AZ

Ac favorit - TƏQDİMAT

Bu yay bütün Avropanın diqqəti Almaniyaya yönələcək. Qitənin 24 ən güclü millisi sayca 17-ci Avropa çempionatında mübarizə aparacaq. İyunun 14-dən iyulun 14-dək davam edəcək yarışın startına 39 gün qalıb.

İdman.biz AVRO-2024-ün iştirakçılarının təqdimatına start verir. Bu həftə A qrupunun komandalarını nəzərdən keçirəcəyik. Silsilə yazılara çempionatın meydan sahibi Almaniyadan başlayırıq.

Əbədi favorit
Almaniya millisi Avropa çempionatlarının iki ən titullu komandasından biridir. İspaniya kimi üç çempionluğu olan Bundestim mükafat sayında mütləq rekordçudur. 3 qızıldan başqa, 3 gümüşü də olan yığma 3 dəfə də yarımfinalda dayanıb. Almanların qatıldığı 13 qitə çempionatından 9-da ən yaxşılar sırasında olması onları əbədi favorit saymağa əsas verir. Lakin Avropadakı son çempionluq uzaq 1996-cı ildə yaşanıb. Millimizdə də işləmiş Berti Foqtsla qazanılan həmin uğuru sonradan təkrarlamaq mümkün olmayıb.

Ac
Əbədi favorit bu dəfəki yarışa seçmə mərhələdə oynamadan qatılacaq. Meydan sahibi kimi birbaşa vəsiqəyə sahib olan yığma doğma divarlar arasında uğur qazanmağa çalışacaq. Almaniyada çempionluq üçün çox darıxıblar. Bu da əbəs deyil. 2014-cü ildəki dünya çempionluğundan sonra heç bir titul qazanılmayıb. AVRO-2016-dakı yarımfinal son 10 ilin ən böyük uğurudur. Son iki dünya çempionatı “Futbolu 22 nəfər oynayır, sonda almanlar udur” ifadəsini alt-üst edib. Bundestim həm DÇ-2018, həm DÇ-2022-də faciəvi nəticə ilə üzləşərək qrupda qalıb. AVRO-2020-də isə almanlar 1/8 final səddini keçməyib.

Evdə “aspirin” də kömək edər
Uğursuzluq zolağından doğma azarkeşlər önündə çıxmağı hədəfləyən Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmanın böyük uğur üçün yetərli olmadığını düşünənlər də az deyil. Amma gənc mütəxəssisə meydanda zəngin təcrübəyə malik veteranlar da kömək edəcək. Manuel Noyerin liderlik keyfiyyətlərini qeyd etmək vacibdir. Zədələrdən dönən qapıçının yenidən “1 nömrə” olacağı gözləniləndir. Üstəlik, məğlubedilməzliyi ilə bütün dünyaya səs salan “Bayer”in heyətində yeni nəsil yetişib. Florian Virts və “aspirinlər”in digər üzvləri yığma ilə ilk titulunu qazanmaq arzusundadır.

Almaniyanın yer aldığı qrup da Bundestimin “dişinə görə” sayılır. İsveçrə çətin rəqib sayılsa da, meydan sahibləri 1/8 finala 1-ci yerlə çıxmağa iddialıdır.

Almaniyanın qrupdakı matçları:
14 iyun. Almaniya – Şotlandiya
19 iyun. Almaniya – Macarıstan
23 iyun. İsveçrə - Almaniya

Qeyd edək ki, A qrupunun görüşləri Münhen, Köln, Ştutqart və Frankfurtda keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla