq hesab edir ki, Z nəslinin dəyərlər uğrunda belə qətiyyətli mübarizə aparması hökumətlə yanaşı müxalifət üçün də sürpriz olub: "Bu hadisəyə qədər ənənəvi müxalifət Z nəslinin ictimai-siyasi proseslərə maraq göstərmədiyindən şikayət edirdi. Z nəslinin meydana çıxması onu göstərir ki, gənclik ölkədə baş verən proseslərə etinasız deyil. Z nəsli sadəcə özündən iki nəsil əvvəlki X nəslinə aid siyasətçilərin yanında yer almır. Z nəsli üçün hətta postsovet məkanında ən uğurlu islahatçı olan Mixail Saakaşvili də cəlbedici deyil. Azərbaycanda isə təəssüf ki, bunun fərqində deyillər".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az