AZ

Bir videoları ilə gündəm oldular, gördükləri işlər heyran etdi - MÜSAHİBƏ - VİDEO

Ölkə.Az-ın budəfəki müsahibi İngiltərədə yaşayan Röyalə Əmiral Moodydir. O, İngiltərədə Tomas adlı bəylə ailə həyatı qurub. 3 övladı olan cütlük sosial şəbəkələrdəki paylaşımları ilə diqqət çəkir. 

Röyalə Əmiral Moody həyat yoldaşı Tomasa, o cümlədən qayınana və qayınatasına da adət-ənənələrimizi öyrətməklə kifayətlənməyib, eyni zamanda dilimizi, mahnılarımızı və s. öyrədib. Cütlük övladlarını Azərbaycanın milli-mənəvi dəyərlərinə bağlı böyüdür və ölkəmizin tanıdılması üçün fəal diaspor fəaliyyəti ilə məşğul olur.

Daha ətraflı müsahibədə:

- Özünüz haqqında məlumat verərdiniz, zəhmət olmasa?

- 1987-ci ildə Naxçıvanın Nehrəm kəndində anadan olmuşam. Artıq 20 ildir ki, İngiltərədə yaşayıram. Hazırda bir şirkətdə əmlak hüquqşunası kimi fəaliyyət göstərirəm.

- İngiltərəyə necə gedib çıxdınız? 

- Orta məktəbi bitirən kimi sənədlərimi xarici universitetlərə göndərdim və Bradford Universitetində (The University of Bradford) hüquq ixtisasına qəbul oldum. Universiteti bitirdikdən sonra isə orada qaldım və işlədim.

- Həyat yoldaşınızla tanışlığınız necə olub?

- Tomla eyni şirkətdə işləyirdik, iş yoldaşı olmuşuq.

- Diaspor fəaliyyətiniz barədə də danışardınız mümkünsə?

- Artıq bir neçə ildir ki, Azərbaycan Diasporunun İngiltərədə keçirdiyi vətənimizə həsr olunmuş bir çox gözəl tədbirdə iştirak edib öz dəstəyimizi göstəririk. 

- Bir azərbaycanlı kimi sizə İngiltərədə ən fərqli və ya qəribə gələn nə var idi?

- Mənə fərqli gələn əsas xüsusiyyətlərindən biri münasibətləridir. Evlənmədən öncə birlikdə yaşayırlar və daha sonra ailə qururlar. Eyni zamanda valideynlər övladlarını yönləndirmir, məktəbi bitirdikdən sonra universitet oxuyub-oxumamaq uşaqların öz seçiminə buraxılır.

- Azərbaycanlılarla ingilislərin oxşar və fərqli cəhətləri nələrdir?

- Oxşar cəhət olaraq hər iki millətin ənənəvi musiqi və rəqs sevgisini, qonaqpərvərliyini, təhsilə, ailəyə, tarixi milli mətbəxinə verdiyi dəyəri deyə bilərəm. Fərqli xüsusiyyət olaraq isə azərbaycanlılarda vətən sevgisi daha çoxdur, daim öz ölkəmizlə, millətimizlə fəxr edirik.

- Vətənə bu qədər bağlı olmağınızın xüsusi bir səbəbi varmı? Biz xaricdə yaşayan azərbaycanlıların vətənə burada yaşayanlardan daha çox bağlı olduğunu müşahidə edirik. Bunu nə ilə əlaqələndirirsiniz?

- Düşünürəm ki, ilk növbədə bu hiss mənə lap uşaqlıqdan ailəmdən, xüsusilə də atamdan aşılanan hissdir. Bununla yanaşı, sizin də qeyd etdiyiniz kimi, uzun illər vətəndən uzaqda yaşamağın da böyük payı var. İnsan öz doğma torpağından, insanlarından uzaq qaldıqca vətənin qədrini daha yaxşı başa düşür.

- Bəs İngiltərədə Azərbaycanı tanıyırlarmı?

- Azərbaycanı son ildə daha çox tanımağa başlayıblar. "Eurovision", futbol və "Formula 1" sayəsində. Yaşlı nəsil tanıyırdı, amma bunlar sayəsində gənc nəsillər də artıq Azərbaycanı tanıyır.

- Əmiral maraqlı soyaddır. Mən azərbaycanlılarda belə soyad görməmişəm. Bu, haradan gəlir?

- Biz öz soyadımızdan "yev" sonluğunu atdıq və öz türk soyadımıza geri qayıtdıq. Xarici ölkədə yaşayarkən öz milli mənsubiyətini qoruyub saxlamaq böyük önəm kəsb edir. Moody isə həyat yoldaşımın soyadıdır, amma o da bizim soyadımızı qəbul edib.

- Vətən müharibəsi dönəmində orada ab-hava necə idi? İlk qələbə xəbəri ilə tanışlığınız necə oldu?

- Vətən müharibəsi zamanı burada pandemiyaya görə küçələrdə az insanlar olurdu. Amma sosial şəbəkələr vasitəsilə dostlarımız bizimlə kədərimizi və sevincimizi paylaşırdılar. 

Qələbə xəbərini biləndə ilk qardaşım Nəimi Əmiralla əlaqə saxladıq. Sonra Tomas öz ailəsinə zəng etdi, hər birimiz çox sevincli və qürurlu idik.

- Xarici vətəndaşla ailə qurmaq istədiyinizdə ailənizin reaksiyası necə olmuşdu?

- Ailəm ailə qurmaq istədiyimi biləndə, "fərqli mədəniyyət, fərqli ailə dəyərləri necə olar?" deyə düşünürdülər, amma Tomu tanıdıqdan sonra onu çox sevdilər və razı oldular.

- Xaricdə yaşayan azərbaycanlılar ən çox da bizim yeməklər üçün darıxdıqlarını deyirlər. Bəs siz?

- Mən vətənimizin, havası, suyu, qoxusu və gözəl insanları üçün darıxıram. Vətənin yerini heç bir ölkə əvəz edə bilməz.

- Azərbaycanda bir çox iş yerində ikinci dil bilmək tələb olunur. Amma Avropada yaşayan bir neçə azərbaycanlı ilə danışanda onlar demişdilər ki, burada (yaşadıqları ölkədə) əsas tələb ana dilini bilməkdir. İngiltərədə dil məsələsinə münasibət necədir? 

- Burda da eyniylə ən əsas ingilis dilinə, öz ana dillərinə üstünlük verirlər. İkinci dil bilən insan demək olar çox azdır.

- Qayınana və qayınatanızı da bizimkilərə bənzətmisiniz, azərbaycanlı kimi olublar. Onlar da yəqin Azərbaycanı çox sevir...

- Əlbəttə, Azərbaycanı çox sevirlər. Dilimizi öyrənirlər, yeməklərimizi, ailə dəyərlərimizi, böyüklərə hörmət etməyimizi sevirlər. 

Onların ən sevdiyi adətlərimizdən biri də valideynlərə sahib çıxmağımızdır və bizdə Azərbaycan adətlərinə sadiq qalaraq Tomasın valideynləri ilə birlikdə yaşayırıq.

- Demişdiniz ki, vətənpərvərlik hissi atanızdan keçib. 

- Atam Əskər bəy həkim olub, ona görə də hər birimizin təhsilinə xüsusi diqqət göstərib. O çox ailəcanlı, sevgi dolu, daim övladlarına dəstək olan, hər qərarımızda arxamızda duran bir ata olub. Daim bizi də özü kimi vətəninə sevgi bəsləyən biri kimi böyütməyə çalışıb.

- Bilirəm ki, həyatınızı orada qurmusunuz. Bəs nə vaxtsa Azərbaycana dönmək fikriniz varmı? Yoldaşınız da burada yaşamaq istəyərdimi?

- Tomas da mənim kimi bir gün Azərbaycanda yaşamaq istəyir.

- Vaxt ayırdığınız üçün təşəkkür edirəm.

- Siz sağ olun!

Billurə Yunus

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
Mənbələr
Şərh ()
Bağla