AZ

“Zirə” ilə “Sabah”dan önəmli qələbə

Avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizədə həlledici mərhələ başlayıb. İndi itirilən hər xal mövsüm boyu çəkilən əziyyətin boşa verilməsi ilə nəticələnə bilər. Ona görə də iddialılar səhv etməməyə çalışır. Bunun üçün bəzən yaxşı oyundan imtina edib sırf nəticə üçün oynayırlar.

“Zirə” dünən Tovuzda mövsümdəki ən kritik oyunlarından birinə çıxdı. “Qartallar” növbəti tur “Qarabağ”la qarşılaşacağından xal itkisi yolverilməz idi. Qəsəbə təmsilçisi bir az da bəxt sayəsində istəyinə çatdı.

Əslində, qərblilər matç boyunca rəqibindən daha yaxşı təsir bağışladı. Lakin qol epizodları boşa verilincə qonaqlar fürsətləri daha dəqiq yekunlaşdırıb qələbə qazandı.

Matçda sonra Ayxan Abbasovu istefaya səsləyən azarkeşlər bəlkə də avrokuboka vəsiqə üçün son ümidin əldən çıxmasına görə qəzəbli idi. Onların əsəbinin səbəbkarı isə daha çox qapıçılar və kapitan Şəhriyar Əliyev olmalıdır. Ardıcıl səhvlərdən sonra uzun müddət ehtiyatda qalan müdafiəçi, ilk qolda uşaq kimi aldanmaqla meydan sahiblərinin növbəti uğursuzluğuna töhfə verdi. Son dəqiqələrdə isə Aydın Bayramov o qədər də güclü olmayan zərbəni əlindən buraxınca tovuzluların ardıcıl 3-cü məğlubiyyəti rəsmiləşdi.

Hesablasaq, “Turan Tovuz” bu mövsüm fərdi səhvlərdən azı 15-16 xal itirib. Bunların böyük əksəriyyəti Şəhriyarla qapıçıların günahı üzündən reallaşıb. Onlar daha diqqətli olsaydı, komanda indi azı ilk “üçlük”də idi.

İstənilən halda, “Zirə” 2-ci pilləyə qalxmaqla ötən tur evdə “Araz-Naxçıvan”a sürpriz məğlubiyyəti unutdura bildi. Amma günün son matçında “Sabah” da fürsəti qaçırmayıb qəsəbə təmsilçisi ilə xalını bərabərləşdirdi.

Mərdəkandakı matçın nəticəsini erkən qol həll etdi. 1-ci dəqiqədə Ayaz Quliyevin fantastik zərbəsi bir az da təsadüf nəticəsində toru silkələdi. Amma o, transfer edildiyi gündən bəri bəlkə də “Sabah”a ən vacib töhfəsini məhz bu qolla verdi.

Gəldiyi gündən bəri 2 məğlubiyyət görən, qalan matçlarda isə qələbəyə sevinən Krunoslav Renduliçin yetirmələri matçın qalan dəqiqələrdində balanslı futbol oynamağa çalışdı. Riskdən qaçan qonaqlar ikinci hissənin əvvəlində fərqi artırmaq üçün bir neçə şansı qaçırdı, hətta penaltini də boşa verdi. Amma qapıçı Kristian Avramın fədakarlığının cavabını hücum oyunçuları gətirə bilmədi və oyun tək qolla bitdi.

Məğlubiyyət naxçıvanlıları bir gün öncə xal qazanan “Kəpəz”dən sonraya atdı. Amma bu, çətin ki, onları məyus etsin. Debütant üçün mövsüm çoxdan yekunlaşıb, sadəcə, qalan 3 turu başa vurmaq lazımdır.

FƏRİD

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla