AZ

“Avrokuboklara getmək üçün burada nəsə etmək lazımdır”

“Sumqayıt”ın futbolçusu Murad Xaçayev İdmanxeber.az saytına müsahibə verib. O, “kimyaçılar”ın avrokubok iddiası və digər məsələlərdən danışıb.

“Kəpəz” görüşündə vacib iki xal itirdiniz. Oyunu necə şərh edirsən?

“Tovuza “Kəpəz”i məğlub etmək üçün gəlmişdik. Çünki bilirdik ki, 4 final oyunundan biridir. Rəqib Premyer Liqada qalmışdı deyə, motivasiyası yox idi. Ancaq biz qələbə istəyirdik. İlk hissə oyun elə də yüksək səviyyədə getmədi. Cəmi bir epizodumuz oldu. Biz qol vurduqdan sonra görüş daha maraqlı keçdi. Bu matç artıq bitib. Çalışıb qarşıdakı 3 oyunu qazanmalıyıq.

– “Kəpəz”in motivasiyası yox idi dedin, halbuki onlar derbi matçı kimi oynadılar…

Birinci hissə elə oynamadılar. Qoldan sonra belə oldu. İlk hissə onları yaxşı durdura bildik. Amma qol buraxdıqdan sonra ola bilsin ki, əsəbləşdilər. Çünki həmin epizodda bir az anlaşılmazlıq var idi. Deyəcək çox bir şey yoxdur.

– Qarşı tərəf sizin qolunuzda feyr-pley qaydalarının pozulduğunu iddia edir…

Oyundan sonra bu barədə Rüfət Əhmədovla danışdıq. Matçda ona dedim ki, topu kənara çıxar. Bir neçə dəfə təkrar elədim. O isə dəyandı, ayağında saxladı topu. Sonra isə Rövlan Muradov Rüfətdən topu aldı. Ondan da soruşdum epizodu. Rövlan dedi ki, mən heç yerə yıxılan futbolçumuzu görməmişdim. Belə epizodlarda topu kənara çıxarmaq lazımdır. Rüfətə də bunu bildirdim. Demirəm, biz düz elədik, amma top oyunda qalmışdı. 

– Komandanın avrokubok iddiası sizə daha çox motivasiya verir, yoxsa üzərinizdə təzyiq yaradır?

Hamı Avropada çıxış etmək istəyir. Ancaq orada çıxış etmək üçün burada nəsə etmək lazımdır. Bizim qarşımızda 3 final oyunu var. Çalışacağıq ki, həmin görüşlərdə qalib gələk. 

– Səncə, “Sumqayıt” avrokuboklara vəsiqə qazana biləcək?

İndidən nəsə demək çətindir. Bunu mövsüm bitəndən sonra görəcəyik. Çünki hələ heç nə şey bitməyib. Şansımız davam edir. 

– Bu mövsüm “Kəpəz”lə itirilən xallar “Sumqayıt”ı avrokuboklardan etsə, sizə necə təsir edəcək?

Bizim çempionat bir az fərqlidir. “Kəpəz”lə xal itirib, “Qarabağ”ı məğlub edə bilirsən. Ona görə də bilmək olmur.  Ümumiyyətlə, “Qarabağ”ı bir kənara qoysaq, hamı bir-birindən xal qazana bilər. “Kəpəz” də yaxşı komandadır. Sadəcə qalib gəlmək lazım idi, alınmadı.

Həsən Quluzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla