AZ

“Deputatlığa namizədlərimizi müəyyən edirik…Sədrlikdən getmək istəyirəm” –KXCP sədri Mirmahmud Mirəlioğlu /MÜSAHİBƏ

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Azərbaycandakı ictimai-siyasi proseslər, rəhbəri olduğu təşkilatın vəaliyyəti, iqtidar-müxalifət dialoqu, Ermənistanla sülh prosesi məsələləri ilə bağlı Azpost.info-ya müsahibə verib.

Müsahibəni təqdim edirik:

-Azərbaycanda ictimai-siyasi vəziyyəti necə qiymətləndirmək olar?

-Stabil demək olar. Bir qədər də qəribə vəziyyət var ki, bu, illərdir davam edir. Xüsusilə, son illər, 44 günlük müharibədən, ərazilərimiz işğaldan azadm olunandan sonra ictimai-siyasi vəziyyətdə yeknəsəklik var. Sanki hamı elə fikirləşir ki, hər şey həll olunub. Əslində isə əldə olunmuş qələbəni qoruyub-saxlamaq lazımdır. Mövcud problemlərin həllinə nail olmaq lazımdır. Daxili problemlər içərisində korrupsiyadır, əhalinin sosial-iqtisadi vəziyyətidir, bahalaşmadır, təhsildəki, səhiyyədəki acınacaqlı vəziyyətdir, həllini tapmalıdır. Bir yeknəsəklik, durğunluq mövcuddur. Elə vəziyyət yaranıb ki, guya hər şey əladır, ancaq tərifləmək lazımdır. Lakin bu, belə deyil. Daxili problemlərimizin həllinə köklənilməlidir.

-Rəhbəri olduğunuz KXCP hazırda nə işlə məşğuldur və qarşıya hansı hədəflər qoyulub?

-Partiya yaranan gündən bizim hədəfimiz bəllidir. Bütöv Azərbaycan məsələsi KXCP üçün əsas ana xəttdir. Ən mühüm hədəfimiz də məhz Bütöv Azərbaycandır. Bizim yaşadığımız dövrdə işğal olunan ərazilərimizin qaytarılması uğuru öz yerində, amma bizə qədər də işğal olunmuş ərazilərimiz var. Dərbənddən Kəngər körfəzinədək Azərbaycan ərazisidir və onun böyük hissəsi hələ də işğal altındadır. Hesab edirəm ki, hədəflərimizə doğru əzmkarlıqla irəliləməliyik. Düşünürəm ki, Bütöv Azərbaycan uğrunda hər kəsin imkanlarından, enerjisindən istifadə etmək lazımdır. Bu məsələ iqtidar, yaxud müxalifət məsələsi deyil, xalqın məsələsidir.

-Sizcə indi KXCP-nin Azərbaycan siyasi müstəvisində yeri haradadır?

-Biri var KXCP-nin siyasi yerini biz deyək, bir də var ümumi cəmiyyət desin. Biz hesab edirik ki, KXCP cəmiyyətdə milli, demokratik düşərgədə öz yeri olan, öz  mövqeyi ilə seçilən böyük bir partiyadır. İdeallarımıza çatmaq üçün də bütün vasitələrdən istifadə edirik, etməyə də hazırıq. Bir çox tələblərimiz, arzularımız var ki, onların əksəriyyəti yerinə yetirilib, qalan problemlər də çoxdur. Düşünürəm ki, hədəflərə doğru irəliləməliyik.

-Mərkəzi Seçki Komissiyasının sədri bu günlərdə parlament seçkilərinin bu il ərzində keçiriləcəyinin anonsunu verdi. KXCP ötən seçkilərdə iştirak etmədi, bu seçkilərdə iştirak planınız varmı?

-MSK sədrinin açıqlaması həm də vəziyyətə uyğun olaraq, cəmiyyətə bir mesaj xarakteri daşıyır. Amma qeyd edim ki, partiyaların nizamnaməsi, məramnaməsi tələb edir ki, seçkilərə qədər də, seçkilərin səhərindən etibarən də fəaliyyət yeni seçkiyə hazırlaşmaq olsun. Bu, qaydadır. KXCP-nin daimi seçki qərargahı var. Bu qərargahın fəaliyyətinin gücləndirilməsi ilə bağlı sonuncu qurultayda – 2023-cü ilin 23 dekabrında qərar qəbul edilib. Bu istiqamətdə də addımlar atılır, konkret proqram mövcuddur. Növbəti parlament seçkiləri üçün namizədlərimiz müəyyənləşməkdədir. Ölkədə seçkilər barədə qərar qəbul olunanda, vaxtı bəlli olanda KXCP Ali Məclisi toplaşacaq, müvafiq qərar verəcək. Həmin qərara uyğun olaraq da addım atılacaq.

-Sizin özünüz deputat olmaq istəyirsinizmi?

-Təvazökarlıqdan uzaq olsa da deyim ki, mənim deputatlığa namizədliyim hər zaman müzakirə mövzusu olub. Ona görə ki, vaxtilə mən deputat mandatından imtina etmişəm. Amma onu da deyim ki, bu imtinadan sonra da bir neçə dəfə parlament seçkilərində namizəd olmuşam. 2005-ci il seçkilərində, 2006-cı ildəki təkrar seçkilərdə, 2010 və 2015-ci il seçkilərində namizədliyimi irəli sürmüşəm, marafonda iştirakım olub. Həmin seçkilərdə nailiyyətlərim olub, az qala namizədliyimi də təsdiq edirdilər. Namizədliyim təsdiq olunmasa da, növbəti addımları atmışıq, məhkəmə instansiyalarının, Avropa İnsan Haqları Məhkəmələrinin qərarları verilib. 2020-ci ilin fevral ayında keçirilən növbədənkənar parlament seçkilərində partiyamız iştirak etməmək qərarı verdi, mən də bu qərara uyğun şəkildə namizəd olmadım. Növbəti seçkilərlə bağlı Ali Məclis hansı qərarı verəcəksə, ona uyğun da addım atacağam.

-Müxalifət-iqtidar münasibətləri indi hansı səviyyədədir? Bir müddət əvvəl intensiv dialoq var idi, indi proses sanki səngiyib…

-Dialoq prosesi 2018-ci ildə start götürdü. 2019-cu ildə də dialoq davam etdi. 44 günlük müharibədən əvvəl və sonra proses daha intensiv xarakter daşıdı. Bəlli oldu ki, bu, həm də hakimiyyətin savaşa hazırlığı imiş. Yəni ümummilli birlik əldə olunsun deyə, bu kurs götürülüb ki, hesab edirəm ki, bu, təqdir ediləsi məsələdir. Bütün hallarda, biz milli maraqlar naminə birləşə bildiyimizi göstərdik. Düzdür, bəziləri bu prosesə dodağını büzdü, rişxənd etdi. Amma biz dialoqun olmasının vacib və gərəkli olduğunu düşünürük. Bu və ya digər problemlərin həlli üçün hakimiyyətə müraciətlərimizi edirik. Hətta partiyaya aid olmayan müraciətlər var ki, onları da hökumətin diqqətinə çatdırırıq. Bu o deməkdir ki, dialoq davam edir. Ayrı-ayrı dövlət qurumlarına, Milli Məclisə, Prezidentə müraciətlərimiz olur ki, bu da dialoqun bir növüdür. Bəli, müraciətlərə hansı cavab verilir, problemlər müsbət həllini tapır, yoxsa yox, bu, məsələnin başqa tərəfidir. Amma dialoq davam edir və düşünürəm ki, etməlidir. Daxildə məsələlərimizi həll etməliyik. Beynəlxalq qurumlara müraciət edənədək öz ölkəmizdəki prosedurlardan keçməliyik. Ola bilər ki, müsahibəni oxuyan adamlardan bəziləri rişxəndlə deyəcəklər ki, iqtidar-müxalifət dialoqunun yeni forması tapılıb. Amma düşünürəm ki, bu, doğru yoldur, inkişaf etdirilməlidir. Müraciətlər, münasibətlər, dialoqda söylənilən fikirlər, təkliflər havada qalmamalıdır, həllini tapmalıdır. Nəhayət, Azərbaycanda normal ictimai münasibətlər formalaşmalıdır. Başqa yolumuz yoxdur.

Bu gün özünü sabiq Prezident, mərhum Əbülfəz Elçibəyin siyasi varisi hesab edən təşkilatlar, şəxslər çoxdur. Siz özünüzü Elçibəyin siyasi varisi hesab edirsinizmi?

-KXCP yeganə təşkilatdır ki, Elçibəyin siyasi kursunu, siyasi baxışlarını, ideyalarını fəaliyyətində rəhbər tutur. Mərhum liderimizin siyasi baxışlarını da doğru sayırıq, bu istiqamətdə siyasətimizi, mübarizəmizi aparırıq. Sonadək də bu, belə olacaq. Bizim hətta qurultaylarımızın qərarlarında AXC-nin AXCP-yə, AXCP-nin KXCP-yə çevrildiyi qeyd olunur. Nizamnaməmizdə də bu, təsbit olunub. Ona görə də biz Elçibəyin həm mənəvi, həm də hüquqi varisiyik, özümüzü  də belə hesab edirik. Bu məsələdə kimsə bizimlə opponentlik edə bilməz. Əməllərimiz bunu sübut edir.

– İsa Qəmbərin yenidən Müsavat Partiyasının başqanlığı postuna qayıdışına münasibətiniz necədir?

-Normal baxıram. Hesab edirəm ki, kimi başqan seçmək Müsavat Partiyasının üzvlərinin işidir. Yəni ki, bu, partiyadaxili məsələdir. İsa bəyə də başqanlıq fəaliyyətində uğurlar arzulayıram.

-Sizin KXCP sədrliyində nə qədər qalmaq niyyətiniz var?

-Mənim KXCP-də sədr postundan getmək niyyətim çoxdandır var. Bunu da dəfələrlə elan etmişəm. 2022-ci ildə keçirilən qurultayda sədrliyə namizədliyimi irəli sürməmək barədə fikir mübadiləsi olub, qurultayın Təşkilat Komitəsinə bu istəyimi bildirmişəm. Amma sədr postuna namizədliyini verən, sahib duran olmayıb. Hamı yekdilliklə deyib ki, mən sədrliyə namizəd olmalıyam. Hətta bəziləri namizədliyimi irəli sürməsəm bunu xəyanətə bərabər sayacağını bəyan edib. Bu gün də KXCP sədrliyindən getməyə hazıram. Yeni sədrə də həm səs verməyə, həm də dəstək verməyə hazıram. Yəni ki, bu məsələdə heç bir problem yoxdur. Mənim getməyimi və yeni sədrin gəlməyini qəbul etmək lazımdır. Lakin bunu təşkilat, partiya üzvləri qəbul etməlidir. Təəssüflər olsun ki, hələlik bu arzuma çata bilmirəm.

– Qarabağın işğaldan azad edilməsi sizin həyatınızda və siyasi fəaliyyətinizdə nələri dəyişdi?

-Bizim şəxsi olaraq, xüsusi olaraq müraciətlərimizdə hər zaman şəhidlərimizin qisasının alınması ön planda olub. Allah şəhidlərimizə rəhmət eləsin. Arzumuz, duamız şəhidlərimizin qisasının Allahın bizə nəsib etməsi olub. Bu gün də bunu deyirik. Mənə haqlı olaraq deyirlər ki, axı biz şəhidlərin qisasını aldıq. Bəli, razıyam. Amma qisas həm də o zaman alınacaq ki, ölkəmizdə korrupsiya olmayacaq, qanunlar işləyəcək, şəhid ailələrinin problemi olmayacaq. Bütün şəhid ailələrinin, qazilərimizin qayğısı, problemi olmamalıdır. Həm də təkcə şəhid ailələrinin, qazilərin yox, bütün vətəndaşların problemi həllini tapacaq, firəvan yaşayış təmin ediləcək. O zaman şəhidlərimizin ruhu şad olacaq.

-35 il əvvəl Qarabağla başlayan siyasi eranın bitməsi barədə qənaətləri bölüşürsünüzmü?

-Əlbəttə, Qarabağın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası böyük nailiyyətdir. Bu, bir çox dəyişiklikləri zəruri etdi. Lakin əvvəldə də dediyim kimi, problemlərimiz var, qalıb və bunların həlli olmalıdır. Ona görə də, siyasi eranın bitdiyini emək doğru deyil. Sadəcə yeni siyasi konfiqurasiya yaranıb. Biz də siyasi fəaliyyətimizi bu istiqamətə kökləmişik. Bizim hədəfimiz qalan problemləri həll etməkdir. Hər kəs bunun üçün əlini daşın altına qoymalıdır. Böyük hədəflərimiz isə Bütöv Azərbaycandır. Hesab edirəm ki, Bütöv Azərbaycan məsələsini dövlət siyasətinə çevirmək lazımdır. Arzumuz budur ki, hər kəsə Allah Bütöv Azərbaycan vətəndaşı olmağı nəsib etsin.

Hazırda Azərbaycanla Ermənistan arasında sülh sazişi məsələsi ətrafında intensiv müzakirələr gedir. Sizin siyasi şəxs, partiya sədri olaraq sülh müqaviləsi ilə bağlı mövqeyiniz nədir?

-Biz indi aparılan sülh danışıqlarının detallarını bilmirik. Düşünürəm ki, detallar ictimaiyyətə açıqlanmalıdır. Əsas ciddi tələb odur ki, Azərbaycan o qədər də sülhün tərəfdarı, sülhün hədsiz təbliğatçısı olmamalıdır. Diplomatik danışıqlarda bir dəfə, iki dəfə sülhə çağırış edirsən, konkret təkliflərini verirsən, vəssalam. Biz qalib tərəfik. Demirik ki, Ermənistan kapitulyasiyaya imza atıb?! O zaman kapitulyant sülhü daha çox istəməlidir. Sülhün təbliğatçısı rolunda daha çox qarşı tərəf, Ermənistan çıxış etməlidir. Məğlub tərəf sülhə daha çox meyilli olmalıdır. Amma gördüyümüz odur ki, 10 noyabr 2020-ci ildə imzalanan Üçtərəfli Birgə Bəyanatın bəndlərini yerinə yetirə bilmirik. Bu, belə olmamalıdır.

-Söhbət hansı bənddən gedir?

-Məsələn, Zəngəzur dəhlizi açılıbmı? Yox. Həmin Bəyanatda Qazaxın 7, Naxçıvanın Kərki kəndinin qaytarılması əksini tapmışdı. Bir neçə saat sonra həmin bənd Kremlin saytından çıxarıldı. Adını da qoydular ki, kəndlərin qaytarılması bəndinin çıxarılması saytın öz fəaliyyətinin nəticəsidir. Əslində isə bu, Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə edildi və Rusiya dövlətinin siyasəti budur. Həmin vaxtdan 4 il keçəndən sonra Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb. İşğalda qalan 4 kəndin məsələsi isə sanki unudulur. Həmin kəndlər anklav, eksklav olsa da, bunun da səbəbi var axı… O kəndlər ona görə anklav olub ki, oradakı azərbaycanlıları vaxtilə ərazidən çıxarıblar, erməniləri yerləşdiriblər. Biz də orada mühasirədə qalmışıq. Bunlar ciddi məsələlərdir və hesab edirəm ki, sadəcə deyiləsi yox, tədris olunası, dövlət siyasətində prioritet kimi qoyulası məsələdir.

Sülh sazişinə gəlincə, düşünürəm ki, hələ bir müddət də müqavilənin imzalanması prosesi uzanacaq. Çünki yeni addımlar olacaq və bu, yeni şərtlər yaradacaq. Mənim yanaşmam belədir ki, Ermənistan bizim ərazimizdə, bizim razılığımızla 9 min kvadrat kilometr ərazidə yaradılıb. 29 yox, 9 min kvadrat kilometr ərazini nəzərə alınmalı və sülh sazişi elə imzalanmalıdır. Yerdə qalan 20 min kvadrat kilometr ərazimiz özümüzə qaytarılmalıdır. Bu olmasa, yenə də gələcəkdə problem yaşayacağıq. Bizdən sonrakı nəsilə problemi saxlamaq olmaz. Bizim indi imkanımız var ki, gələcək nəsillərə problem qoymayaq. Əgər problem qalarsa, indi biz keçmiş nəslin nümayəndələrini tənqid etdiyimiz, Xalq Cümhuriyyətinin qurucularını ittiham etdiyimiz, Zəngəzuru, Göyçəni verməkdə günahlandırdığımız kimi, onlar da bizi günahlandıracaqlar. Elə etməliyik ki, gələcək nəsil deməsin ki, 2020-2025-ci illərdə rəhbərlərimiz problemi kökündən həll etməyiblər, bizə problem qoyublar. İndi fürsətimiz var ki, bu problemi həll edək. SSRİ Mərkəzi Komitəsinin Bürosunun Zəngəzurun ermənilərə verilməsi barədə qəbul etdiyi qərarın heç bir hüquqi əsası yoxdur. Azərbaycan tərəfi, hökumətimiz o şansa malikdir ki, bu ərazilərimizi qaytarsın. O zaman oturub sülh sazişi imzalamaq olar. 20 min kvadrat kilometr ərazi sahibinə – Azərbaycana qaytarılmalıdır.

Anar ABDULLA

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
Mənbələr
Şərh ()
Bağla