AZ

Regionlarda peyvənddən kənarda qalan uşaqların vaksinasiyası davam etdirilir

Avropa İttifaqının maliyyələşdirdiyi "Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı, Azərbaycan Respublikası Səhiyyə NazirliyiTƏBİB aprel ayının son həftəsindən başlayaraq Genişləndirilmiş İmmunizasiya Proqramının (GİP) 50-ci ildönümü və İmmunizasiya həftəsi ilə əlaqədar regionlarda peyvənddən kənarda qalan uşaqları vaksinasiyaya cəlb etməklə “sıfır” dozalı uşaqların sayını azaltmaq məqsədilə silsilə tədbirləri davam etdirir.
 
Bu xəbər Aztibb.az-a ÜST-nin Azərbaycan Nümayəndəliyindən verilib.
 
Ağdaş rayonunda başlayan kampaniya 6-10 may tarixlərində Şəki şəhərində və onun kəndlərində davam etdirilir. TƏBİB tərəfindən yaradılmış həkim briqadaları “TƏBİB hər evdə” şüarı ilə kəndlərdə səyyar xidmətlər həyata keçirir. Həmçinin paytaxtdan dəvət olunmuş pediatrlar peyvənd mövzusunda tərəddüd edən valideynlərlə maarifləndirici görüşlər keçirirlər.
 
Tibb işçiləri üçün təşkil olunmuş təlimdə iştirak edən ÜST-nin Azərbaycandakı nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Hande Harmancı 1974-cü ildə ÜST-nin təşəbbüsü ilə başladılan GİP-ə diqqət çəkərək, əldə edilən nailiyyətləri qeyd edib. Bildirib ki, proqram daha çox xəstəlik və daha geniş yaş dövrünü əhatə etməklə hər il 5 milyona qədər insanın həyatını xilas edir. Maraqlı tərəfdaşların və beynəlxalq təşkilatların birgə əməkdaşlığı ilə peyvəndlərin faydasından hər bir insanın yararlanmasını təmin edə bilərik. Peyvəndlər nəsillər boyu sağlamlığı qoruyur.
 
Görüşdə iştirak edən TƏBİB-in İlkin səhiyyə şöbəsinin müdiri Nəhmət Rəhimov peyvəndlə bağlı səylərin vacibliyini vurğulayıb: “Bu kampaniyanın əsas məqsədi uşaqların peyvənd təqviminə uyğun olaraq peyvəndlənməsi, vaksinasiyasından imtina edilmiş uşaqların sayının minimuma endirilməsi, vaksinasiya işində dayanıqlılığın təmin edilməsidir”.
 
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva isə ÜST-nin tövsiyələrinə uyğun Uşaqların İmmunizasiyası üzrə yeni Təlimat hazırlandığını və təsdiqlənməsinin yaxın günlərdə gözlənildiyini qeyd edib.
 
Kampaniyaya, həmçinin yerli icra qurumlarının nümayəndələri də cəlb edilib. Ümumilikdə, təlimlərdə immunizasiya ilə məşğul olan 100-ə yaxın həkim və tibb bacısı və 75 nəfər icma lideri iştirak edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
214
1
Mənbələr
Şərh ()
Bağla