AZ

“Azərbaycan ərazisinə görə kiçik olsa da dünya mədəniyyətinin inkişafına daim öz töhfəsini verib”- Millət vəkili

“Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində 110 ölkədən nümayəndənin iştirakı Forumun önəmindən xəbər verir. Cənab prezident İlham Əliyevin vurğuladığı kimi hazırda dünyada baş qaldıran yeni münaqişələr və qeyri stabil vəziyyətin həlli məqsədi ilə artıq Azərbaycanın öz təcrübəsi var. Biz bu təcrübəni bütün dünya ilə bölüşə bilərik. Bu baxımdan “Bakı prosesi” mədəniyyətlərarası dialoqu təşviq edir. Bütün dünyanı sülhə çağırır”.

Bunu Editor.az-a açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan ərazisinə görə kiçik olsa da dünya mədəniyyətinin inkişafına daim öz töhfəsini verib:

“Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Bu gün bütöv Azərbaycan sözün həqiqi mənasında da bütöv bir ailədir. Çünki həmvətənlərimiz, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır. Biz 44 günlük Vətən müharibəsində də bütün dünyaya göstərdik ki, tarixi məqamda bütün vətəndaşlarımız Ali Baş Komandanımızın dəmir yumruğunun ətrafında birləşdi. Bu gün biz əminliklə deyə bilərik ki, multikulturalizm Azərbaycan vətəndaşları üçün həyat tərzidir. Azərbaycan xalqı bunu gündəlik həyatında nümayiş etdirir”.

Deputat qeyd edib ki, Mədəniyyətlərarası dialoq Azərbaycanda güclü şəkildə təşviq edilir: “Ölkəmizdə çoxsaylı tədbirlər təşkil olunur. Biz bu istiqamətdə də atdığımız unikal addımlarla dünyaya töhfə verə bilirik. Azərbaycan multikultural və tolerantlıq sahəsində dünyaya bir örnəkdir. Ölkəmiz çoxtərəflilik dəyərlərini 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatında 2019-cu ildən bu ilin əvvəlinə qədər fəal şəkildə təşviq edib. Bu gün də biz əksər dövlətlərdən fərqli olaraq heç bir dövlətlə düşmənçilik siyasəti aparmaq niyyətində deyilik. Azərbaycan həmişə sülh və sabitlik adası olaraq tanınıb. Cənab prezident dünyada ədalət carçısı kimi həmişə baş verən hadisələrə anında reaksiya verməyi bacarıb. Bunun bariz nümunəsini biz pandemiya dövründə də gördük. Azərbaycan məhz o ölkələrdən biri idi ki, fəal şəkildə peyvənd millətçiliyinə qarşı çıxış etdi, səsini qaldırdı və ucaltdı. Bu gün isə Azərbaycan dünyada baş qaldıran müstəmləkə siyasətinə qarşı inamlı addımlar atmaq niyyətindədir. Cənab prezidentin də vurğuladığı kimi yeni müstəmləkə tendensiyalarına qarşı mübarizə aparılmalıdır. İmkan vermək olmaz ki, indi – XXI əsrdə bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın”.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla