AZ

Erməni kilsəsi sülhə qarşı... 

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti erməni kilsəsinin əməllərini pisləməyə çağırıb

Azərbaycanın Qazax rayonunun 4 kəndinin geri qaytarılması ilə bağlı əldə edilən razılıqdan sonra Ermənistandakı revanşist qüvvələr hakimiyyətə qarşı etirazlar təşkil edir. Revanşistlər bu razılaşmanı həzm edə bilmir və Paşinyan hakimiyyətini “qorxaqlıqda” və “satqınlıqda” ittiham edirlər. Etiraz aksiyaları tərəflər arasında razılaşmanın əldə edildiyi gündən -aprelin 19-dan başlayıb. 

Baqrat Qalstanyanın İrəvana yürüşü... 

Sərhdələrin delimitasiyası və 4 kəndimizin geri qaytarılması erməni cəmiyyətində aqressiyanı artırmaqdadır. Bu məsələ rəsmi şəxslər, siyasətçilərlə yanaşı, erməni keşişlərini də siyasətdə “fəallaşmağa” sövq edib. Belələrindən biri Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyandır. Etiraz aksiyalarına ilk günlərdən qoşulan Qalstanyan İrəvana yürüşün də təşkilatçılarından biridir. Belə ki, Ermənistanın “Vətən naminə Tavuş” hərəkatı sərhədyanı Kirants (Xeyrimli) kəndindən Azərbaycanla delimitasiya əleyhinə İrəvana yürüşə başlayıb. Baqrat Qalstanyan deyib ki, onlar Ermənistanın digər rayonlarının, qonşu kəndlərin sakinlərinin də yürüşə qoşulmasına çalışırlar. Tavuş yeparxiyasının başçısı qeyd edib ki, yürüş iştirakçıları mayın 9-da günorta İrəvana çatmağı nəzərdə tuturlar. Yeri gəlmişkən, bu, həmin Qalstanyandır ki, revanşist olması ilə qürur duyduğunu demişdi. Hələ ötən ilin dekabrında o, revanşist olması ilə bağlı bu cür öyünmüşdü.

Ümumiyyətlə, ermənilərin uzun illərdir ki, azərbaycanlılara qarşı soyqırımı və işğal siyasətində erməni kilsəsi hər zaman mühüm rol oynayıb. Hələ ötən əsrin əvvəllərində başlanan bu planda erməni kilsəsi vahid mərkəz kimi çıxış edib. Erməni siyasi partiyaları, əsasən də “Daşnaksütyun” partiyası, erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı basqınlarında aparıcı rol oynamağa başlayanda bütün proseslər kilsə tərəfindən idarə edilib, tədbirlər kilsələrdə keçirilib, kilsələr silah anbarı kimi istifadə olunub. Eləcə də kilsə xadimləri azərbaycanlılara qarşı hücumlarla bağlı çağırışlar ediblər.

Təxribatlara II Qaregin “xeyir-dua” verib

Müasir dövrdə də Azərbaycan torpaqlarına qarşı işğalçılıq ideologiyasının əsas ilhamvericilərindən biri məhz erməni kilsəsi və onun başında dayanan katolikos II Qaregindir. Təsadüfi deyil ki, keşiş Qalstanyan etiraz aksiyalarının keçirilməsinin, İrəvana yürüşün təşkil olunmasının II Qareginin “xeyir-duası” ilə reallaşdırıldığını deyib. 

Məlumdur ki, keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasında, ermənilərin işğalçılıq siyasətini davam etdirməyə ruhlandırılmasında Qareginin “əməyi” çox yüksəkdir. II Qaregin dəfələrlə işğalçılıq siyasətini davam etdirmək məqsədilə maliyyə yardımları üçün erməni diasporuna çağırışlar edib. Hətta 2016-cı ilin aprel döyüşlərindən sonra Xankəndidə açılmış xüsusi hesaba din xadimləri də xeyli vəsait köçürüblər. Belə ki, Eçmiədzin Kilsəsi və bütün ermənilərin katolikosunun həmin hesaba ayrı-ayrılıqda 500 min dollar köçürməsi haqda erməni KİV-ləri məlumat yaymışdılar.

Vaxtilə erməni kilsəsi siyasətə qoşulmaqda, zor gücünə hakimiyyət dəyişikliklərində də iştiraka görə ittiham edilib. Belə ittihamlardan biri də Serj Sarkisyanın ilk dəfə prezident kreslosuna yiyələndiyi seçkilərdən sonra baş verən 2008-ci ilin mart hadisələri zamanı İrəvanda keçirilən dinc etiraz aksiyasının gülləbaran edilməsində katolikos II Qareginin birbaşa məsuliyyət daşıması barədə məlumatlarla bağlı idi. Ən azı ona görə ki, məhz II Qaregin Ermənistanın o vaxtkı hakimiyyətinə belə cinayətkar addım atmaq üçün öz razılığını və xeyir-duasını verib. Bu səbəbdən də o vaxt nümayişçilər II Qareginin həmin hadisələrə görə məsuliyyətə cəlb olunmasını tələb ediblər. Bu isə həm də onu deməyə imkan verir ki, sadə erməni əhalisi anlayır ki, II Qaregin də erməni xalqının başına gələn bəlalarda Koçaryan və Sarkisyan qədər cavabdehlik daşıyır. Bu da məlumdur ki, indiyə qədər region və Ermənistan üçün bütün ciddi hadisələr zamanı kilsə özünün məqsədlərinə uyğun olaraq müdaxilələr edib.

II Qaregin və I Aram Paşinyan hakimiyyətinə qarşı birləşir?

Hazırda isə erməni kilsəsi Tavuş rayonu istiqamətində işğal olunmuş kəndlərin Azərbaycana qaytarılmasını həzm edə bilmir. Hadisələr göstərir ki, erməni din xadimləri baş nazir Nikol Paşinyanın sərhədlərin delimitasiyasına dair qətiyyətli mövqedən çəkinməsi üçün aktivləşib. Erməni mediasının məlumatına görə, bugünlərdə bütün ermənilərin katolikosu II Qaregin və Böyük Kilikiya Evinin katolikosu I Aram arasında telefon danışığı olub. Katalikoslar Ermənistandakı vəziyyəti müzakirə ediblər. Katolikos II Qaregin və I Aram Ermənistanın “ərazi bütövlüyünü və təhlükəsizliyini qətiyyətlə müdafiə etməyin” zəruriliyini, həmçinin qeyd olunan məsələlərdə erməni kilsəsinin sarsılmaz öhdəliyini vurğulayıblar. Katolikos I Aram II Qareginə və bütövlükdə, Eçmiədzin kilsəsinə tam dəstəyini ifadə edib.

Erməni mediası yazır ki, bu aralar hökumətlə kilsə arasındakı ixtilaf dərinləşir. Hüquqşünas Ruben Melikyan isə bildirib ki, parlament erməni kilsəsinə qarşı “hibrid müharibə”yə başlayıb. Bəzi ekspertlər katolikoslar II Qaregin və I Aramın telefon söhbətinin Paşinyan hökuməti üçün ciddi problem yaradacağını bildiriblər. 

Qeyd edək ki, hazırda dünyada iki erməni kilsəsi fəaliyyət göstərir. Bu kilsələrə iki katolikos rəhbərlik edir. Biri Ermənistandakı Eçmiəzdin kilsəsində, digəri isə Livandakı Kilikiya kilsəsində əyləşir. Eçmiəzdin Kilsəsinə katalikos II Qaregin rəhbərlik edir. Onun rəhbərlik etdiyi kilsəyə Rusiya, Ukrayna və digər keçmiş SSRİ respublikalarında yerləşən yeparxiyalar, habelə bir sıra Avropa ölkələrində yerləşən yeparxiyalar tabedir. Kilikiya kilsəsinə isə katalikos I Aram rəhbərlik edir. Kilikiya katalikosluğu Livan, Suriya və Kiprdəki erməni yeparxiyasını idarə edir.

Revanşist təfəkkürlü din xadimləri erməni cəmiyyətinin önündə gedir

Göründüyü kimi, revanşist təfəkkürlü din xadimləri erməni cəmiyyətinin önündə gedir. İkinci Qarabağ müharibəsinin nəticələrindən dərs almayan erməni kilsəsi öz xalqını revanşizmə meylləndirmək üçün xüsusi canfəşanlığa davam edir. Bütün bunlar bir daha təsdiqləyir ki, qətliamlar, terror, işğal düşüncəsi ermənilərdə hər zaman kilsə ideologiyası olub. 

Yeri gəlmişkən, Qərbi Azərbaycan İcması erməni kilsəsinin təxribatçı əməlləri ilə bağlı bəyanat verib. Bəyanatda bildirilir ki, Azərbaycan və Ermənistan arasında 2024-cü il aprelin 19-da əldə edilmiş razılaşmaya əsasən, sərhədin delimitasiyası ilə bağlı müəyyən praktik addımların atılması qərarlaşdırılıb. Lakin Ermənistanda son günlər bir sıra təxribatçı qüvvələr iki ölkə arasında qalıcı sülhün əldə edilməsinə töhfə verə biləcək sözügedən razılaşmanın icrasına mane olmaq üçün var gücü ilə çalışırlar. Çox narahatlıq doğuran haldır ki, həmin proseslərdə Erməni Qriqoryan Kilsəsinin dini xadimləri fəal rol alıblar. Sözügedən din xadimləri siyasi tələblər irəli sürür, Azərbaycanla sülh əldə etməyə qarşı çıxır və aşkar şəkildə revanşa və müharibəyə çağırış edirlər.

Bəyanatda, həmçinin bildirilib: “Azərbaycanın Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi günlərdə Erməni Qriqoryan Kilsəsinin sülh əleyhinə fəaliyyəti təəssüf doğurur və çoxlu mətləblərdən xəbər verir. Qeyd edək ki, azərbaycanlıların Ermənistandan qovulmasında və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündə Erməni Qriqoryan Kilsəsi xüsusi fəallıq nümayiş etdirib”. Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti və dünya dini liderlərini Erməni Qriqoryan Kilsəsinin həmin əməllərini pisləməyə və Azərbaycan və Ermənistan arasında davamlı sülhə dəstək verməyə çağırıb.

NARDAR 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
179
50
Mənbələr
Şərh ()
Bağla