AZ

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Bakı, 7 may, AZƏRTAC

Mayın 7-də Azərbaycan Tibb Universitetində (ATU) “Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən ATU-nun rektoru professor Gəray Gəraybəyli dünyada tibbi texnologiyanın və müalicə metodlarının sürətlə inkişaf etməsinə baxmayaraq, hələ də təbabətdə həllini gözləyən çoxsaylı problemlərin mövcudluğunu, onların həlli yollarının axtarılmasının tibb elm adamları və mütəxəssislərini daim düşündürdüyünü bildirib. Qeyd olunub ki, bir çox xəstəliklərin erkən proqnozlaşdırılması, diaqnostikası və müalicəsi kompleks müalicə metodları ilə yanaşı, yeni texnologiyalar sayəsində daha sürətli və etibarlı üsulların tətbiqi ilə həyata keçirilə bilir. Bu baxımdan müasir müalicə metodlarının multidisiplinar müzakirəsi olduqca aktualdır: “Həyata keçirilən konqresin tibb elm adamları, müxtəlif ixtisasların mütəxəssisləri, həkim, rezidentlər, tibb təhsili alan tələbələr üçün nəzəri və praktik əhəmiyyət daşıyacağı şübhəsizdir. Təşkilat komitəsi günümüzdə elmi və praktik ehtiyacların ödənməsi üçün müasir texnologiyaları, müalicə metodlarını, yanaşmaları müzakirə etməyi qarşıya məqsəd qoyub. Bunun üçün konqresdə təbabətin müxtəlif sahələrində aktual olan bir çox problemlərin həlli yolları haqqında tibb alimləri və mütəxəssislər tərəfindən elmi məruzələr təqdim olunacaq”.

Konqresdə, həmçinin Səhiyyə Nazirliyinin nümayəndəsi, Yeditepe Universiteti Süni Mayalanma Mərkəzi, Qadın xəstəlikləri və Doğum kafedrasının müdiri professor Erkut Attar, Harran Universiteti Tibb Fakültəsi Ümumi Cərrahiyyə və Cərrahi Onkologiya kafedrasının müdiri, Türk Cərrahi Dərnəyinin həmsədri professor Ali Uzunköy, Memorial Ankara Xəstəxanası, Orqan Transplantasiyası şöbəsinin müdiri professor Acar Tüzüner, Özbəkistan Respublikası Səhiyyə Nazirliyinin baş neyrocərrahı, Neyrocərrahiyyə Mərkəzinin direktoru professor Qayrat Kariev və digərləri çıxış ediblər. Onlar qeyd ediblər ki, ölkənin səhiyyə sisteminin müasir və beynəlxalq çağırışlar fonunda inkişaf etdirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu istiqamətdə görülən işlər arasında səhiyyə infrastrukturlarının təkmilləşdirilməsi, səhiyyə işçilərinin ixtisaslaşması, müasir texnologiyaların tətbiqi və vətəndaşların sağlamlıq xidmətlərinə bərabər çıxışının təmin edilməsi kimi tədbirlər yer alır. Eyni zamanda, səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması və qlobal səviyyədə ən yaxşı təcrübələrin ölkəyə gətirilməsi də mühüm rol oynayır. Dövlətlər bu sahədə həm ölkə daxilində, həm də beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək səhiyyə sistemini daha da gücləndirmək üçün tədbirlər həyata keçirir.

“Təbabətin aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konqres işini plenar sessiyalarla davam etdirir.

Qeyd edək ki, tədbirdə Türkiyə, Özbəkistan və digər ölkələrdən qonaqlar iştirak edirlər.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla