AZ

Rusiya hökuməti istefa verəcək: Putinin siyasi komandasında YENİ SİMALAR…

Rusiya Prezidenti Vladimir Putin prezident seçkisində qalib gəldikdən sonra bu gün and içib və yeni dövrdə səlahiyyətlərinin icrasına başlayacaq. İnaqurasiya mərasimi Moskva vaxtı ilə saat 12:00 radələrində (Bakı vaxtı ilə saat 13:00-da) Kremldə baş tutub.

Gözlənilir ki, V.Putinin and içməsindən sonra indiki Rusiya hökuməti istefa verəcək. Maraqlıdır, təzədən formalaşacaq kabinetdə yeni simaları görmək mümkündürmü? V.Putin qarşıdakı illərdə kimlərlə birlikdə işləməyə davam edəcək? Hansı məmur özünü doğrultmadığı üçün vəzifəsi ilə vidalaşacaq? Bu barədə ehtimallar nələrdir?

Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, əslində bu andiçmə mərasimində Kremli maraqlandıran başlıca məqam Rusiyadakı prezident seçkilərinə dünyanın verəcəyi reaksiyadır.

Onun sözlərinə görə, bir çox ölkələr Rusiyadakı seçkiləri tanımaqdan imtina ediblər: “Bəzi ölkələr Rusiyadakı prezident seçkilərini tanımadıqlarını bəyan etsələr də andiçmə mərasimi öncəsi onlardan bir qismi əvvəlki mövqelərindən geri çəkilib. Buna misal olaraq ABŞ-ni göstərmək olar. ABŞ Dövlət Departamenti Vladimir Putinin prezidentliyinin legitimliyini artıq bəyan edib. Bu da olduqca mühüm məqamdır. Çünki dünya dövlətləri, o cümlədən ABŞ istər-istəməz Rusiya ilə anlaşmaq məcburiyyətindədir”.

Rusiya siyasi sistemində dəyişikliyin olub-olmamasına gəlincə, politoloq deyib ki, indiki müharibə şəraitində kabinetin tərkibinin yenilənməsi gözlənilən deyil: “İndiki müharibə şəraitində prezident Vladimir Putin dövlətin idarəçilik sistemində ciddi dəyişiklik etməyə cəhd göstərməyəcək. Çünki hazırkı situasiyada belə bir dəyişiklik müəyyən təhlükələr yarada bilər. Lakin ümumən yanaşsaq, Putinin siyasi komandasında hansısa dəyişikliyin olması ehtimalı var. Dünyada, o cümlədən də Rusiyada hər kəs yaxşı bilir ki, prezident Putinin siyasi sistemindəki yüksək vəzifəli məmurlar arasında rüşvət və korrupsiya həddindən artıq yayılıb. Bu yaxınlarda Rusiya müdafiə nazirinin müavininin korrupsiya ittihamı ilə həbs olunması deyilənlərə əyani misaldır. Ona görə də vəzifəsində özünü doğrultmayan, cəmiyyət tərəfindən korrupsioner məmur kimi tanınan şəxslərin Putinin yeni komandasında yer almamaq ehtimalı böyükdür”.

Ərtürk İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
50
Mənbələr
Şərh ()
Bağla