AZ

Tolerantlıq və dözümlülük mərkəzi – Azərbaycan TƏHLİL

Prezident İlham Əliyev: "Xalqımıza xas zəngin tolerantlıq ənənələrinin, multikultural dəyərlərin təbliği və təşviqi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir"

Azərbaycanın bütün xalqların, bütün səmavi dinlərə tapınanların azad yaşadığı bir dövlət olması ölkəmizi tolerantlıq, dözümlülük mərkəzinə çevirib. Çağdaş dünyamızda Azərbaycanda onlarla milli azlığın nümayəndəsi - rus, ukrayn, tat, kürd, belorus, talış, yəhudi, türk, alman, ləzgi, tatar, avar, gürcü, saxur, udin və s. yaşayır və onlar öz dillərindən istifadə edir, maddi-mənəvi mədəniyyətlərini qoruyub saxlayır, özlərinin milli-mədəni birliklərini, assosiasiyalarını və ittifaqlarını yaradırlar. Belə təşkilatlardan Talış Mədəni Mərkəzi, Kürd Mədəni Mərkəzi (Ronai), Ləzgi Mədəni Mərkəzi (Samur), Ləzgilərin Mifologiyasını Öyrənən Mərkəz, "Saxur" Mədəni Mərkəzi, Şeyx Şamil adına Avar Cəmiyyəti, Udinlərin "Orayin" Mədəni Mərkəzi, tatların "Azəri" Mərkəzi, Buduq Mədəni Mərkəzi, Azərbaycan Slavyanlarının Mədəni Mərkəzi, Rus İcması Cəmiyyəti, Xınalıq Mədəni Mərkəzi, Azərbaycan Tatlarının İcması, Azərbaycan Gürcülərinin Cəmiyyəti, Azərbaycan Ukraynalılarının Cəmiyyəti, Azərbaycan Avropa Yəhudilərinin İcması, Almanların Milli - Mədəni Cəmiyyəti və s. göstərmək olar. Bütün xalqların nümayəndələri öz ayinlərini, milli bayramlarını sərbəst şəkildə yerinə yetirirlər. "Bu gün Azərbaycan Respublikası müxtəlif dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimad mühitinin, demokratik birgəyaşayış prinsiplərinin mövcud olduğu unikal bir məkandır və dünyada sivilizasiyalararası münasibətlərin inkişafına mühüm töhfələr verir. Cəmiyyətimizdə dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsin mədəni özünüifadəsi üçün bərabər imkanlar yaradılmışdır. Təqdirəlayiq haldır ki, ölkəmizin bütün etnik və dini azlıqları, o cümlədən xristian vətəndaşlarımız ictimai-siyasi həyatın bütün sahələrində yaxından iştirak edir, Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə vətəndaşlıq borcunu layiqincə yerinə yetirirlər". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pasxa bayramı münasibəti ilə Azərbaycanın pravoslav xristian icmasını təbrikində bildirib: "Qədim dövlətçilik tarixinə malik olan Azərbaycanda ayrı-ayrı xalqların və etiqadların mənsubları yüz illərdir ki, sülh və əmin-amanlıq şəraitində yaşayır, heç bir ayrı-seçkiliyə məruz qalmadan dil və mədəniyyətini, etnik-mədəni özünəməxsusluğunu qoruyub saxlayırlar. Xalqımıza xas zəngin tolerantlıq ənənələrinin, multikultural dəyərlərin təbliği və təşviqi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir".

BİRGƏYAŞAYIŞ MODELİ

Azərbaycan müstəqillik illərində dövlət dini azlıqların hüquqlarının qorunması və təminatı sahəsində çox mühüm və ciddi addımlar atıb. Müxtəlif dini mənsubiyyətə malik insanlar cəmiyyətimizin ayrılmaz tərkib hissəsi olaraq dövlətin diqqət, qayğı və himayəsini eyni dərəcədə üzərlərində hiss edirlər. Bu gün ölkəmizdə bütün millətlərin və dinlərin nümayəndələri tam qarşılıqlı anlaşma, milli həmrəylik şəraitində yaşamaları üçün bütün şərait yaradılıb. Sosial bir hadisə olan tolerantlıq cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə isə sülh deməkdir. Təbii ki, tolerantlıq mühitinin olması cəmiyyətdə bərabərliyin, demokratiyanın, tərəqqinin, sosial rifahın, başqa sözlə, ədalətin bərqərarı deməkdir. Müxtəlif siyasi, iqtisadi və coğrafi şəraitlərdə yaşayan xalqların ədalətə çıxışı məhz ilk növbədə çoxmədəniyyətliliyin təmin edilməsindən asılıdır. Bir sözlə, Azərbaycan bu sahədə dünyaya örnək bir dövlət kimi özünü təsdiqləyə bilib.
Azərbaycan Prezidenti İlham Əliyev yürütdüyü siyasət dini konfessiyaların dinc yanaşı yaşamasını, qarşılıqlı əlaqəsini, müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə səy göstərmələrini təşviq edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə İslam, xristian və digər səmavi dinlərin mədəniyyət nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş, inanc yerlərinin təmiri və bərpası ilə bağlı görülən işlər deyilənləri bir daha təsdiqləyir. Dövlət başçısı İlham Əliyevin çıxışlarının birində qeyd etdiyi kimi, biz nəinki ölkə daxilində millətlərarası və dinlərarası münasibətləri ən yüksək səviyyədə tənzimləyirik, həll edirik, biz dünyaya nümunə də göstəririk: "Hesab edirəm ki, biz bu nümunəni göstərərək, başqa yerlərə də öz təsir imkanlarımızı genişləndiririk".

TOLERANT MÜHİTİN REAL İFADƏSİ

Azərbaycanda bütün dini abidələr dövlət tərəfindən qorunur, bərpa edilir. Ölkəmizdə 2250-dən artıq məscid mövcuddur, eləcə də 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Bundan əlavə, Zaqatala və Balakən rayonlarında 127 hücrə vardır ki, onların 115-də Ramazan ayında və dəfn mərasimlərində ayin icra olunur. Ölkə ərazisində 23 xristian dua evi, 1 bəhai, 1 krişna ibadətgahı mövcuddur. Bununla yanaşı, hazırda Azərbaycanda dövlət qeydiyyatına alınmış 942 dini qurum fəaliyyət göstərir. Onlardan 907-si İslam, 35-i qeyri-islam təmayüllü (24-ü xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru) dini qurumlardır. Ölkə başçısının göstərişi ilə bütün əsas dini abidələr təmir olunub. Dünyanın ən qədim məscidlərindən biri olan, 743-cü ildə inşa edilmiş Şamaxı Cümə məscidi yenidən qurulub. Xristian dini abidələri, alban kilsələri, o cümlədən Nic qəsəbəsindəki kilsə, Kiş kilsəsi təmir edilib. Tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunması, həmçinin dini ziyarətgahların, maddi-mədəniyyət abidələrin bərpası və mühafizəsi daim diqqət mərkəzində saxlanılır.
Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyini, eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqinin əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin məlum Sərəncamı ilə paytaxtımızda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı. Azərbaycanda mövdud olan ənənələrin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədi ilə 2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamı ölkəmizdə multikultural mühitə olan münasibətin daha bir real ifadəsinə çevrildi. Prezident İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı əsasında Azərbaycan İlahliyyat İnstitutunun yaradılması xalqın tarixi ənənələrinə söykənən dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı milli kadrların hazırlanması baxımından səmərəli addımlardan biri olub.
Dövlət tərəfindən multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılması istiqamətində həyata keçirilən multikulturalizm siyasəti və bu istiqamətdə reallaşan tədbirlər dünya dövlətləri üçün nümunəyə çevrilib. Bu gün ölkəmizdə bütün millətlərin və dinlərin nümayəndələri tam qarşılıqlı anlaşma, milli həmrəylik şəraitində yaşaması üçün bütün şərait yaradılıb. Ölkəmizdə heç bir millətin, milli və ya dini azlığın nümayəndəsinə onların dini mənsubiyyətlərinə görə başqalarından üstün olmaq kimi ideyaları aşılamaq yolverilməzdir.

DİNİ ETİQADIN, DİL VƏ MƏDƏNİYYƏTİNİ İNKİŞAFI ÜÇÜN DEMOKRATİK MÜHİT

Azərbaycanda dövlətin dəstəyi hesabına sinaqoqlar, məscidlər, kilsələr tikilib və tikilməkdədir. Ölkəmizdə qədim zamanlardan müxtəlif dini etiqadların, o cümlədən müsəlmanların, yəhudilərin və xristianların sülh və əmin-amanlıq şəraitində birgə yaşaması hər kəsə bəllidir. Son illər qloballaşan dünyamızda müxtəlif bölgələrdə dini radikalizm, terrorizm, dözümsüzlük və ksenofobiya kimi halların artdığı dövrdə Azərbaycan özünəməxsus tolerantlıq təcrübəsi ilə beynəlxalq ictimaiyyət üçün uğurlu bir model təqdim edir. Hər bir dinin nümayəndələri rahat yaşayır, milli bayramlarını qeyd edir, öz dilində təhsil almaq imkanına malikdirlər. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin vurğuladığı kimi, bu gün dünyada nümunəvi tolerantlıq örnəyi, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınan Azərbaycanda tarixən dinlər əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində fəaliyyət göstərmiş, fərqli mədəniyyətlərin təmsilçiləri olan ayrı-ayrı xalqlar və etnik icmalar ümumi Vətən sevgisi, azərbaycançılıq məfkurəsi ətrafında sarsılmaz birlik və həmrəylik nümayiş etdirmişlər: "Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunub-saxlanılması, multikulturalizmin dəstəklənməsi və təşviq edilməsi müasir mərhələdə həyata keçirdiyimiz dövlət siyasətinin başlıca məqsədlərindən biridir. Ölkəmizdə yaşayan müxtəlif xalqlara öz milli-mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub-saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün demokratik şərait təmin edilmişdir".
Ölkəmizdə mövcud olan vəziyyət, reallıqlar dövlət siyasətinin məntiqi nəticəsidir.
Azərbaycan tolerant ölkə olaraq dünyada tanındığı bir zamanda ermənilər 30 ilə yaxın işğal altında olan dini abidələrimizi dağıtmış, viran qoymuşdular. "Azad edilmiş bütün torpaqlarda bizim tarixi, mədəni, dini irsimiz ermənilər tərəfindən dağıdılıb, təhqir edilib, sökülüb", - deyə Prezident çıxışlarının birində bildirmişdir.
Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Arxeoloji irsin mühafizəsi haqqında" Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun konvensiyasına zidd olsa da işğal altında və Ermənistanda qalan Azərbaycan mədəniyyət abidələrinin əksəriyyəti məhv edilib. Bütün bunlara baxmayaraq, Azərbaycan dağıdılmış, talan edilmiş məkanları, tarixi abidələrimizi bərpa edəcək. Erməni vandalları xalqımıza məxsus olan bütün abidələr dağıdıb, yerlə-yeksan ediblər. İşğal altındakı torpaqlarımızda təqribən 403 tarixi dini abidə olub ki, onlardan 67-i məscid, 144-ü məbəd, 192-i ziyarətgahdır. 67 müsəlman məscidinin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Ermənilərin əxlaqsızlıq, mənəviyyatsızlığının məntiqi olaraq Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla simasız, rəzil olduqlarını göstərmiş oldular. Bu azmış kimi Zəngilan rayonunda olan məscidlərdən də bu məqsədlə istifadə ediblər.
Artıq Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başlayıb. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçirilir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
Mənbələr
Şərh ()
Bağla