AZ

Hakimliyimiz həkimlikdi... - KÖŞƏ

Ölkə futbolunda saysız-hesabsız problemlər var.

Premyer-liqamızın ümumi mənzərəsi bəs edir ki, aşağı liqaların durumunu təxmin edəsən. Ev oyunlarını keçirməyə stadionu olmayan kim, futbolçuların maaşını vermək üçün pul tapa bilməyən kim, sadəcə, komanda ilə bağlı yox, “yuxarılar”da olan çatışmazlıqlara görə sabit nəticə qazana bilməyən kim... Uşaq futbolunun durumuna ağlayanda başqa ölkələrdə çıxış edən uğursuz legionerlərimiz “inciyir”, onlara ağlayanda aylardı “başsız” qalan millimiz. Hələ aşağı yaş qruplarını demirik!

Mövsümün əvvəlindən bəri müzakirə mövzusu olan başqa məsələ isə Hakimlər Komitəsinin fəaliyyətidi. Vəziyyət çox qəlizdi. Bəli, səviyyə çox aşağıdı, amma dərd təkcə bu da deyil. Hakimlərin yanlış qərarlarının sayı o qədər çoxdu ki, kateqoriyalara bölünüb: qərəzli olanlar və təcrübəsizlikdən doğanlar!
Cari mövsümün birinci yarısında “Səbail”in hakimlərin köməyi ilə yaxşı nəticələr qazandığı iddia olunurdu. Bu məsələ o qədər müzakirə edildi ki, “dənizçilər”ə “göz dəydi”. İkinci yarıda isə hədəfə “Sumqayıt” gəldi. Hələ də çoxları düşünür ki, “kimyaçılar”ın ikinci pillədə qərarlaşmasının memarı hakimlərdi. Məsələn, 28-ci turda “Araz-Naxçıvan”ı (1:0) qəbul edən komanda 5-ci dəqiqədə haqsız penaltiylə hesabı açmış və sonda 3 xala yiyələnmişdi. 29-cu turun “Neftçi” – “Sumqayıt” matçında (1:1) isə bakılıların təmiz qolu sayılmamışdı. 32-ci turda evdə “Qarabağ”la qarşılaşan “Sumqayıt”ın qapısına penalti təyin edilməliydi. Lakin yenə ədalət tərəzisi düz göstərmədi! Siyahını genişləndirmək də olar. Amma sadalananlar yeganə günahkarın “Sumqayıt” olması demək deyil. Mən nə Samir Abasovun, nə də futbolçularının əziyyətinə kölgə salmaq fikrindəyəm. Çünki məhz öz ustalıqları, bacarıqları hesabına kifayət qədər qələbə qazanıblar. Belədə məsuliyyətin ən ağır yükü AFFA-nın üzərindədi. Ona görə ki, səlahiyyətli qurum belə problemlərin həllində aciz görünür. Ya özünü azarkeş kimi aparıb seyrçi rolunu oynayır, ya da bu problemin həllinə hələ sıra gəlməyib.

Mövsüm başlayandan bəri “Turan Tovuz” və “Sabah” hakimlərin fəaliyyətiylə bağlı etiraz bəyanatı yayıb. Bir çox baş məşqçi mətbuat konfranslarında irad bildirib. Hətta Qurban Qurbanov da! Hələ onun hakimə etiraz etdiyinə görə cəzalandırıldığı da bəllidi. Əsl səbəbkarlara gəlincə, bu barədə ciddi tədbir görülməyib. Düzdü, bir ara Elçin Məsiyevin təyinatlarının sayı xeyli azaldı. Kamranbəy Rəhimovu isə hələ də meydanlarda görmürük. Amma hər şey bununla həll olunmur. Ümumiyyətlə, bəlalar bir-iki hakimlə bağlı deyil. Demək olar ki, bütün hakimlərin ciddi narazılıq doğuran qərarlarının şahidi olmuşuq. İstər baş hakim kimi, istərsə də VAR hakimi kimi...

Hər halda, 2022-ci ilin yayında Hakimlər Komitəsinin sədri təyin olunan Barış Şimşək etimadı doğrultmadı. Onun AFFA ilə müqaviləsinin iki ay ömrü qalıb. Deyilənlərə inansaq, yola salınacaq və başqa əcnəbi mütəxəssislə əvəzlənəcək. Türkiyədə bacarıqlı hakim kimi ad qazanmış, Avropa meydanlarında tər tökmüş FİFA referisi Bakıda özünü göstərə bilmədi. Heç kim şübhə etmir ki, o, hakimliyimizin səviyyəsini qaldırmağa qadir deyil. Bu öz yerində...Avrokuboklara vəsiqə qazanmaq baxımından əhəmiyyətli matçlar bizi gözləyir. Belədə qeyd-şərtsiz qüsursuz idarəçiliyə ehtiyac var. Yoxsa komandaların uzun mövsüm ərzində çəkdiyi əziyyət heçə çevriləcək.

Ümumiyyətlə, futbolumuzda hakimlik səviyyəsinin yüksəldilməsi üçün kompleks addımlar atımalıdı. AFFA-nın yeni rəhbərliyi yazının girişində bəhs edilən problemlər sırasına, bəlkə daha irəli pillələrə məhz bu mövzunu qeyd etməlidi. Göründüyü kimi, hakimliyimiz həkimlikdi.Dərhal müalicəvi prosedurlara start verilməli, növbəti mövsüm üçün münbit zəminin əsası qoyulmalıdı.

KƏNAN BAHADIR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla