AZ

COP29-a ev sahibliyi: qazancımız və məsuliyyətimiz nədir?

Bu il Azərbaycan COP29 kimi böyük və vacib tədbirə ev sahibliyi edəcək. Bu, ilk növbədə Azərbaycana olan inam və etimadın, habelə Azərbaycandakı sürətli inkişafa, aparılan islahatlara, görülən işlərə verilən beynəlxalq qiymətdir. Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməyi mühüm əhəmiyyət kəsb edir və belə tədbirin ölkəmizdə keçirilməsi çox vacibdir. Həm ölkəmizin beynəlxalq nüfuzu baxımından, həm yeni iqtisadi layihələr baxımından həm də yeni tranzit imkanları baxımından. Bu, real faktdır, sözgəlişi sözlər deyil. Bu gün hər kəsin qəbul etdiyi həqiqət və reallığıq isə budur: Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır.

Yenə deyirəm, bunlar sadəcə xoşagəlimlilik üçün söylənilən standart cümlələr deyil, real mənzərinin güzgüsüdür. Bütün bunlar həm də aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümunəsidir. Bu gün ölkəmiz artıq COP29-a hazırlığın fəal mərhələsindədir. İndi gələk COP29 barədə əsas məsələyə. Bu beynəlxalq tədbirdən gözləntilərimiz nədir, qazancımız və məsuliyyətimiz nədir?

Bəli, COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq. Daima iqtisadi və siyasi mənada olduqca vacib platforma, əlaqə mərkəzi kimi sayılan Azərbaycan, son illərdə ən önəmli iqtisadi layihələr üçün açar rolunu oynayıb. Məlumdur ki, güclü enerji resurslarına, nef və qaz ehtiyatlarına sahib olan Azərbaycan bu gün Avropa üçün də ən önəmli enerji tərəfdaşı və enerji transfarmatorudur. Vladimir Putinin hər il Avropa qitəsini soyuqdan dondurduğu bir vəziyyətdə Bakı nefti və qazı ən güclü iqtisadi silah kimi gündəmdədir. Hər kəs, - istər avropalısı olsun, istər bir başqa qitə - Azərbaycanın enerji tərəfdaşı olmaq üçün can atır. Böyük enerji resurslarına sahib olan bu odlar yurdu ölkəsi həm də əməkdaşlıq və yeni imkanlar üçün cazibə mərkəzidir.

Bu, həmçinin böyük məsuliyyətdir. Əlbəttdə Azərbaycanın bu ilin noyabr ayında COP29-a ev sahibliyi qlobal miqyasda ölkəmizin güclü diplomatiyasının və çoxtərəfli danışıqlar zamanı etibarlı tərəfdaş nüfuzunun təsdiqidir. Bundan əvvəl Azərbaycan BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi nüfuzlu beynəlxalq təsisatlarda uğurla sədrlik etmişdir. Azərbaycanın ayrı-ayrı dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafı ev sahibliyi etdiyi tədbirlərin yüksək səviyyədə keçirilməsində də öz sözünü deyir.

Daha bir məqama diqqət yetirək. COP29-a ev sahibliyi barədə qərarın qəbul olunmasında iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində Azərbaycan dövlətinin apardığı məqsədyönlü siyasətin də böyük rolu vardır. Prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə 2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ətraf mühitin qorunmasına böyük diqqət və həssaslıqla yanaşmanın göstəricisidir. Məlum olduğu kimi, Azərbaycanda “yaşıl enerji” istehsalının inkişafı perspektivləri regional və beynəlxalq əhəmiyyət daşıyan tədbirlərdə geniş müzakirə olunur.
Məsələn, 2024-cü il martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib. Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat və 44 şirkətin təmsil olunduğu tədbirdə “yaşıl enerji” sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb. Cənub Qaz Dəhlizi “yaşıl enerji” sahəsində vacib əməkdaşlıq platforması kimi çıxış edir. Bu layihə çərçivəsində “yaşıl hidrogen”lə bağlı ölkələrarası dialoq mühüm əhəmiyyət kəsb edir ki, bu da təsadüfi deyildir. Çünki “yaşıl hidrogen” istehsalı yeni iqtisadi imkanlar yaratmaqla, enerji sektorunda innovativ texnologiyaların tətbiqini sürətləndirir.

Daha bir fakt da diqqətdən qaçmır ki, Azərbaycan 2030-cu ilədək bərpaolunan enerji həcminin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması ilə bağlı qlobal təşəbbüsə qoşulub. Bütün bu qanunvericilik və institusional tədbirlər Azərbaycanın bütün dünyanın diqqət mərkəzində olan “yaşıl enerji”yə keçid strategiyasını reallaşdırmaq üçün mühüm tədbirlərin hamısını həyata keçirmək istiqamətində çalışdığını sübut edir.

Gələk ölkəmizin iqtisadi inkişafı ilə bağlı hissəyə. Sosial-iqtisadi inkişafımızın yüksək göstəricilərlə ifadə edilməsi ölkəmizin iqtisadiyyatını düzgün əsaslar üzərində qurduğunu təsdiqləyir. Hər kəsə aydındır ki, Azərbaycan neft və qazla zəngin ölkə olmasına baxmayaraq yaşıl enerjiyə keçidi prioritet məsələ kimi öndə saxlayır. Bu mənada COP29 bir daha Azərbaycanın bu sahədə imkanlarını dünyaya təqdim edəcək. Cənab Prezident İlham Əliyevin də bildirdiyi kimi, “COP29-asədrliyimizə nəinki özümüzü nümayiş etdirmək, həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq. Əslində, bu vacibdir. Biz buna həm də ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi baxırıq.”

Daha bir məqam xüsusilə qeyd olunmalıdır ki, COP29 üç Cənubi Qafqaz ölkəsi arasında ən azı məsləhətləşmələri aparmaq üçün fürsət yaradacaq və gələcək əməkdaşlıq üçün yol açacaq. Hazırda unikal şans yaranıb. Çünki COP29 həm də bölgədə tamamilə yeni münasibətlərin və yanaşmaların ortaya çıxması baxımından da qiymətli tədbir hesab olunur. Artıq Ermənistanın özündə köhnə totalitar, militarist və separatçı düşüncənin darmadağın olunması üçün aşkar addımlar atılır. Düzdür revanşist, separatçı streotip düşüncənin erməni cəmiyyətindən silinməsi olduqca ağır və dəhşətli prosesdir. Amma əmin olmağa dəyər ki, COP29 həm də Cənubi Qafqqzda müharibə əvəzinə inteqrasiya və sülhə yönələn düşüncələri və təşəbbüsləri daha da gücləndirəcək. Əslində bölgənin bu gün ən çox ehtiyacı olduğu məsələ məhz inteqrasiya, yeni düşüncə və sülh prosesidir.

Və sonda, unutmayaq ki, COP29 yaşıl enerjiyə keçidi sürətləndirmək üçün müzakirə və fəaliyyət üçün kritik platforma olacaq. Nəzərə alsaq ki, bu mühüm tədbirdə dünyanın hər yerindən dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların, biznes və vətəndaş cəmiyyətinin nümayəndələri, iqlim dəyişikliyi, bərpa olunan enerji və davamlı inkişaf üzrə ekspertlərin iştirakı gözlənilir, o zaman COP29-un əhəmiyyətlilik dərəcəsi göz önündə aydınca canlanır. COP29-a iqlim dəyişikliyi və yaşıl enerjiyə keçidlə bağlı əsas məsələlərin müzakirə ediləcəyi plenar iclaslar, iqlim maliyyəsi, bərpa olunan enerji texnologiyasının inkişafı və iqlim dəyişikliyinə uyğunlaşma kimi spesifik məsələlərə fokuslanan tematik sessiyalar, müxtəlif maraqlı tərəflər tərəfindən təşkil edilən yan tədbirlər daxildir.Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi bu tədbirin mümkün qədər məhsuldar və səmərəli keçirilməsi üçün hər cür səy göstərəcək. COP29-un yaşıl enerjiyə qlobal keçid, istixana qazı emissiyalarının azaldılması və iqlim dəyişikliyinin azaldılması üçün güclü stimul olacağı gözlənilir. Beləliklə, “COP29-a ev sahibliyi Azərbaycana nə qazandıracaq?” – sualına bu möhtəşəm tədbirə uğurla ev sahibliyi etdiyimiz zaman qaznacağımız uğurlarla birlikdə cavab tapacayıq. Bu gün Azərbaycan etimad, inteqrasiya və əməkdaşlıq məkanıdır. Həmişə olduğu kimi!

Mətləb Salahov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
3
Mənbələr
Şərh ()
Bağla