AZ

İki bədən, bir baş -FELYETON

Mən danışanda adımı ya görməmiş, ya geridə qalmış, ya da sözbaz qoyanlar var. Elə bilməsinlər ki, qulağıma çatmır. Lakin gəlin, hərdən əyri oturaq, düz danışaq. Mən sizə sual verim, siz də mənə, görək burada görməmişlik nədir, sözbazlıq nədir, geridə qalmaq nədir.

Yaxşı, tutaq ki, oturmuşuq, söhbət edirik. İndi mən nağıl edim, siz də qulaq asın. Metroda eskalatorla aşağı enirəm, ya da fərqi yoxdur, yuxarı qalxıram. Görürəm ki, uzaqdan iki adam yanaşı enir və ya qalxır. Lakin bu, necə iki adamdır ki, bir başı var.

Bismillahir-rəhmanir-rəhim, deyirəm öz-özümə. Yəqin yenə beyindaxili təzyiqim qalxıb, gözüm yaxşı seçmir.

Başlayıram çantamı qurdalamağa. Axtarıb eynək qabımı tapıram. Açıb içindən eynəyi çıxarıram, geyinirəm gözümə, baxıram ki, vallah, qarşıda iki adam, budur enir, lakin bunların bir başı var.

Deyirəm, ay yazıq, gör nə günə qalmısan ki, ta eynəklə də gözün görmür. Bir xeyli belə deyinirəm. Təzədən çıxarıb dəsmalı eynəyimi bir də yaxşı-yaxşı silir və gözümə qoyuram. Bu dəfə əks istiqamətdəki eskalator yaxınlaşır və mənə imkan yaranır ki, kor didələrimlə bayaqdan bəri gözlərimi dikdiyim mənzərəni görə bilim. Baxıram ki, bəli, mən heç də yanılmamışam. Burada iki nəfər edir, lakin yenə də bir başı var. Biri oğlandır, biri qız. Qızın başı oğlanın sinəsində, gödəkcəsinin yaxasının içinə girdiyi üçün mən onları səhərdən bəri iki bədənli, bir başlı görürəm.

Sonrakı günlərdə də uzaqdan gözümə belə mənzərə sataşanda bu dəfə ta nə əziyyət çəkib gözümü zilləyirəm, nə də lap çox əziyyət çəkib çantamı açıb, gözlüyümü çıxarıb gözümə taxıram.

Bu dəfə deyirəm, ay binəva, səbrin olsun da, bir dəqiqəyə, dəqiqə yarıma eskalator sən tərəfə enəcək, ya da qalxacaq, sən də hərdən gördüyün mənzərəni yenidən görəcəksən. Belə edirəm və görürəm ki, hə, eynidir, iki bədən, bir başdır qarşıdakı. Başlardan biri digər bədənin sinəsi üzərində bərqərar olduğundan kənardan adama iki bədən, bir baş təsiri bağışlayır.

Bu dəfə deyirəm ki, elə yaxşı ki, gözün zəif görür. Kor olsa hələ, bundan da yaxşıdır.

İndi gəlin mənə min dəfə deyin ki, ay görməmiş, ay geridə qalmış, ay sözbaz. Nə deyirsiniz, deyin, cəhənnəmə deyin. Mən də deyirəm ki, cəmiyyət arasında iki bədən, bir baş ola bilməz, hər kəs başını öz üzərində gəzdirməyə məcburdur.

Bunu görməzdən gələ, “müasirlik” kimi qəbil edə bilmərəm. Məcburam ki, söz edib danışam ki, ürəyim də partlamasın.

Siz görməmiş, geridə qalmış, sözbaz olmayın da... Mən beləyəm.

Mətanət Məmmədova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla