AZ

Çinin Avropa marağı



Çinin Avropaya olan marağının artması okeanın o tayında həm maraqla, həm də ciddi narahatçılıqla izlənilir. İki güc mərkəzi arasında gedən mövqe mübarizəsinə diqqət çəkən politoloq Pərviz Əliyev deyib ki, Amerika Birləşmiş Ştatları Çinin Avropa ilə təmaslarını diqqətlə izləyir. Çünki ABŞ xarici siyasətdə və xüsusən də Çinlə münasibətlərdə Avropaya təzyiqlərini davam etdirir:

"Son illərdə Fransa bu təzyiqlərə görə Çinlə ticarət əlaqələrindən uzaqlaşmağa başlayıb. ABŞ-dan gələn bu neqativliyə baxmayaraq, Çinin dialoq və əməkdaşlığın davam etdirilməsində israrlı olması Fransa və Almaniya kimi ölkələrə məhdud da olsa müsbət təsir edir".

Politoloq deyir ki, ABŞ-dan gələn iqtisadi sanksiyalar təhlükəsi səbəbindən Avropa ölkələri Çinlə ticarət əlaqələrini riskdən yayınma strategiyasına uyğun idarə etməyə çalışırlar:

"Əslində, Çinin Rusiya ilə iqtisadi və hərbi əlaqələrini davam etdirməsi Avropa ölkələri üçün narahatlıq doğurur. Ona görə də ABŞ-ın təsiri altında olan Avropa, Pekinə qarşı ikinci dərəcəli sanksiyaları öz gündəmində saxlayır. Bununla əlaqədar olaraq, Avropa İttifaqı fevralın ortalarında ilk dəfə olaraq Rusiya ilə əməkdaşlığa görə Hindistan və Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Avropa ilə münasibətlərini yaxşılaşdırmaq üçün Çin Rusiya ilə ticarət və iqtisadi əməliyyatlara daha sərt nəzarət tətbiq edir.

Çinin əsas məqsədi Avropa ilə münasibətlərdə ABŞ"ın transatlantik təsirini azaltmaq və mümkünsə aradan qaldırmaqdır. Si Cinpinin Parisə səfəri həm də diplomatik əlaqələrin qurulmasının 60-cı ildönümünə təsadüf edir. Çin Avropa ilə köhnəlmiş münasibətlərini yoluna qaytarmaq üçün dialoqu sürətləndirməyə tamamilə hazırdır. Avropa ölkələri də Ukrayna probleminin həlli üçün Çinlə siyasi əlaqələrini inkişaf etdirməyin vacibliyini dərk ediblər. Qütbləşmə siyasəti Avropaya heç bir fayda gətirməyəcək".

Pərviz Əliyev qeyd edib ki, Çin qlobal səviyyədə geosiyasi fərqlərin Avropa ilə sıx əməkdaşlığa mane olmasını istəmir:

"Avropa ölkələri Rusiya və Çin məsələsində konsensusa gələ bilməyiblər. Aİ Rusiya və Çinə qarşı eyni anda mübarizə aparmağa çalışır. Əslində, bu, dünyanın Qərblə Rusiya-Çin arasında bölünməsi, yəni qütbləşmə və soyuq müharibənin yeni dövrünün başlanması deməkdir. Nəticə olaraq, ABŞ-Çin rəqabətinin dərinləşməsi ilə Avropa dövlətləri yaxın gələcəkdə Çinlə sistemli qarşıdurmaya hazırlaşır. Amma bu vəziyyət də dəyişə bilər. Çünki, İsveçrədə sülh danışıqlarına başlamaq üçün Avropanın Çin diplomatik təkliflərinə ehtiyacı var. Bu baxımdan Pekinin Moskvaya təsir imkanlarından istifadə etmək ehtimalı Avropa üçün cəlbedici amil olaraq qalır".

Anar Əliyev

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
1
Mənbələr
Şərh ()
Bağla