AZ

İkiüzlülük və ikili standartlarla bağlı ETİRAF - TƏHLİL

Avropa Şurasının prezidentinin, daha dəqiq desək, Çarlz Mişelin bu yaxınlarda Avropa İttifaqı siyasəti ilə bağlı səsləndirdiyi fikirlər diqqəti cəlb etməyə bilməz. Çünki onun səsləndirdiyi son fikirlər bir növ etiraf olaraq başa düşülür. Xüsusən də İspaniyanın “El Mundo” qəzetinə müsahibəsində Çarlz Mişelin söylədikləri onu deməyə əsas verir ki, Avropa Şurasının prezidenti Brüsseldə qərarların qəbulu zamanı ikili standartların tətbiq edildiyini rəsmən etiraf edir.

Avropa Şurasının rəhbəri tamamilə doğru etiraf edib və bunu Avropa da, Qərb də qəbul etməlidir

“Brüsseldə bəzən üzv dövlətlər arasında qərarların qəbulunda ikili standartlar tətbiq olunur. Mən həmişə hamını bərabərləşdirməyə çalışmışam və buna görə tənqidlərə də məruz qalmışam”, deyə Avropa Şurasının rəhbəri bildirib. O, hətta xüsusilə vurğulayıb ki, Avropa Komissiyası siyasiləşmiş qurum ola bilməz və neytrallığa, eləcə də obyektivliyə hörmət etməlidir. Amma nə Mişelin, nə də bir başqasının iradına, yaxud da etirafına baxmayaraq, Avropa siyasətinin ideal olmaqdan uzaq olduğunu, həmçinin də Avropa İttifaqının artıq çoxdan ikili standartları qəbul etdiyini müşahidə edirik. Ən çox da Qərbin, Avropanın ikili standartları ilə dəfələrlə üzləşən məhz Azərbaycandır deyə bunu biz daha yaxşı bilirik və elə Mişelin etiraflarını da biz yaxşı başa düşürür. Hətta yeri gələndə dəyərləndiririk də.

Bilirik ki, ölkəmizə qarşı qərəzli, ədalətsiz münasibəti nəinki Avropada, hətta ABŞ kimi özünü dünyanın demokratiya ocağı olaraq göstərən dövlətdə belə hər zaman görmüşük və Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi vaxtdan bu günə kimi mütəmadi olaraq belə ikili standartlar və haqsızlıqlar nümayiş etdirilməkdədir. Münaqişənin lap əvvəlində, ölkəmizin ərazilərini Ermənistanın işğal etdiyi illərdə belə Avropa bu fakta tamamilə məhəl qoymadan İrəvanın təcavüzünü pisləməyə qətiyyən tələsmədiyini də yaxşı xatırlayırıq. İndi öz ərazilərini deyil, qonşu ölkənin ərazilərini, Azərbaycanın Qarabağ iqtisadi rayonunu, özü də öz istəyi ilə tərk edən ermənilərə görə narahatlıqlarını ifadə edənlər, vurnuxanlar məhz öz ərazilərindən məcburi şəkildə, ölüm, işgəncə, əsirlik təhdidi ilə məcburi olaraq köçkün düşmüş bir milyondan artlq azərbaycanlının taleyinə görə nədənsə heç qətiyyən nə narahat olmuşdular, nə də buna reaksiya belə bildirməmişdilər. Öz xoşu ilə ərazilərimizi tərk edib Ermənistana yollanan 30 minə yaxın erməni əsillini 150 min nəfər kimi qələmə verən, onların guya qaçqınlıq vəziyyətində olduqlarına görə narahatlıqlarını ifadə edərək, ərazilərimizi tərk etdiklərindən bir neçə ay keçməmiş onlara milyonlarla vəsait ayıranlar düz 30 il ərazində, az qala əsrin üçdə birinə yaxın müddətdə azərbaycanlı köçkünlər üçün bir manat da ayırmaq fikrinə belə düşməmişdilər. Ötən əsrin sonlarında, 20-ci əsrin 90-cı illərində Avropanın da, Amerika Birləşmiş Ştatlarının da Azərbaycan xalqının faciəsini görməməyi üstün tutduğunu hər birimizi yaxşı görürdük. İndi biz bilirik ki, Çarlz Mişel tamamilə doğru etiraf edib və bunu Avropa da, Qərb də qəbul etməlidir.

Avropanın, bütövlükdə kollektiv Qərbin ikili standartlarının açıq-aşkar təzahürü

Ötən əsrin sonlarında ölkəmizin ərazisinə silahlı basqınla soxulan ermənilər ərazilərimizi işğal etmək niyyəti ilə bizə təcavüz etdiyi zaman guya bunu nə görən, nə də başa düşən olmadı. Bir ölkənin silahlıları başqa bir ölkənin, qonşu ölkənin ərazisinə silahlı basqın etdiyini guya nə Avropa görmədi, nə də Qərb. Guya bu silahlı basqının qanunsuzluq olduğunu, beynəlxalq hüququn norma və prinsplərinə zidd olduğunu nə Avropa, nə də Qərb dərk edə bilmədi. Gördülər də, dərk etdilər də, amma özlərini görməməzliyə vuraraq, səslərini çıxarmadılar. Ermənistanın silahlı qüvvələrinin törətdikləri vəhşiliklərə, vandallıqlara, soyqırımlara və bir çox insanlığa sığmayan hərəkətlərə qətiyyən reaksiya verilmədi. İşğalçı ölkənin silahlılarının qanunsuz hərəkətlərini, beynəlxalq hüquqa zidd olan addımlarını təsdiq edən sənədli materiallar, foto və video çəkilişlər ortada sübut kimi olsa da buna baxan və məhəl qoyan avropalı, amerikalı olmadı. Öz ərazimizdə bizə qarşı soyqırım siyasəti, etnik təmizləmə aparanlara gözün üstündə qaşın var deyən olmadı və heç şifahi olaraq belə qınanılmadı. Amma Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü, özü də öz ərazidində tam bərpa edən kimi ölkəmizi dərhal dırnaqarası “etnik təmizləmə” aparmaqda ittiham etdilər. Öz ərazilərində azərbaycanlıları silahlı basqınla qətlə yetirən Ermənistan silahlılarının törətdikləri faciələr yox, bir xalqın, bir dövlətin məhv olmaq təhlükəsi yox, qarlı dağ yolları ilə ayaqyalın canını götürüb gedən və buna görə də hətta ayaqları amputasiya olunan, kəsilən bir çox azərbaycanlıların 30 illik qaçqınlıq taleyi yox, öz istəkləri ilə Azərbaycan ərazisini tərk edən Qarabağ ermənilərinin taleyi kimləri isə narahat edirsə, bunun adı nə ola bilər və ümumiyyətlə bunun adını nə qoyaq? Bu, Avropanın, bütövlükdə kollektiv Qərbin ikili standartlarının açıq-aşkar təzahürü deyilmi? Bunun adı elə ikiüzlülük deyilmi? İndi Avropa Şürasının rəhbəri Çarlz Mişelin də məhz ikiüzlülük və ikili standartlarla bağlı dedikləri məhz bütün bunların fonunda tamamilə yerinə düşür və həqiqətən də etiraf olaraq qəbul edilməkdədir.

Təşəkkür etməli halda, Borrelin ağız büzməsi ikiüzlülük və ikili yanaşmanın tətbiqi deməkdir

Azərbaycana münasibətdə ikili standartların təzahürünü təsdiq edən faktlara ən sonuncu misallardan biri olaraq, ötən ilin dekabrında Avropa diplomatiyasının rəhbəri Cozep Borrelin dedikləri göstərilə bilər. Borrelin utanmadan, çəkinmədən “münaqişələrin güc yolu ilə həllinin qadağan edilməsi ilə bağlı” təxribatçı bəyanatlarla çıxış etməsi özü ikili standartların tətbini sübut edən faktlardandır. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, öz ərazisində anti-terror tədbirləri keçirməsi, ərazilərini terrorçulardan təmizləməsi, təhlükəsizliyi təmin etməsi nəyə görə Avropa diplomatiyası rəhbəri tərəfindən qəbul edilən hesab olunmadığını başa düşmək olmur. Ərazilərimizi onillər boyu tərk etməyən, tərk etmələrinin vacibliyini diplomatik yolla başa salındıqda da başa düşməyən terrorçuların hərbi yolla ərazilərimizdən çıxarılması, bununla da 30 ilə yaxın müddətdə həll edilməyən münaqişənin həll edilməsi niyə “qadağan” hesab olunmalıdır axı? Torpaqlarımızı işğal edənlərin, bizə təcavüz edən terroristlərin, öz ərazilərimizdə bizə qarşı etnik təmizləmə aparanların, Azərbaycana məxsus olan ərazilərdə ətraf mühitə qarşı ciddi zərər vuranların, fauna və floranın məhv olması üçün bütün mümkün əməllərə əl atanların, azərbaycanlılara məxsus yurd-yuvaları viran qoyanların əməllərinin qarşısının alınması nə vaxtdan qanuna zidd, yaxud da ki, “qadağan” hesab olunub? Sadalanan bu qədər vəhşiliklərin qarşısının alınmasına görə Borrel təşəkkür etməli halda, buna ağız büzürsə, deməli, ikiüzlülük edir və bunun özü elə Avropanın ikili yanaşması, ikili standartlarının tətbiqinin daha bir nümunəsi, daha bir isbatıdır. İndi bütün bunları görən Avropa Şurası rəhbəri sadəcə olaraq həmin ikiüzlülüyü və ikili standartların mövcudluğunu etiraf edir və bunu da bütün dünya ictimaiyyəti çox yaxşı başa düşür.

Erməni silahlı qüvvələrinin Azərbaycan ərazisində qanunsuz mövcudluğuna 30 il dinməyənlərin “güc” tətbiqi ilə bağlı sayıqlaması ikiüzlülükdür

Soruşmaq ayıb olmasın, ermənilər ötən əsrin sonlarında Azərbaycan torpaqlarına soxulanda, təcavüz edəndə, ərazilərimizi işğal edəndə, soyqırım və etnik təmizləmə siyasəti yürüdəndə, insanlıq dramı kimi yadda qalan Xocalı soyqırımına imza atanda və bunu fəxrlə etiraf edəndə, həmin faciəyə oxşar daha bir neçə soyqırımı törədəndə, silahlı basqınlarla və ölüm təhdidi ilə azərbaycanlıları öz yurd-yuvalarından didərgin salanda niyə Jozep Borrel ağzına su alıb susurdu? Borrel guya bilmirdi ki, ermənilər Azərbaycan ərazilərinə soxularaq, dediyi həmin o gücü tətbiq etməklə bütün vəhşilikləri törədiblər? İndi Azərbaycanın öz ərazilərini terrorçulardan təmizləməsinə güc tətbiqi və bunun “qadağan” hesab olunduğunu deyən Avropa diplomatiyası rəhbəri bəs niyə ermənilərin başqa dövlətin, başqa ölkənin ərazisinə hərbi təcavüz etməsini güc tətbiqi adlandırmırdı və bununla əlaqədar da qadağan ifadəsini, kəlməsini işlətmirdi? Axı bunlar heç müqaisəyə belə gələcək deyillər. Mübarizənin biri öz ərazilərində təhlükəsizliyin, sabitliyin, ərazi bütövlüyünün, haqqın, ədalətin təmin edilməsi üçün olduğu halda, digəri, yəni ermənilərin etdikləri birbaşa təcavüz, işğal, soyqırım, etnik təmizləmə faktı olaraq göz qabağında idi və indi Borrelin belə sayıqlaması ikiüzlülük, ikili standartların tətbiqi deyilmi? Düz 30 ilə yaxın müddət ərzində bircə dəfə də olsa Borrell erməni silahlı qüvvələrinin Azərbaycan ərazisində qanunsuz mövcudluğu faktorunu pisləmədiyi halda, indi, Azərbaycan öz ərazilərində BMT-nin məlum qətnamələrinin icrasını öz üzərinə götürərək, terrorçuları, Borrelin dediyi həmin o “güc” mövcudluğunu aradan qaldırdığı zaman Avropa diplomatiyası rəhbərinin yadına güc tətbiqi ilə bağlı nə isə sayıqlamaq hardan düşüb? Harda idi 30 il müddətində həmin o adam? Yoxsa, erməni separatizmini açıq şəkildə dəstəklədiyinə görə başı bərk qarışıq olub? Bəlkə, Brüssel, Vaşinqton və Parisin məhz Azərbaycan ərazisində “boz zona” saxlamaq niyyətlərinin gerçəkləşməsi üçün bərk məşğul olub və indi də rəsmi Bakı məhz BMT-nin qeyd etdiyimiz dörd qətnaməsini təkbaşına həll etməsindən sonra yuxusu ərşə çəkilib və planlarının məhv olmasına görə ağzını “köndələn qoyub” sayıqlamalı, ikiüzlülük etməli olub? Deməli, həqiqətən də Avropa Şurası rəhbəri öz etirafını bütün bunları nəzərə alaraq edib və indi onu avropalılar da, amerikalılar da qətiyyən qınaya bilməzlər.

Azərbaycan həqiqətlərini, əsl reallıqları Qərbin də, Avropanın da hələ çox rəsmiləri etiraf etməli olacaqlar

Qərb uzaq başı yenə də öz ikili standartlarından çıxış edərək, ermənilərə hansısa yardım haqqında düşünə bilər. Əslində, son zamanlar elə buna da əl atılıb. Belə ki, 66 amerikalı konqresmenin bu yaxınlarda ABŞ Nümayəndələr Palatasının Təsisatlar Komitəsini “Dağlıq Qarabağdan məcburi köçkünlərə” ABŞ-ın hərbi yardımını etməsi üçün 200 milyon dollar ayırmağa çağırması Qərbin ikili standartlarının göstəricisi, növbəti təzahürü və isbatıdır. Düz 30 il ərazində Azərbaycan ərazilərini, qonşu dövlətin ərazilərini Ermənistan tərəfi, erməni silahlı qüvvələri, qanunsuz şəkildə nəzarətdə saxladıqları zaman öz yurd-yuvalarından məcburi köçkün düşmüş bir milyondan çox azərbaycanlıya bircə milyon vəsait ayırmağı bircə dəfə də olsa təklif etməyənlərin indi şişirdilərək 100 min deyilən, amma cəmi 30 min olan və heç də köçkün olmayan, könüllü şəkildə öz müvəqqəti yaşayış yerlərini tərk edənlərə 200 milyon ayrılması təklifinə ikiüzlülükdən, ikili standartlardan başqa nə ad qoymaq, nə ad vermək olar? Uzun illər erməni işğalı zamanı hayların beynəlxalq hüququ kobud şəkildə pozaraq, qonşu dövlətin ərazisini nəzarətdə saxladıqları dövrdə Amerika Konqresi Ermənistana qarşı sanksiyaların tətbiqi təklifi ilə qətiyyən çıxış etmədiyi halda, əksinə, məhz 1992-ci ildə Ermənistan tərəfi, erməni silahlıları Xocalıda soyqırım törədib bəşəri cinayətə imza atanda, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanı işğal edəndə ABŞ ölkəmizə qarşı 907 saylı düzəliş qəbul etdisə, bunun adı ikiüzlülük və ikili standartların tətbiqidir. İndi buna don geyindirmək yox, elə məhz Avropa Şurasının rəhbəri Çarlz Mişelin etdiyi kimi etiraf yaraşır. Artıq bütün dünya etiraf etməlidir ki, Azərbaycana qarşı ədalətsiz yanaşma var. Etiraf edilməlidir ki, rəsmi Bakının öz hüquqları çərçivəsində, beynəlxalq hüququn norma və prinsplərini pozmadan öz milli maraqlarını təmin etməsinə qarşı Qərb, Avropa qısqanclıqla yanaşır. O da etiraf edilməlidir ki, erməni maraqlarından çıxış edərək Azərbaycanın haqları qətiyyən nəzərə alınmır və reallıqlar görməməzliyə vurulur. Ədalətin bərpası, dünya düzənində nizam-intizam o zaman olacaq ki, xalqlara məxsus olan əsl həqiqətlər, eyni zamanda da Azərbaycan həqiqətləri, əsl reallıqlar səmimi şəkildə etiraf ediləcək və Qərb də, Avropa da ikiüzlülükdən, ikili standartların tətbiqindən əl çəkərək doğrunun, düzün tərəfində olacaq. Görünür, Avropa Şurası rəhbəri Çarlz Mişel də etiraflar etdiyi zaman məhz bunu nəzərə alıb. Ümid edirik ki, Azərbaycan həqiqətlərini, əsl reallıqları Qərbin də, Avropanın da hələ çox rəsmiləri etiraf etməli olacaqlar və Çarlz Mişelin etirafı onlar üçün bir dərs də sayıla bilər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla