AZ

Akademik Rəfiqə Əliyevanın anım günüdür

 

Ömrünü kimya elminin inkişafına və kimyaçıların yeni nəslinin yetişməsinə həsr etmiş akademik Rəfiqə Əliyevanın vəfatından 7 il ötür.

 

Aztibb.az xəbər verir ki, tanınmış kimyaçı alim, Əməkdar elm xadimi, akademik Rəfiqə Əlirza qızı Əliyeva 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində anadan olub. Ali təhsilini 1951-1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsində alıb. Əmək fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda (indi Elm və Təhsil Nazirliyinin tabeliyində olan akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) kiçik elmi işçi vəzifəsində başlayıb.

 

O, 1960-cı ildə ADU-nun Analitik kimya kafedrasında analitik kimya ixtisası üzrə aspiranturaya qəbul olub. 1964-cü ildən ömrünün sonuna qədər universitetin Analitik kimya kafedrasında işləyib və assistent, baş müəllim, dosent, professor vəzifəsinə qədər yüksəlib. 1970-ci ildə analitik kimya ixtisası üzrə “Germaniumun bəzi üzvi reagentlərlə əmələ gətirdiyi birləşmələrin spektrofotometrik tədqiqi və onun fotometrik metodla təyini” mövzusunda namizədlik, 1999-cu ildə isə “d-, f- elementləri və germaniumun tərkibində N-, S-, O- olan liqandlarla müxtəlifliqandlı kompleksləri və onların analitik tətbiqi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1999-cu ildə analitik kimya ixtisası üzrə professor elmi adını alıb və Analitik kimya kafedrasının professoru vəzifəsində çalışıb.

 

Alim 2001-ci ildən ömrünün sonunadək BDU-da onun təşəbbüsü ilə yaradılmış Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının müdiri işləyib. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib. Azərbaycanda analitik kimya ixtisası üzrə ilk qadın akademikdir.

 

Akademik Rəfiqə Əliyeva Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olan müəssisələrlə elmi-texniki təsərrüfat müqaviləli işlərin yerinə yetirilməsinə rəhbərlik edib. Bu işlər nəticəsində Bakı Dövlət Universiteti böyük miqdarda mənfəət götürüb. Təsərrüfat müqavilələrinin nəticələrinə əsasən ətraf mühitin çirklənməsi qiymətləndirilib, zərərli və ağır metalların qatılaşdırılaraq ayrılmasının yeni, ucuz və iqtisadi cəhətdən əlverişli metodları işlənib-hazırlanıb.

 

Görkəmli alim Rəfiqə Əliyeva Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən D 02.011 şifrli dissertasiya müdafiə şurasının sədr müavini, universitetin və Kimya fakültəsinin elmi şuralarının üzvü olub. O, tələbəlik illəri də daxil olmaqla, ömrünün 70 ilə yaxın bir dövrünü universitetə həsr edib.

 

Akademik Rəfiqə Əliyeva böyük bir nəslin ən parlaq nümayəndələrindən biri idi. Həmin nəsil Azərbaycan tarixində dövlətçiliyimizin təməlini qoymuş, onu dünyanın müasir dövlətləri sırasına çıxarmışdır. Bu nəslin qurub-yaratmaq, xeyirxahlıq etmək kimi ən gözəl keyfiyyətlərini özündə birləşdirən, daxilən təvazökar, zəngin mənəvi keyfiyyətlərə malik olan Rəfiqə Əliyeva tələbələrin böyük himayədarı idi.

 

Görkəmli alimin elmi-pedaqoji fəaliyyəti Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndirilib. Azərbaycan Prezidentinin Sərəncamı ilə o, 2000-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif edilib. O, akademik Y.Məmmədəliyev adına mükafatın laureatıdır. 2000-ci ildə akademik Rəfiqə Əliyeva Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, 2001-ci ildə Amerika Biblioqrafiya İnstitutu tərəfindən “2001-ci ilin adamı” və “2001-ci ilin işgüzar qadını” seçilib, 2003-2004-cü tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunub. 2005-ci ildə Bakı Dövlət Universitetinin təsis etdiyi “İlin alimi” fəxri adına, “Ekologiya” və “Ümumi ekologiya” adlı dərs vəsaitləri isə Təhsil Nazirliyinin təsis etdiyi Həsən Əliyev adına mükafata layiq görülüb.

 

2018-ci ildə “Azərbaycanım” Beynəlxalq Jurnalının redaksiya şurası “Akademik Rəfiqə Əliyeva adına Qızıl Orden” təsis edib.

 

Akademik Rəfiqə Əliyevanın əziz xatirəsi həmkarlarının və tələbələrinin qəlbində həmişə yaşayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
50
aztibb.az

10Mənbələr

Şərh ()
Bağla