AZ

Gürcüstan Qərbin riyakar siyasətini yaxşı xatırladığı üçün yenidən şirin vədlərə aldanmaq istəmirŞƏRH

Gürcüstan

Bakı, 6 may, AZƏRTAC

Bu gün Gürcüstanda baş verənlər təkcə Qərb-Rusiya qarşıdurmasının təzahürləri deyil, həm də ölkənin milli təhlükəsizliyinin, ləyaqətinin qorunması məsələsidir. Ayrı-ayrı QHT-lərin, media qurumlarının vasitəsilə Tbilisidə at oynadan, hökuməti təzyiq və təsir altında saxlayan Qərb dairələrini Gürcüstanın üzləşə biləcəyi risklər deyil, özlərinin şəxsi mənafeləri maraqlandırır. 2004-cü ildən sonra Gürcüstanda kök salan Qərb dövlətləri və təşkilatları bu gün hökumətə “Xarici təsirlər haqqında” qanun layihəsini qəbul etməyə mane olurlar, hökuməti şantaj, təhdid edirlər. 20 il öncə buraxılmış səhv, boşluq hazırda Gürcüstan üçün əsl baş ağrısına çevrilib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Ramiz Alıyev söyləyib.

İrakli Kobaxidze hökumətinin öz mövqeyində haqlı olduğunu bildirən politoloq deyib: “Çirkli pulların, qeyri-şəffaf qrantların axdığı Gürcüstanda qaranlıq, təhlükəli layihələr həyata keçirilir. Hər bir hökumətin haqqı var ki, ölkəyə daxil olan vəsaitlərin mənbəyi və məqsədləri barədə məlumatlara malik olsun. Amma Gürcüstandakı xarici fondlar, QHT-lər, media resursları böyük maliyyə tutumlu layihələrlə bağlı hökumətə, ictimaiyyətə heç bir hesabat vermirlər. Bu da İ.Kobaxidze hökumətini narahat edir. Hakimiyyətdə olan iqtidar yaxşı başa düşür ki, Qərb Gürcüstanda olduğu kimi Ukraynada da həyata keçirdiyi inqilablardan sonra hər iki ölkə Rusiya ilə müharibə aparmalı oldu və öz torpaqlarını ititrdilər. 2004-cü ildə Gürcüstanda hakimiyyətə gətirilmiş Mixail Saakaşviliyə yalan vədlər verildi, ölkə 2008-ci ildə Rusiya ilə qarşıdurmaya sürükləndi. Nəticədə Cənubi Osetiya və Abxaziya itirildi. M.Saakaşvilini bu avantüraya sürükləyən Qərb isə onun arxasında dayanmadı. Gürcüstan xalqı və siyasətçiləri Qərbin bu cür qorxaq və riyakar siyasətini yaxşı xatırladıqları üçün yenidən şirin vədlərə inanıb aldanmaq istəmirlər”.

Ramiz Alıyev qeyd edib ki, Qərbin Gürcüstanda qurduğu təxribat şəbəkəsi 25 minə yaxın QHT-ni əhatə edir. Xalq bu QHT-lərin qeyri-şəffaf, zərərli fəaliyyətlərinin fərqindədir. Gürcüstan cəmiyyətində çox yaxşı başa düşürlər ki, Qərbdən maliyyələşən təşkilatlar burada kök salandan sonra ölkədə təkcə torpaq itkiləri baş vermədi, həmçinin narkomaniya, milli-mənəvi dəyərlərin aşınması, cinsi azlıqlar hərəkatının geniş vüsət alması gücləndi. Avropa İttifaqı viza rejimini liberallaşdırdığı üçün 700 min gürcü Avropaya gedib, aşağı işlərdə çalışır. Oxşar proses Ukraynada da müşahidə olunmuşdu. Qərbin regiondan çıxarılması prosesi əvvəlcə Azərbaycanda baş verib. 2010-cu ildən başlayaraq Amerikanın Azərbaycandakı şəbəkəsinin fəaliyyəti məhdudlaşdırıldı, NED (The National Endowment for Democracy - Milli Demokratiya Fondu) təşkilatının Bakı ofisinin rəhbəri olan Aleks Qriqorevs kimi təxribatçıların cəmiyyəti, gəncləri qiyama qaldırmaq cəhdləri iflasa uğradıldı, QHT-lərin maliyyə fəaliyyətini şəffaflaşdıran qanunlar qəbul olundu və xaricdən maliyyələşmə prosesi nəzarətə götürüldü. Maraqlıdır ki, ABŞ-da və Avropa İttifaqı ölkələrində xarici QHT-lərin sərbəst fəaliyyəti qanunla məhdudlaşdırılır. Onlar illər öncə “Xarici təsirlər haqqında” qanun imzalayıblar. ABŞ və Qərb başa düşür ki, Azərbaycanın mövqeyi olmadan və maraqları nəzərə alınmadan regionda hər hansısa uğura nail olmaq mümkün deyil. Biz görürük ki, hazırda Ermənistan 2004-cü ildəki Gürcüstanın yolunu gedir, Rusiya ilə münasibətləri korlamaq üçün hər cür addımlar atır. Nikol Paşinyan da M.Saakaşvilinin yolunu gedir və bu belə davam etsə, onu da eyni aqibət gözləyə bilər.

“Qərb Gürcüstandakı fondlarının vasitəsilə təkcə gürcü iqtidarına deyil, Azərbaycan hökumətinə də təsir etməyə çalışır. Azərbaycanda fəaliyyət göstərən bəzi QHT-lər, media resursları məhz Tbilisidəki fondlar tərəfindən maliyyələşdirilir və təlimatlandırılır. Qərb Gürcüstan üzərindən Azərbaycandakı şəbəkəsinin qalıqlarını qoruyub saxlamağa çalışır. Buna görə də ciddi cəhdlə “Abzas Media”, “Toplum TV” kimi layihələri müdafiə edir, qanunları pozduqlarına görə həbs olunmuş şəxslərin azadlığa buraxılmasına nail olmağa çalışır. Amma onların bu cəhdləri fayda verməyəcək. Hesab edirəm ki, İ.Kobaxidze hökuməti Azərbaycan iqtidarının uzaqgörən, milli maraqlara cavab verən siyasətini Gürcüstanda da tətbiq edəcək. Gürcüstan hökuməti ondan on, hətta yüz minlərlə kilometr uzaqda yerləşən dövlətlərin yağlı vədlərinə aldanıb tarixi qonşuları ilə münasibətlərini pisləşdirməyəcək, ölkənin ərazi bütövlüyünü risk altına atmayacaq. Gürcüstanın güclənməsi və inkişafı qonşuları ilə münasibətləri yoluna qoymaqla suverenliyini təmin etməkdən keçir”, - deyə politoloq vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla