AZ

3-cü bundesliqa komandasını qadın məşçi çalışdıracaq!

Hazırda 3-cü bundesliqada çıxış edən “İnqolştadt” maraqlı addım atıb.

Rəhbərlik baş məşqçi postuna xanım təyin etmək qərarına gəlib. Belə ki, mövsümün sonuna qədər bu vəzifəni Sabrina Vittman icra edəcək! 32 yaşlı bu xanım bugünlərdə istefaya göndərilən Mihael Kellnerin yerini tutacaq. “İnqolştadt”ı mövsümün əvvəlindən bəri məhz Kellner çalışdırırdı. Klub bir ara 4-cü pilləyə qədər yüksəlmişdi və 2-ci bundesliqaya qayıtmaq xəyalları ilə yaşayırdı. Amma fevralın ortalarından etibarən nəticələr pisləşməyə başladı. Son 11 turda cəmi iki qələbə qazanan “İnqolştadt” 11-ci pilləyə gerilədiyindən Kellner qovuldu.

Vittmana gəlincə, o, 2021/22-dən etibarən “İnqolştadt”ın sistemindədi. Sadəcə, bu vaxta qədər U-19 komandasını çalışdırırdı. Həmin komanda bu xanımın başçılığı altında yenicə başa çatan gənclər arasında bundesliqanı 5-ci pillədə tamamladı. Bundan başqa, Vittman “İnqolştadt”da futbolun inkişafı üzrə komitəyə başçılıq edirdi. Rəhbərliyin fikrincə, bu xanımın artıq əsas komandanı çalışdırmaq üçün yetərincə təcrübəsi var. Kellnerin köməkçiləri qovulmayıb. Onlar indi də Sabrina Vittmana yardım edəcək. Müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub. Nəticələr ürəkaçan olsa, Vitmmanın bu vəzifədə qalacağı istisna olunmur. Bu xanımın məşqçi karyerası hələ 2009-dan başlayıb. Vittman həmin vaxt “Audi Şanser” adlı futbol məktəbində işləməyə başlayıb. Daha sonra “İnqolştadt”ın müxtəlif yaş qruplarından ibarət komandalarını çalışdırıb, eləcə də Almaniyanın U-16 yığmasının köməkçi məşqçisi kimi işləyib.

Cəmi 20 il öncə - 2004-də əsası qoyulan “İnqolştadt” artıq bundesliqada oynamağa da macal tapıb. Bu klub 2015-də elitaya vəsiqə qazanmış və hətta ilk mövsümdə bundesliqanı 11-ci pillədə tamamlamışdı. Amma 2016/17-ni 17-ci pillədə tamamlayaraq elita ilə vidalaşan İnqolştadt şəhərinin eyniadlı komandası o vaxtdan bəri aşağı liqalarda çıxış edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla