AZ

COP29 beynəlxalq inteqrasiya praktikasına bu yenilikləri gətirəcək…

Image

Hazırda Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınaraq Cənubi Qafqazın lider dövləti kimi çıxış edir, bölgənin siyasi-iqtisadi və humanitar məsələlərinin həllində önəmli rol oynayır. Bu həm də ölkəmizin beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində kifayət qədər təcrübə əldə etməsi ilə bağlıdır.

“Formula 1” Azərbaycan Qran-Prisi, “Eurovision” mahnı müsabiqəsi, I Avropa və IV İslam Həmrəyliyi oyunları, Bakı Beynəlxalq Humanitar, Mədəniyyətlərarası Dialoq, Qlobal Bakı və Qlobal Media forumları, Qoşulmama Hərəkatının nazirlər görüşü və digər nüfuzlu tədbirlərin ölkəmizdə uğurla reallaşdırılması bunun bariz ifadəsidir. Bu, eyni zamanda Azərbaycanın COP29-a ev sahibliyi missiyasını layiqincə gerçəkləşdirəcəyi əminliyini yaradır. 

Yeri gəlmişkən, BMT-nin qaz və alternativ enerji üzrə ekspertlər qrupunun üzvü Ayaz Salmanovun sözlərinə görə, COP29 Azərbay­canın evsahibliyi edəcəyi ilk beynəlxalq eko­tədbir deyil. Bakı buna qədər bir sıra qlobal təşəbbüslərin gerçəkləşdirilməsi məqsədi daşıyan konfranslara, nəhayət, 2016-cı il BMT-nin 7-ci Enerji Forumuna evsahibliyi edib. Bu cür tədbirlərin ölkəmizdə keçirilməsi də təsdiqləyir ki, Azərbaycan digər sahələrdə olduğu kimi, ekotədbirləri və ekolayihələri həyata keçirən beynəlxalq oyunçudur. 2016-cı ildə paytaxtımızda reallaşdırılan 7-ci Beynəlxalq Enerji Forumu bu mənada yaddaqalan, mühüm tədbirlərdən biridir.

Məsələlərin həllində Azərbaycanın öz təcrübəsi var 

COP29 keçirilməsi ərəfəsində Bakı bir neçə mühüm beynəlxalq tədbirə də ev sahibliyi edib.  Ölkəmizdə “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bildiyimiz kimi, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dövlətimizin başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan “Bakı Prosesi”nin tərkib hissəsidir.

Mənəvi-mədəni dəyərlərin təbliği baxımından böyük əhəmiyyət daşıyan bu təşəbbüs mədəniyyətlərarası dialoq sahəsində dünyada yeganə, çox mühüm və nüfuzlu beynəlxalq platformadır. Forumda 110 ölkənin nümayəndəsi iştirak edib. “Bakı Prosesi” mədəniyyətlərarası dialoqu təşviq edir. Azərbaycanın təşəbbüsü ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətinin nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirir. Dünyada əfsuslar olsun ki, yeni münaqişələri, yeni qeyri-sabitlik məkanlarını və yeni təhdidləri görürük. Məsələlərin həllində Azərbaycanın öz təcrübəsi var. 1 may tarixində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışı zamanı cənab Prezident İlham Əliyev bir sıra vacib məqamlara toxundu, xüsusən multikulturalizmin əhəmiyyətindən söz açdı, Azərbaycanın təcrübəsini bölüşdü.

Qazıntı yanacaqlarından asılı olan iqtisadiyyatların şaxələndirilməsi 

COP29-un Bakıda keçirilməsi Azərbaycanın yaşıl enerji, o cümlədən günəş və külək enerjisi sahəsində imkanlarını dünyaya nümayiş etdirməsi baxımından əla fürsətdir. Ümidvarıq ki, bu beynəlxalq platforma bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri ilə də əlaqələri uğurla inkişaf etdirək.

Azərbaycanda keçiriləcək tədbir dünyaya bir çox yeniliklər bəxş edəcək. İnkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyi olacaq. Digər mühüm gözlənti isə inkişaf etməkdə olan ölkələr üçün maliyyə dəstəyi mexanizmlərinin təkmilləşdirilməsidir. Bu, təkcə iqlim üzrə illik 100 milyard dollarlıq mövcud öhdəliklərin yerinə yetirilməsini deyil, həm də yeni hədəflərin və mexanizmlərin müzakirəsini əhatə edir.

İqlim dəyişikliyinin yumşaldılması ilə yanaşı uyğunlaşmanın vacibliyi də getdikcə daha çox qəbul edilir. COP29 iqlim dəyişikliyindən ən çox təsirlənən inkişaf etməkdə olan ölkələrdə davamlı infrastruktur və kənd təsərrüfatına olan ehtiyacı xüsusilə vurğulayacaq.

Azərbaycanın neft hasil edən ölkə statusunu nəzərə alsaq, COP29 enerji keçidinə də diqqəti cəlb edə bilər. Qazıntı yanacaqlarından asılı olan iqtisadiyyatların şaxələndirilməsi və bərpa olunan enerjiyə keçidlə bağlı müzakirələr gözlənilir.

Bunu işğaldan azad edilən ərazilərdə bir çox parametrlər üzrə görmək mümkündür

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib ki, biz COP29-a ev sahibliyinə yekdilliklə seçildik: “Bu, bizim üçün çox böyük şərəfdir. Bu, beynəlxalq ictimaiyyətin Azərbaycana olan etimadıdır, o cümlədən də yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır”.

Artıq Azərbaycan “Yaşıl enerji”yə keçidlə bağlı bir model yarada bilib və bu istiqamətdə bir çox işlər həyata keçirib.

İşağaldan azad edilən ərazilərdə ortaya qoyduğumuz model buna misaldı. Yəni xüsusilə oradakı şəhərlərimizn ağıllı sistemlərlə idarə edilməsi, Su Elektrik Stansiyası, Külək Elektrik Stansiyaları, günəş panelləri fərdi evlərin belə, günəş panelləri ilə əlatə edilməsi, tamamən yeni bir konseptlə ağıllı kənd, şəhər və qəsəbələrin salınması, təbiətin imkanlarından yararlanan, iqlim böhranı və kirlənməyə səbəb olmayan bir yanaşma ortaya qoyulub. Bunu işğaldan azad edilən ərazilərdə bir çox parametrlər üzrə görmək mümkündür. Bu da Azərbaycan modelidir.

Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla