AZ

İki NATO ölkəsi Rusiya silahlarını Ukraynaya vermək istəmir

İki

Amerika Birləşmiş Ştatlarının istəyinin əksinə olaraq, Türkiyə və Yunanıstan Rusiya istehsalı olan zenit-raket sistemlərini Ukraynaya verməkdən imtina edirlər.

Reyting.az
“Forbes”-ə istinadla bildirir ki, Ukraynada vəziyyətin gərginləşməsi fonunda Avropa İttifaqı Yunanıstana təzyiq göstərməyə başlayıb və onu ukraynalılara tanış olan “S-300” sistemlərini Kiyevə verməyə çağırıb. Bununla belə, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis “S-300” sistemləri üçün hətta raketlərin verilməsini də istisna edib.

Baş nazir aprelin 25-də yerli televiziyaya müsahibəsində bildirib ki, Yunanıstan Ukraynaya “S-300” və ya “Patriot” göndərmək niyyətində deyil.

Bir az sonra Türkiyənin müdafiə naziri Yaşar Gülər də oxşar bəyanatla çıxış edib.

Gülər mayın 2-də deyib ki, ölkəsinin “S-400” sistemini hansısa ölkəyə verməsindən söhbət gedə bilməz.

“Forbes”-in qeyd etdiyi kimi, yunan “S-300”-ləri əvvəlcə Kipr üçün nəzərdə tutulsa da, Türkiyədən gələn təhdidlərə görə onlar 1990-cı illərin sonunda Kritə göndərilib. 2013-cü ildə isə yunanlar ilk dəfə bu komplekslərdən raketlərin təlim atışını həyata keçiriblər.

Qeyd edək ki, ABŞ-nın illərlə xəbərdarlıqlarından sonra Türkiyə “S-400”-ləri 2019-cu ildə birbaşa Rusiyadan alıb. Bundan sonra isə Türkiyə Vaşinqtonun sanksiyaları ilə üzləşib və yeni nəsil “F-35” qırıcıları üçün satınalma növbəsindən çıxarılıb. Ankara hələ də “F-35” proqramına qayıtmaq müqabilində Rusiyanın hava hücumundan müdafiə sistemlərindən qurtulmaqdan imtina edir.

Açıq mənbə məlumatlarına görə, bu gün Yunanıstanın 32 “S-300” buraxılış qurğusu üçün təxminən 175, Türkiyənin isə iki “S-400” diviziyası üçün 120-dən çox raketi var.

E. KAMAL
Reyting.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
Mənbələr
Şərh ()
Bağla