AZ

Avroittifaq Zəngəzur dəhlizinə görə hərəkətə keçdi- Azərbaycanın vəziyyəti dəyişir...

Image

Azərbaycanın icrasında xüsus yer tutduğu qlobal əhəmiyyətli layihələrdən biri də  Orta Dəhlizdir. Ümumdünya Ticarət Təşkilatının Ticarət və Ətraf Mühit üzrə direktoru Ayk Ho Lim qeyd edir ki, Orta Dəhliz təkcə regional deyil, həm də qlobal miqyasda tədarükün şaxələndirilməsi baxımından əhəmiyyətlidir. 

Onun sözlərinə görə, iqlim dəyişikliyinin mənfi təsir göstərdiyi əsas istiqamətlərdən biri ticarət yolları ilə bağlıdır: “Dünya ticarətinin təxminən 80%-i dəniz yolları ilə həyata keçirilir. İqlim dəyişikliyi onları daha həssas edir. Quru yolları, xüsusən də Orta Dəhliz bu istiqamətdə şaxələndirmənin bir hissəsidir”.

Qeyd edək ki, Orta Dəhliz 2014-cü ilin fevralında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Daha sonra layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya uzanır. Bütün marşrut üzrə vahid tarif yaradılıb və “bir pəncərə” prinsipi tətbiq edilir. Bu marşruta Avropa İttifaqı da xüsusi maraq göstərir. Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Gert Yan Kupman ölkəmizdə olarkən Avropa İttifaqı və Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlıq, xüsusilə Orta Dəhlizin inkişafı məsələləri müzakirə edilib. Baş verənlər Ermənistanda xüsusi narahatlqıla izlənilir. Erməni analitik Vahe Davtyan bildirir ki, Orta dəhlizin formalaşdırılması ilə bağlı Avropa İttifaqı – Azərbaycan dialoqu dərinləşir: “Bir neçə gün əvvəl Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Orta Dəhlizin Aİ-nin iqtisadi və logistik şaxələndirilməsinə yönəlmiş mühüm layihə kimi nəzərdən keçirilməsi ilə bağlı Avropa Komissiyası ilə əldə olunmuş razılaşmanı açıqlayıb. Orta Dəhliz layihəsi artıq bir neçə dəfə Aİ-nin müxtəlif rəsmiləri tərəfindən, xüsusən də 2022-ci ildə Türkiyə, Azərbaycan və Özbəkistan tərəfindən Daşkənd bəyannaməsinin qəbulundan sonra müsbət qarşılanıb. Orta Dəhliz və ya Şərq-Qərb-Orta Transxəzər dəhlizinin məqsədi Mərkəzi Asiya və Cənubi Qafqaz üzərindən Çin-Avropa multimodal nəqliyyat əlaqəsini təmin etməkdir”. Davtyan hesab edir ki, Orta Dəhliz Avropanın nəqliyyat strategiyasına səmərəli şəkildə inteqrasiya olunub: “Ən vacib məqam budur: həmin Daşkənd bəyannaməsində Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında quru nəqliyyat əlaqəsinin yaradılmasına xüsusi diqqət yetirilir. Bəyannamənin 11-ci bəndində qeyd olunur ki, tərəflər beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsi üçün Şərqi Zəngəzur və Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasını birləşdirən Zəngəzur dəhlizinin açılmasını vurğulayırlar. Aİ nəqliyyat dəhlizini Avropa-Qafqaz-Asiya nəqliyyat strategiyasının bir hissəsi kimi nəzərdən keçirməkdə davam edir. İndi bunu Orta Dəhliz layihəsində yerləşdirməyə çalışır. Məqsəd sadədir: Xəzər dənizi və Mərkəzi Asiyaya əlavə çıxış əldə etmək, karbohidrogen idxal marşrutlarının şaxələndirilməsi, Transxəzər qaz kəmərinin tikintisi. Bu məsələdə Aİ ilə Ankaranın maraqları daha çox üst-üstə düşür, xüsusən də sonuncunun beynəlxalq enerji nəqliyyatı mərkəzi olmaq ambisiyalarını nəzərə alsaq. Görünən budur ki, Azərbaycan həm də Şimal-Cənub və Şərq-Qərb meqalayihələrini birləşdirməyi bacaran mühüm nəqliyyat qovşağıdır. Beləliklə, Zəngəzur dəhlizindən faydalananlar çevrəsində Qərbin marağı getdikcə daha aydın şəkildə görünməyə başlayır”. Azərbaycanın maliyyə naziri Samir Şərifov isə diqqəti ona yönəldir ki,  Azərbaycan dövləti beynəlxalq nəqliyyat dəhlizinin təşəkkül tapmasında və inkişafında mühüm rol oynayır. Azərbaycan, ilk növbədə, Xəzər dənizində müvafiq liman infrastrukturunu yaradıb, eyni zamanda, dəmir yolunun yenidən qurulması layihələrini həyata keçirir. Onun sözlərinə görə, Azərbaycan daha bir mühüm layihənin həyata keçirilməsinə çalışır: “Burada söhbət Horadiz-Ağbənd dəmir yolu layihəsindən gedir. Bu layihə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa istiqamətində ən vacib layihələrdən biri hesab edilir. Bunun üçün dövlət tərəfindən müvafiq vəsait ayrılıb. Bu layihə də Orta Dəhlizin vacib bir qanadı hesab olunur. 

Zəngəzur dəhlizi açılmaqla Azərbaycan yolları Ermənistan üzərindən keçməklə Naxçıvan Muxtar Respublikası və sonradan Türkiyə yolları ilə birləşdiriləcək. Elə prezident İlham Əliyevin xüsusi tapşırıqları əsasında Naxçıvanda işlərə başlanılıb. Dəmir yolunun yenidən qurulması və Türkiyənin dəmir yoluna birləşdirilməsi işləri həyata keçirilir. Qarşılıqlı razılaşma əsasında Türkiyə tərəfi də öz ərazisində dəmir yolu şəbəkəsini Azərbaycan dəmir yolu şəbəkəsinin Naxçıvan hissəsinə birləşdirilməsi istiqamətində çalışır. Bu layihə şübhəsiz ki, Cənubi Qafqazda yerləşən bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq”. Bu arada diqqət çəkən odur ki, Azərbaycanla Ermənistan sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıblar. Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və ölkələrarası dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunmuş 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Erməni politoloq Artur Xaçikyan bildirir ki,  o kəndlərdən sonra Basarkeçərdən 10, Zəngəzurdan  isə 8 kəndin Azərbaycana təhvil veriləcəyi barədə məlumatlar yayılır: “Bunlar fonunda Zəngəzur dəhlizi adlandırılan yolun inşası artıq başlayıb. Bir çoxu deyir ki, Azərbaycanı Naxçıvanla birləşdirəcək bu yolun Ermənistan hissəsində iş aparılır”. Erməni politoloq Qrant Ter-Abramyan da bu xüsusda maraqlı fikirlər səsləndirib. O qeyd edir ki, Azərbaycanın Ermənistana Zəngəzur dəhlizi tələbi dəyişməz olaraq qalır: “Azərbaycanın sülh müqaviləsi bağlamaq tələbləri dəyişməzdir və qüvvədə qalır. Həmin tələblər arasında Ermənistan konstitusiyasının dəyişdirilməsi, kommunikasiya məsələsi, yəni Zəngəzur dəhlizi və sair daxildir. Xüsusən də Zəngəzur dəhlizi bu tələbin mərkəzində yer alır”. Abramyanın sözlərinə görə, Zəngəzur dəhlizi indi hər kəsin marağındadır - Azərbaycanın da, Qərbin də, Rusiyanın da: “Yeri gəlmişkən, Ermənistan kommunikasiyaların açılması tələbindən başqa heç nə qalmayan 10 noyabr razılaşmasından çıxmayıb”.

Nahid SALAYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
Mənbələr
Şərh ()
Bağla