AZ

Anar Bağırov: "Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar"

Son illər ölkəmizdə vəkillik sahəsində mühüm islahatlar aparılıb, vəkillərin sayı xeyli artıb. Həmçinin vəkil büroları müasirləşib, təkmilləşdirilib. Əsasən gənc hüquqşünaslardan ibarət gənc hüquq korpusu formalaşdırılır. Vəkillər Kollegiyası olaraq bizi Naxçıvan Muxtar Respublikasında vəkillik sahəsində inkişafın digər bölgələrə nisbətən daha ləng getməsi narahat edirdi. Lakin görülən tədbirlər nəticəsində son bir ildə Naxçıvanda bu sahədə mühüm irəliləyiş var.

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri muxtar respublikada səfərdə olan Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında söyləyib.

O deyib: “Məlum olduğu kimi, Şərur rayonunda vəkil bürosu açılmışdı. Bu gün isə Naxçıvanda Asan Vəkil Bürosu açılır. Sabah Naxçıvan şəhərində Ulu Öndər Heydər Əliyevin 101 illiyinə, eyni zamanda, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan böyük konfrans da keçiriləcək. Konfransda Naxçıvan Muxtar Respublikasının hüquq təsisatı müzakirə olunacaq. Məqsədimiz ondan ibarətdir ki, ölkəmizin bütün bölgələrində hər kəs yüksək hüquqi yardımla təmin olunsun. Onu da qeyd edim ki, son bir ildə Naxçıvan Muxtar Respublikasında aparılan islahatlar nəticəsində vəkillərin sayı sabahdan etibarən 100 faiz artacaq. Bu, çox ciddi irəliləyişdir”.

Anar Bağırov qeyd edib ki, gələcək üçün bir çox planlar var. “İstərdik ki, Naxçıvanın digər bölgələrində də vəkil büroları yaradılsın və respublika Vəkillər Kollegiyası bunun üçün dəstək göstərəcəkdir. Ümumiyyətlə, bu gün Naxçıvanda müşahidələr onu deməyə əsas verir ki, insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar. Keçən ildən etibarən hər ay muxtar respublika ərazisində vəkillər tərəfindən pulsuz hüquqi yardım aksiyaları keçirilir. Bu gün də belə aksiya təşkil olunub”, - deyə o bildirib.

Azərbaycan Vəkillər Kollegiyasının sədri onu da əlavə edib ki, iyun ayında Naxçıvan şəhərində Avropa Vəkillər Assosiasiyasının iştirakı ilə yerli vəkillər üçün təlimlər də keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
50
Mənbələr
Şərh ()
Bağla