AZ

Naxçıvana qədər uzanacaq yoldan görüntülər - VİDEO

Tural İSMAYILOV

Neoimperializmin qanlı-qadalı işğal və qəsb siyasəti bu gün dünyanı cənginə alan bir hadisə deyil. Qəsb və işğalçılıq uzun əsrlər boyu Şərqin dəyərlərinin istismarına, uzun və sonu gəlməz bəlalara səbəb oldu. Bu gün isə hərbi qəsbkarlığı siyasi xaosla əvəzləmək istəyən şəbəkələr beyinləri, milli məfkurələri və ideyaları yad düşüncə sistemləri ilə işğal etməyə çalışır. Qərbin şəbəkələri bu fəaliyyətində bütün ağlasığmaz neqativ tendensiyalardan istifadə etməyə çalışır.

Ermənistanın beynəlxalq hüququ heçə sayan 30 illik işğal faktoru dünyanın ədalətdən danışan böyük güc mərkəzlərinin cılızlığını bir daha nümayiş etdirdi. Azərbaycanın sülh çağırışları beynəlxalq hüququn prinsipləri ilə üst-üstə düşsə də, neoimperialist istismarçı mərkəzlər erməni lobbilərini “bəsləyərək” kini, etnik dözümsüzlüyü və faşizmi təşviq etdilər.

Beynəlxalq Müharibə Hüququ (və ya Beynəlxalq Humanitar Hüquq) dövlətlər arasında silahlı münaqişələr zamanı tətbiq olunan hüquqi qayda və prinsipləri tənzimləyən hüquq sahəsidir. Bu qanunun əsas məqsədləri müharibənin insan və əmlak itkilərini minimuma endirmək, insan hüquqlarını qorumaq və müharibənin təsirlərini məhdudlaşdırmaqdır.

İşğaldan azad edilən ərazilərdə ortaya çıxan çoxsaylı faktorlar Ermənistanın təkcə işğalçılıq etmədiyini, həm də ekoloji, mədəni və sahələrdə dövlət səviyyəsində cinayətlər etdiyini nümayiş etdirdi.

Müharibə hüququ humanitar hüququn əsas prinsiplərini əks etdirən bir sıra qaydalardan ibarətdir. Bu qaydalar müharibə zamanı hərbi fəaliyyəti tənzimləmək və müharibənin təsirlərini məhdudlaşdırmaq üçün yaradılıb.

Ermənistanın Azərbaycan ərazilərini işğal edərkən Xocalıda, Ağdabanda, Başlıbeldə, Meşəlidə, Bağanıs Ayrımda törətdiyi qətliamlar isə hələ də beynəlxalq hüquqda öz qiymətini almamış faciələrdir.

Yəni, işğalçılıq özü bir cinayət və qlobal həmrəylik tələb edən hadisədirsə, işğal dövründə törədilən ayrı-ayrı cinayətlər də beynəlxalq məhkəmə çəkişmələrinə səbəb olmalıdır.

Hərbi zərurət prinsipi vurğulayır ki, müharibə zamanı hərbi hərəkətlər hərbi məqsədlərlə məhdudlaşmalıdır. Müharibə edən tərəflər mülki əhaliyə və ya mülki infrastruktura lazımsız zərər vurmamağa və mülki şəxslərin müdafiəsinə xüsusi diqqət yetirməlidirlər.

Azərbaycan öz ərazi bütövlüyün təmin edən və sülhə məcburetməni ehtiva edən əməliyyatlarda bu prinsipləri tam qorudu. 90-cı illərdə Ermənistan bütün beynəlxalq hüquq prinsiplərini tapdalasa da, indiyə kimi nə bu hadisələr, nə də 44 günlük Vətən müharibəsi dövründə Gəncə, Bərdə, Tərtərdə mülki əhalimizə qarşı edilən hücumlara görə sanksiyalara məruz qalmayıb. Azərbaycan bütün separatçıları bu gün hüquqi faktlar qarşısında qoyaraq siyasi mərkəzlərin hüququ oyuncağa çevirmək tendensiyasını da bitirir.

Müharibə qanunu müxtəlif sahələrdə müharibənin təsirini məhdudlaşdıran və humanist yanaşmanı təşviq edən müxtəlif məhdudiyyətləri ehtiva edir. Diplomatik həllər, sülh danışıqları və beynəlxalq müqavilələr müharibənin qarşısını almaq üçün məhdudiyyətlərin bir hissəsini təşkil edir. Diplomatik həll yolları tükəndikdə isə dövlətlərin hərb yolu sülhə məcburetmə əməliyyatları keçirmək hüququ mövcuddur. Beynəlxalq hüquq hər bir dövlətin öz suveren hüquqlarını qorumaq niyyətlərini əsla əngəlləmir və əngəlləyə də bilməz.

Beynəlxalq hüquq doktrinasında uzun müddətdir müzakirə olunan “ədalətli müharibə” anlayışı əslində dövlətlərin beynəlxalq hüququ pozduqları təqdirdə pozuntuya son qoymaq və pozanı cəzalandırmaq hüququna aiddir. Bu kontekstdə silahlı qüvvədən istifadə dövlətin məsuliyyətini gündəmə gətirir. Lakin 1945-ci ildən sonra qurulan yeni dünya nizamı ilə bütün dövlətlərin beynəlxalq hüququn pozulmasına qarşı silahlı güc tətbiq etmək hüququ bəzən yanlış şərhlərə məruz qaldı.

Hərbi cinayətlər Beynəlxalq Cinayət Məhkəməsinin 2002-ci ildən qüvvədə olan Statutunun 8-ci maddəsində tənzimlənir. Ermənistan və onun cinayətkar havadarları Azərbaycanın sülhə məcburetmə əməliyyatları nəticəsində işğaldan azad edilən bölgələrdə ortaya çıxan cinayət faktlarından diqqəti yayındırmaq üçün əlindən gələni edərək Azərbaycana qarşı böhtanlar atmağa çalışır.

Humanitar hüquq insan əzabını minimuma endirmək məqsədi daşıyır. Bunun üçün müharibə mümkün qədər humanist və nizamlı olmalıdır. Bu məqsəd əsrlərin əməyinin məhsulu kimi Cenevrə Konvensiyalarının əlavə protokollarında öz əksini tapmışdır.

Müharibələrin gətirdiyi ağrılar, dağıntılar insanların, təbiətin, mədəni irsin üzərindədir. Qızıl Xaç Cəmiyyətinin hazırladığı və Cenevrə Konvensiyaları olaraq da bilinən konvensiyalar humanitar hüququn ən mühüm mənbələridir. Qızıl Xaç Cəmiyyətinin rəhbərliyi ilə müvafiq olaraq 1864, 1906, 1929 və 1949-cu illərdə dörd Konvensiya qəbul edilmiş, 12 avqust 1949-cu ildə isə həmin tarixə qədər qəbul edilmiş konvensiyalar yenidən təşkil edilərək sistemləşdirilmiş və dörd ayrı Cenevrə Konvensiyası kimi qəbul edilmişdir.

Azərbaycan 27 sentyabrda başladığı əməliyyatlarla bəlkə də dünyada yeganə haqlı müharibə hüququnun necə olduğunu sübut edən ölkədir.

Azərbaycan əməliyyatlarda bütün beynəlxalq hüquq prinsiplərinə əməl edərək müharibənin nəticəsində beynəlxalq hüquq təmin etmiş oldu.

Humanitar Qanun mülki şəxslərin zərər görməsinin qarşısını almaq və müharibə şəraitində onların əziyyətini minimuma endirmək üçün qaydalar tətbiq edib. Cenevrə Konvensiyalarının 4-cü hissəsi mülki əhalinin hüquqlarına xasdır. Azərbaycan sülhə məcburetmə əməliyyatları ilə bir nəfər də olsa mülki əhaliyə heç bir xəsarət yetirməyərək beynəlxalq hüquqa olan və humanizmə olan sadiqliyini nümayiş etdirdi.

BMT Nizamnaməsinin 7-ci bölməsidə, konkret olaraq 42-ci maddədə göstərilir ki, “Təhlükəsizlik Şurası 41-ci maddədə nəzərdə tutulan tədbirlərin kifayət olmadığı ehtimal olunduğu halda və ya artıq kifayət olmadığınını hesab etdikdə, o, beynəlxalq sülh və təhlükəsizliyi qorumaq və ya bərpa etmək üçün hava, dəniz və ya quru qoşunları tərəfindən zəruri ola biləcək tədbirləri görməyə səlahiyyətlidir”. Təhlükəsizlik Şurasının bunu tətbiq etmədiyi hallarda dövlətlərin özləri bunu edərək ədaləti təmin etmiş olurlar.

Azərbaycanın qazandığı zəfər bu baxımdan da vacib və əhəmiyyətlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla