AZ

Rəqs etmək istəyən şəxs küçədə bıçaqlandı

Göygöl rayonunda 1985-ci il təvəllüdlü Füzuli şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Elşənə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin dekabrın 2-də, saat 21 radələrində Göygöl rayonu, Murovdağ qəsəbəsi ərazisində baş verib. Füzuli həmin gün “ciyər axşamı” məclisində iştirak edib. 

Bu zaman Elşən Füzuliyə yaxınlaşıb, digər şəxslərin də rəqs etməsinə şərait yaratması üçün məclisdən kənara çıxması ilə bağlı irad bildirməsinə görə aralarında mübahisə olub. 

Mübahisə zamanı orada olan həmyerliləri onları intizama dəvət etdikdən sonra Füzuli öz yaşadığı evə gedib. Bundan sonra həmin gün, saat 23 radələrində Elşənin mobil telefonuna zəng vurub, aralarında mübahisəni aydınlaşdırmaq üçün onu nalayiq ifadələrlə söyüb təhqir edib, Murovdağ qəsəbəsi ərazisində yerləşən kompüter oyun zalına dəvət edib. 

Orada aralarında şəxsi münasibətlər zəminində mübahisə zamanı Füzuli Elşəni əvvəlcə yumruq zərbəsi ilə vurub, ona daha sonra isə mətbəx bıçağı ilə döş qəfəsinə xəsarət yetirib. 

Hadisəni törədən Füzulinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Füzuli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Elşəni həmkəndli kimi tanıyıb, onunla əvvəllər hər hansı bir ədavəti, düşmənçiliyi və ya qohumluğu olmayıb: “Buna baxmayaraq, Elşən mənimlə qarşılaşan zaman zarafat etməsinə görə aramızda sözlə mübahisəmiz yaranıb. Mübahisə zamanı Elşən məni nalayiq ifadələrlə söyərək təhqir edib. Özüm də ona cavab vermişəm, onu nalayiq ifadələrlə söyəyək təhqir etmişəm. Bundan sonra kənddə Elşənlə qarşılaşan zaman mütamadi olaraq mənə söz atıb, aramızda mübahisə yaratmağa çalışıb ki, onunla dava edim. Aramızda əvvəllər mübahisə olmasının şahidi olan şəxslər olub-olmamasını xatırlamıram”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Murovdağ qəsəbəsində həmkəndlisi Məhəmmədin “ciyər axşamı” məclisində oynayan zaman həmkəndlisi Elşən ona yaxınlaşıb və kənara durmasını, başqa qonaqların da oynamaq istəmələrini bildirib: “Mənə nalayiq sözlər demişdir. Həmin vaxt aramızda sözlə mübahisə yarandı. Lakin orada olan həmkəndlilərimiz Şirin və Sabir bizi ayırdılar. Elşənlə birlikdə küçəyə çıxdıq. Elşən sərxoş vəziyyətdə arvadımın, bacımın və anamın ünvanına nalayiq ifadələr işlətdi. Həmin vaxt orada olan Şirin və Sabir bizi sakitləşdirdilər. Sonra mən öz yaşadığım evə getdim. Evdə olan zaman mənə zəng gəldi. Lakin həmin vaxt həyətdə olan itlərinə yem verdiyimdən zəngə cavab verə bilmədim. Həmin nömrənin kimə məxsus olduğunu bilmədiyimdən və nömrəmin balansında hesab olmadığından həmin nömrəyə vızıv atdım. Həmin nömrədən yenidən zəng gəldi. Danışıq zamanı bildim ki, zəng edən Elşəndir. Danışıq zamanı Elşən yenə məni nalayiq ifadələrlə söyərək təhqir etdi. Mən də cavab olaraq onun ünvanına söyüşlər işlətdim. Elşən məni qəsəbənin mərkəzində gözlədiyini, işlətdiyi internet kluba gəlməyimi bildirdi. Evin həyətində itlərinə ət doğradığım bıçağı özüm ilə götürərək evdən çıxdım. Elşənin yanına getdim. Elşənin işlətdiyi internet klubun qarşısına çataraq ona ana və bacımı niyə söymüsən sözlərini dedim. Elşən isə cavab olaraq yaxşı etdiyini söylədi. Mənim və ailə üvlərimin ünvanına təkrar nalayiq ifadələr işlətdi. Onun hərəkətlərindən hiddətləndim. Elşən qapını açan kimi yumruqla onun sifət nahiyəsinə vurdum. İçəri girdim, yumruqla Elşənin üz nahiyəsinə bir neçə dəfə vurdum. Biz yaxalaşdıq, ikimizdə yerə yıxıldıq. Biz ayaq üstə qalxan zaman özüm ilə evdən gətirdiyim bıçaqla Elşəni bir dəfə vurdum. Lakin hansı nahiyəsinə dəyməsini bilməmişəm. Elşəni bıçaqla vurduqdan sonra onun yaxasından tutaraq, sənin bu söyüşlərinə görə başını kəsərdim, get qurban ol uşaqlarına dedim. Daha sonra isə ondan aralaşaraq getdim”. 

İş üzrə zərərçəkmiş Elşənin sözlərinə görə, Füzulini həmkəndli kimi tanıyır, onunla ədavəti, düşmənçiliyi və ya qohumluğu olmayıb: “Əksinə yaxşı münasibətimiz olub. Füzuli mənimlə zarafat edən zaman onun xoşuna gəlməyən söz deməyimə görə aramızda mübahisə yarandı. Lakin mübahisə zamanı dava olmadı. Həmin vaxt Füzulini nalayiq ifadələrlə söymüşəm. Fizuli də məni söyüb təhqir edib. Bundan sonra onun hərəkətlərinə görə aramızda soyuq münasibət yaranıb”. 

Zərərçəkmiş qeyd edib ki, hadisə günü, təxminən saat 23 radələrində yaşadığı Murovdağ qəsəbəsində həmkəndlisi Məhəmmədin “ciyər axşamı” məclisində iştirak edib: “Həmin məclisdə iştirak edən həmkəndlimiz Füzuli də iştirak edib və oynayaraq öz istədiyi mahnıları sifariş verdi. Füzuliyə yaxınlaşaraq ona söz atdım, “bəsdi, oynadın” deyərək kənara durmağını və başqa qonaqların da oynamaq istəmələrini bildirdim. Həmin vaxtı Füzuli mənim sözlərimə məhəl qoymadığı üçün sərxoş olduğuma görə ona söyüşlə cavab verdim, nalayiq ifadələr işlətdim. Füzuli də içkili olduğundan sözümə məhəl qoymadı, mənə kobud cavab qaytardı. Bunun üstündə aramızda sözlə mübahisə yarandı. Lakin orada olan həmkəndlilərimiz Şirin və Sabir bizi ayırdılar və biz birlikdə küçəyə çıxdıq. Küçəyə çıxdıqdan sonra Füzuli ilə yenidən sözlə mübahisə etdik. Bir-birimizə söyüş söydük. Lakin orada olan Şirin və Sabir bizi sakitləşdirdilər. Sonra oradan yaşadığım kənddə işlətdiyim internet kluba getdim. Orada olan zaman həmkəndlimiz Sabir oradan keçdi. Mənə dedi ki, nəyə görə Füzuli ilə mübahisə edirsən, lazım deyil, ayıbdır, dalaşmayıb. Bundan sonra  Füzulinin etdiyi hərəkətə görə əsəbləşdiyimdən mobil telefonla ona zəng etdim. Lakin həmin vaxt Füzuli zəngimə cavab vermədi. Aradan biraz keçmiş Füzulidən telefonuma “vızıv” gəldi. Mən yenidən Füzuliyə zəng etdim və danışıq zamanı ona bildirdim ki, işlətdiyim internet klubdayam, gəl, burada söhbət edək. Füzuli isə məni sakitləşdirmək istəyən zaman onu söyərək təhqir etdim, internet klubun qarşısına çağırdım. Aradan biraz keçdi, Füzuli işlətdiyim internet klubun qarşısına gəldi. Bir qədər öncə mənimlə a nəyə görə mübahisə yaratdığını dedim və aramızda mübahisə yarandı. Həmin mübahisə zamanı bir-birimizi vurduq. Əlbəyaxa olaraq ikimizdə yerə yıxıldıq. Biz ayaq üstə qalxan zaman Füzuli nə iləsə arxadan kürək nahiyyəmdən vurdu. Mən elə hiss etdim ki, məni bıçaqla vurdu. Sonra Füzuli yaxamdan tutaraq, “sənin bu söyüşlərinə görə başını kəsərdim, get qurban ol uşaqlarıma” dedi və oradam getdi. Taqətim olmadığından yerdə oturdum. Həmin vaxtı həmkəndlim Şirinin oradan keçdiyini gördüm. Şirin mənə yaxınlaşaraq nə baş verdiyini soruşdu. Mən isə Füzulinin bıçaqla vurduğunu və məni evə aparmağını dedim. Lakin evdə heç kim olmadığından Şirinə dedim ki, məni əmimgilə apar. Şirin məni əmim Qalibin yaşadığı ünvana apardı. Əmim Qalib xəsarət aldığımı gördü və təcili yardım xidmətinə zəng etdi. Mənin təcili yardım avtomobili ilə əvvəlcə Göygöl rayon mərkəzi xəstəxanasına, daha sonra isə Gəncə şəhərində xəstəxanaya apardılar. Orada mənə tibbi yardım göstərildi”.

Bu cinayət işinə Göygöl Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Fizulinin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla