AZ

Azərbaycan xalçalarının xaricdəki bazarı- ilk milli xalça festivalına nə ilə gedirik...

Image

Asim İbadov: “Xaricdə Azərbaycan xalçalarına tələbat yüksəkdir,  bu da ölkə iqtisadiyyatına öz töhfəsini verir”

Xalçaçılıq sənəti dünyanın bir sıra ölkələrində yayılsa da, qətiyyətlə deyə bilərik ki, bu sənət növünün beşiyi Azərbaycandır. Arxeoloji materiallar və yazılı mənbələr göstərir ki, ölkəmizdə xalçaçılıqla hələ eramızdan əvvəl I minillikdə məşğul olublar.

XIII-XIV əsrlərdən etibarən xarici ölkələrə ixrac edilən xalçalarımız dünyada şöhrətini uzun illər saxlayıb. Azərbaycan xalçası bu gün də xalq tətbiqi sənətimizin ən zəngin irsinin daşıyıcısı kimi dünyada məşhurdur. 

Bu gün Azərbaycanda xalça sənəti inkişafının yeni mərhələsini yaşayır. "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanunun qəbul edilməsi, dövlətimizin səyləri ilə muğam və aşıq sənətindən sonra milli xalça sənətimizin də UNESCO-nun "Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısı"na daxil edilməsi bu qədim el sənətinə dövlət qayğısının ifadəsidir. Bundan başqa, 2014-cü ildən fəaliyyətə başlayan Xalça Muzeyi Azərbaycan xalçasının dünya miqyasında tanınması baxımından böyük əhəmiyyətə malikdir. Orijinal üslubda inşa olunan bükülmüş xalçanı xatırladan Xalça Muzeyi ölkəmizə gələn turistlərin diqqət mərkəzindədir. 

Ölkə başçısı İlham Əliyevin 2016-cı il 5 may tarixli Sərəncamı ilə "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Burada əsas məqsəd xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir. Həmin ildə Prezident İlham Əliyevin 25 noyabr tarixli Sərəncamı ilə "Xalçaçı günü" peşə bayramı təsis edilib. 

Məlumdur ki, 2024-cu il mayın 4-də paytaxt Bakıda xalçaçıların peşə bayramına həsr edilmiş ilk Milli Xalça festivalının açılışı olub. Sərgidə bir çox bölgələrdən olan xalçalar nümayiş etdirilib. Hər birinin özünəməxsus gözəlliyi olan bu xalçalar  insanları valeh edib.

Qeyd etdiyimiz kimi, Azərbaycanda xalçaçılıq inkişaf edir amma alıcı problemi var.

Maraqlıdır, Azərbaycan xalçaları  hansı ölkələrə ixrac olunur? Bunun iqtisadiyyata nə kimi faydası var? Ümumiyyətlə, dünya bazarında xalçalarımıza münasibət necədir?

“Azərbaycan xalçaları, əsasən Rusiya, Amerika, Çin, Böyük Britaniya və digər ölkələrə ixrac olunur” 

“Azərxalça”nın nümayəndəsi, korporativ satış meneceri Asim İbadov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan xalçaları xarici ölkələrə ixrac olunur. Hazırda Azərbaycan xalçalarına maraq yüksəkdir: “Əsasən Rusiya, Amerika, Çin, Böyük Britaniya və digər ölkələrə xalçalarımız ixrac olunur. Avropaya da xalçalarımız ixrac olunur, ancaq elə də kütləvi deyil. Avropanın bir çox ölkələrində sərgilər keçirmişik. Böyük Britaniya, İsveçrə, Madrid, Belçika, Berlində sərgilərimiz olub. Sərgilərdə də Azərbaycan xalçasına maraq yüksək olub. Marağın yüksək olmasına səbəb bizim həm müasir, həm də ənənəvi klassik Azərbaycan xalçalarının toxunmasıdır. Onu da deyim ki, bir ildir “Azərxalça” ipək xalça istehsalına başlayıb. Bu xalçalar yerli ipəkdən toxunur. İpək xalçalara da böyük maraq var. Məlumat üçün deyim ki, 16 may tarixində Latviyada sərgimiz olacaq. Orada da müasir və klassik xalçalar nümayiş olunacaq. Onu da deyim ki, sərgi bitəndən sonra bizə xalçalarla bağlı çoxlu sayda zənglər, müraciətlər var. Bu o deməkdir ki, xaricdə Azərbaycan xalçalarına təlabat yüksəkdir. Təbii ki, bu da ölkə iqtisadiyyatına öz töhfəsini verir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycan xalçaları “Azərxalça”dan əlavə AZPROMO və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə də xarici bazarlara çıxır. Satışda da bu qurumların rolu var. 

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla