AZ

Heydər Əliyevin adı Azərbaycan və dünya tarixinə həkk olunub

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adı onlarla əlamətdar hadisə ilə Azərbaycan və dünya tarixinə qızıl hərflərlə yazılmışdır. Onun Azərbaycana qayıtması ilə müstəqil dövlətin siyasətinin və iqtisadiyyatının formalaşması dövrü başlamışdır. Ulu öndərin həmin dövrdə qəbul etdiyi qərarlar zaman keçdikcə bütün dünya birliyi üçün xüsusi əhəmiyyət kəsb edən bir çox regional nəqliyyat və enerji layihələrinin əsasını təşkil etdi. İstehsalın bərpası, ölkədə maliyyə vəziyyətinin yaxşılaşdırılması, investisiyaların cəlb edilməsi üçün hazırladığı anti-böhran proqramı ölkəmizin çiçəklənməsinə gətirib çıxardı.

Təcrübəli strateq olan Heydər Əliyev Ermənistanla Azərbaycan arasında davam edən müharibənin o dövr üçün real vəziyyətini nəzərə alaraq düzgün mövqe tutmuş və 1994-cü ildə Azərbaycan ərazisinin 20 faizinin işğalına görə məsuliyyət daşıyan qonşu Ermənistanla atəşkəs imzalamışdır. Heydər Əliyev bu müdrik siyasi qərarı ilə daha çox qan tökülməsinin qarşısını ala, ölkədə sabitliyin yaradılmasına, hərbi sahədə əsaslı dəyişikliklərin aparılmasına münbit şərait yarada bildi. Zaman keçdikcə Heydər Əliyevin müstəqil və sabit dövlət quruculuğu istiqamətində atdığı addımlar nəticəsində Azərbaycanın dövlətçilik maraqlarının keşiyində durmağa qadir Milli Ordu formalaşdı.

Həmin dövrdə Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı. Ümummilli liderin qəbul etdiyi mühüm qərarlardan biri də vətənpərvərlik və vətənə məhəbbət ruhunda tərbiyə olunan çoxmillətli cəmiyyətin formalaşdırılması olmuşdur. Heydər Əliyev çox gözəl başa düşürdü ki, xalqın birliyi həqiqi suveren dövlətin inkişafının əsas şərtlərindən biridir, sülhün, firavanlığın və təhlükəsizliyin təminatıdır. O, haqlı olaraq multikulturalizm siyasətini Azərbaycan cəmiyyətinin mühüm hissəsi hesab edirdi. Bu siyasət ölkədə tolerantlıq və multikulturalizm ənənələrinin tezliklə bərpasını təmin etdi.

1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə yeni neft strategiyasının uğurla həyata keçirilməsinə başlanıldı. Müqaviləyə 8 ölkədən 13 ən böyük neft şirkəti qatılmışdır. Ümummilli lider çoxvektorlu xarici siyasət prinsiplərini nəzərə almaqla, ilk növbədə öz xalqının mənafeyini rəhbər tutaraq, dünyanın bütün güc mərkəzləri ilə qarşılıqlı faydalı əsasda əlaqələrinin kişaf etdirilməsini prioritet vəzifə kimi qarşısına məqsəd qoymuşdu. Bakı-Tbilisi-Ceyhan və “Əsrin müqaviləsi” kimi layihələr Azərbaycanın və bütün Cənubi Qafqaz regionunun geosiyasi əhəmiyyətini artırmışdır.

Heydər Əliyevin son dərəcə gərgin və çətin şəraitdə keçən məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan dünya iqtisadi və siyasi birliyinə dinamik şəkildə inteqrasiya etdi. Düşünülmüş diplomatiya və praqmatik xarici siyasət sayəsində bütün türkdilli dövlətlərlə, xüsusilə Türkiyə ilə sıx dostluq əlaqələri qurulmuş, müstəqil Azərbaycanın milli maraqları nəzərə alınmaqla Rusiya, ABŞ, Avropa ölkələri ilə əməkdaşlıq formalaşdırılmışdır.

Heydər Əliyev Rusiya ilə dostluq münasibətlərinin qurulmasında, iki ölkə arasında strateji tərəfdaşlığın əsaslarının qoyulmasında mühüm rol oynamışdır. Odövrdə ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edən əsas sənəd 1997-ci il iyulun 3-də imzalanmış Dostluq, Əməkdaşlıq və Qarşılıqlı TəhlükəsizlikMüqaviləsi idi. Həmin ilin avqustunda Prezident Heydər Əliyevin ABŞ-a ilk rəsmi səfəri zamanı imzaladığı “Amerika-Azərbaycan münasibətləri haqqında” birgə bəyanatda Azərbaycan Respublikası ABŞ-ın strateji tərəfdaşı elan edildi.

Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi, ölkənin inteqrasiya proseslərində iştirakı ilə sürətlə möhkəmlənməyə başladı. Heydər Əliyev təkcə prezidentliyinin birinci dövründə 33 ölkəyə səfər etmiş, 232 beynəlxalq tədbirdə iştirak etmişdir. Ölkəmiz tədricən qlobal və regional təhlükəsizlik sistemlərinin mühüm iştirakçısı kimi özünü göstərməyə başlamışdır.

Beləliklə, Heydər Əliyevin düşünülmüş çoxvektorlu xarici siyasəti nisbətən gənc müstəqil dövlətin milli maraqlarının qorunmasında müstəsna rol oynamışdır. 2004-cü ildə bütün həyatını vətənin və Azərbaycan xalqının rifahına xidmətə həsr etmiş Ulu öndərin xatirəsini əbədiləşdirmək üçün Heydər Əliyev Fondu yaradılmışdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond 20 il ərzində bir çox sahələrdə böyük işlər görüb, mədəniyyət və təhsil sahəsində bir çox layihələr, eləcə də sosial əhəmiyyətli xeyriyyə proqramları həyata keçirmişdir. Heydər Əliyev Fondu uşaqların, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhid övladlarının problemlərinin həllinə xüsusi diqqət yetirir. Azərbaycan mədəniyyətinin və tarixinin geniş təbliği, mənəvi-əxlaqi dəyərlərin qorunub saxlanması ilə bağlı fəal tədbirlər həyata keçirilir.

İlham Əliyev dövlət başçısı seçildiyi ilk gündən Ulu öndərin siyasi kursunu - demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini inamla davam etdirir. Heydər Əliyevin ən böyük arzusu Qarabağın erməni işğalından azad edilməsi, ölkənin ərazi bütövlüyünün təmin edilməsi idi. Heydər Əliyevin arzusunu onun siyasi kursunun davamçısı İlham Əliyev reallaşdırdı. Onun komandanlığı ilə rəşadətli Azərbaycan ordusu 2020-ci ilin payızında 44 günlük Vətən Müharibəsi zamanı ölkəmizin tarixi torpaqlarını erməni işğalından azad etdi. Ümummilli liderin istədiyi kimi çoxmillətli Azərbaycan xalqı vahid cəbhə altında bir yumruq kimi birləşdi. Bütün etnik azlıqların nümayəndələri çiyin-çiyinə vətənin müdafiəsinə qalxaraq Azərbaycan xalqının gücünü və birliyini döyüş meydanında sübut etdilər. 2023-cü ilin sentyabrında cəmi 23 saat davam edən lokal antiterror tədbirləri zamanı Azərbaycanın tam suverenliyi bərpa olundu. Azərbaycanın Qarabağ bölgəsində əvvəllər fəaliyyət göstərən qanunsuz separatçı rejimin qalıqları silahı yerə qoymağa məcbur edildi. Bu gün Azərbaycan bayrağı respublikanın bütün rəsmi dövlət sərhədləri boyunca dalğalanır.

2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildikdən sonra Prezident İlham Əliyev Ümummilli liderin məzarını ziyarət edərək, “Atamın vəsiyyətini yerinə yetirdim” deyə fəxrlə demişdir. Azərbaycan keçmiş SSRİ məkanında dondurulmuş münaqişələrin olduğu dövlətlər arasında ilk olaraq öz ərazi bütövlüyünü, tarixi və siyasi ədaləti bərpa edərək Qarabağın Azərbaycan olduğunu bütün dünyaya sübut etdi! Ümummilli liderin siyasi iradəsi yerinə yetirildi. Bu gün Heydər Əliyevin parlaq xatirəsi Azərbaycan xalqının qəlbində əbədi olaraq yaşayır və yaşayacaqdır.

Anastasia Lavrina

YAP Gənclər Birliyinin üzvü

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
50
Mənbələr
Şərh ()
Bağla