AZ

Makron Ukrayna mövzusunda bütün NATO-nu qıcıqlandırır...Məqsədi elə bumu?..

Image

Abutalıb Səmədov: “Mən güman etmirəm ki, Makron Ukraynaya hərbi qüvvələr yeridəcək”

Fransa prezidenti Emmanuel Makron “The Economist” nəşrinə müsahibəsində bildirib ki, Rusiya hərbçiləri cəbhə xəttini yarıb keçərsə, Fransa Kiyevin istəyi ilə öz qoşunlarını Ukraynaya göndərə bilər:

“Amma indiyədək Ukraynadan belə bir müraciət daxil olmayıb”.

Makronun sözlərinə görə, bir çox Aİ ölkələri Fransanın Ukraynaya mümkün qoşun göndərilməsi fikri ilə razılaşıb.

Fransa lideri xatırladıb ki, Paris daha əvvəl terrorizmlə mübarizə üçün Afrikaya əsgər göndərib, ona görə də Ukraynaya analoji yardımı istisna etmir.

Maraqlıdır, Avropa dövlətləri qəbul etmədiyi və əks reaksiya verdikləri halda Makron niyə tez-tez deyir ki, Ukraynaya əsgər göndərilə bilər? Niyə bunu başqa bir NATO ölkəsi yox, məhz Makron deyir? 

Müstəqil siyasətçi Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Makron bir neçə dəfə Ukraynaya əsgər göndərəcəyini bəyan edib: “Heç kim də onu ciddiyə almayıb. Çünki Makron ciddi siyasətçi deyil. Makron kimisə göndərsə belə, onlar gedib orda nəsə edə bilərmi? Hətta son bəyanatında da deyir ki, əgər Ukraynanın müdafiə xətti yarılsa, ora hərbi qüvvələr yeridilməlidir. Rusiya daha böyük əraziləri işğal edəndən sonra sənin göndərəcəyin əsgər nə edə bilər? Əgər göndərmək fikrin varsa, indidən göndər və ya daha ciddi silahlar ver. Ukrayna çox ağır durumdadır. Son dövrdə ruslar hardasa 600 kv km ərazini işğal ediblər. Bugünlərdə gözlənilir ki, daha böyük ərazilər işğal oluna bilər. Göndərilən silahlar hələ ki azdır və rusların qarşısını almağa kifayət etmir. Bu vəziyyətdə Makronun verdiyi bəyanatlar onun digər bəyanatları kimi qeyri-ciddi bir insanın və dövlət rəhbərinin verdiyi bəyanatlardan başqa bir şey deyil. Reallıq ondan ibarətdir ki, ötən il Ukraynaya 23 milyard dollar ABŞ yardım etdi, Avropada dəfələrlə toplaşdılar, müəyyən yardımlar etdilər, ancaq Ukraynanın  əks-hücumu nəticəsiz oldu. İlk dövrlər 150 kv km ərazi azad olundu. Ancaq ondan sonra irəli gedə bilmədi. Son altı ayda heç bir yardım edilməyib. Nəhayət aprel ayının 24-də ABŞ- ın  Konqresi qərar qəbul etdi. 61 milyard dollar vəsaitin ən böyük hissəsi ABŞ-ın ehtiyatlarının doldurulmasına ayrılacaq və bunun da Ukraynaya nə qədər dəxli olduğu  çox ciddi sualdır. Görünən odur ki, ABŞ ötən ilə nisbətən daha az yardım göstərdi. Avropanın da yardımları o qədər ciddi rəqəm deyil. Bunları artırmaq əvəzinə də Makron ancaq bəyanat verir ki, Ukraynanın müdafiə xətti ruslar tərəfindən yarılsa oraya hərbi qüvvələr yeridilməlidir. Bunda, aydındır ki, ABŞ-da seçki kampaniyasının da qızışmasının təsiri var. Güman edirik ki, Bayden bu seçkilərdə qalib gələ bilməyəcək. Keçmiş prezident Trampın yenidən seçilməsi çox ciddi problemlər yaradacaq. Çünki o dəfələrlə deyib ki, Ukraynaya hərbi yardım göstərilməyəcək və qısa müddətdə sülh imzalanacaq. Aydındır ki, Trampın istədiyi sülh razılaşması Rusiyanın maraqlarına xidmət edir. Yəni Tramp hesab edir ki, işğal olunmuş ərazilərdən imtina olunmalıdır və nəyin bahasına olursa-olsun, Rusiya ilə sülh razılaşması imzalanmalıdır. Ukraynanın buna etiraz etmək imkanı da yoxdur. Çünki ən böyük yardımı ABŞ-dan alır. Əgər bu yardım olmasa, Ukrayna rəsmilərinin də etirafına görə, iki həftədən artıq dayana bilməzlər. Belə vəziyyətdə də Makronun bəyanatı yersizdir. Mən güman etmirəm ki, Makron Ukraynaya hərbi qüvvələr yeridəcək. Ümid yalnız Baydenin yenidən prezident seçilməyinədir. Bəlkə o zaman Ukraynaya daha ciddi yardım göstərilər. Görünən odur ki, ABŞ və onun müttəfiqləri bunu istəmirlər. Onların məqsədi Rusiyanı yaralamaq, zəiflətmək, gücdən və nüfuzdan salmaq idi. Buna müəyyən qədər nail ola bildilər. İtirilən torpaqlar Ukrayna torpaqları idi və bu nə ABŞ - ı, nə də Qərbi qəti narahat edir. Çox təəssüf ki, reallıq bundan ibarətdir”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla