AZ

Kilian Mbappe: “PSJ-nin ÇL-də finala yüksələcəyinə əminəm”

PSJ-nin fransalı ulduz hücumçusu Kilian Mbappe Çempionlar Liqasının Dortmund “Borussiya”sı ilə cavab oyunundan gözləntilərini paylaşıb.

Arena.az xatırladır ki, Dortmunddakı ilk oyunda “Borussiya” 1:0 hesablı qələbəyə sevinmişdi.

“Komanda çox sakitdir. Əminik ki, məğlubiyyətdən qurtula və finala yüksələ biləcəyik. Düşünürəm ki, hər şey yaxşı olacaq, artıq buna hazırlaşıram. Mən oyuna yaxşı əhval-ruhiyyədə gələcəyəm, komandamın rənglərini qorumağa və finala yüksəlməyimizi təmin etməyə hazıram”, – “Get French Football News” dərgisi Mbappenin iddialı fikirlərini sitat gətirir.

Xatırladaq ki, cavab oyunu çərçivəsində PSJ Dortmund “Borussiya”sını sabah, mayın 7-də Parisin “Park de Prens” stadionunda qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Kilian Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Fransalı ulduz Paris klubuna həmin ilin iyulunda 180 milyon avro müqabilində “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 43 qol vurub, 10 məhsuldar ötürmə verib.

Mbappenin PSJ-nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 305 oyun, 255 qol, 108 məhsuldar ötürmə.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 77 oyun keçirib, 46 qol vurub və 31 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
Mənbələr
Şərh ()
Bağla