AZ

30 ölkənin dini lideri Şuşada hansı mesajı verdi?

 Mayın 1-də Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Forumda 100-dən çox ölkədən 700  qonaq iştirak edib.

2008-ci ildə prezident İlham Əliyevin irəli sürdüyü “Bakı Prosesi”nin ayrılmaz hissəsi olan Forum mədəniyyətlərarası dialoq və əməkdaşlıq vasitəsilə qlobal sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlib.

Açılış mərasimində çıxış edən prezident İlham Əliyev Forumun aktual qlobal problemlərin həlli və mədəniyyətlərarası anlaşmanın təşviqi üçün beynəlxalq platforma kimi əhəmiyyətini vurğulayıb. O həmçinin Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyası istiqamətində davam edən səyləri qeyd edərək, xarici vasitəçilər olmadan birbaşa dialoq və əməkdaşlığın vacibliyini qeyd edib.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini liderlərin Bakı görüşü keçirilib.

Ölkəmizə gələn nümayəndə heyətlərini Prezident İlham Əliyev qəbul edib. Dövlət başçısı Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə heyətini,  Rusiya Federasiyası Şimali Qafqaz regionunun müftilərindən ibarət nümayəndə heyətini qəbul edərkən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətinə toxunulub. Prezident ölkələrin dini liderləri arasında əməkdaşlığın önəmini qeyd edib və vurğulayıb ki, bu əməkdaşlıq ölkələrimiz və xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verir.

Dünyanın 30-dan çox ölkəsindən dini liderlərin qatıldıqları tədbirdə dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi, müharibələrə, dinlərarası ixtilaflara qarşı müxtəlif dinlərin nümayəndələrinin birgə mövqeyi, ekoloji böhran problemlərinə dinlərin münasibəti, nifrətə çağırışlara qarşı mübarizədə dini liderlərin birgə fəaliyyəti müzakirə olunub.

Bakı görüşündə açılış nitqi ilə çıxış edən QMİ sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, dünyanın humanitar ideya mərkəzlərindən biri kimi çıxış edən Azərbaycan multikultural dəyərlərin təşviqi ilə bəşəriyyətin mənafeyinə xidmət göstərir.

Toplantında çıxış edən dini liderlər ölkədəki mədəni həmrəyliyi və tolerantlığı yüksək qiymətləndiriblər. İsa Məsih Sonuncu gün Kilsəsinin 12 həvarilər kvorumunun üzvü, ağsaqqal Devid Bednar çıxışında Azərbaycanı “ qədim ənənələri olan multikultural ölkə” adlandırıb.

Misirin Baş müftisi Şövqi Əllam insanların bir-birini anlaması üçün dialoqun mühüm olduğunu deyib.

Mayın 2-də isə dini liderlər Azərbaycanın mədəniyyət beşiyi olan Şuşaya gediblər. Burada müxtəlif ölkələrin dini liderlərinin Şuşa görüşü keçirilib.

Əvəvlcə işğaldan azad olunmuş ərazilərə səfər edən dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar. Nümayəndə heyəti ilk olaraq Xankəndi şəhərinin mərkəzi meydanına gəlib.

Sonra Xocalı şəhərinə gedən qonaqlar ermənilərin burada törətdikləri vəhşiliklər, şəhərin 30 ildən artıq müddətdə işğal altında qalması, 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkənin suverenliyinin təmin olunması, işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Xocalıda aparılan bərpa-quruculuq işləri barədə məlumatlandırılıb.

Dini liderlər sonra Ağdam şəhər Cümə məscidinə gəliblər. Müsəlman din xadimləri məsciddə namaz qılıblar.

Şuşada keçirilən toplantıda bir sıra diqqətçəkən mesajlar verilib.

Moskva Patriarxiyasının kilsələrarası xarici əlaqələr şöbəsinin sədri Mitropolit Antoni milli azlıqlara qarşı ayrı-seçkilik adı altında çox hüquqlar pozulduöunu diqqətə çatdırıb. Rusiyanın Baş ravvini Berl Lazar deyib ki, fərqli dinlərdən olan insanlar, fərqli ölkələrə heç bir çətinlik olmadan səyahət edib yaşaya bilirlərsə, bu, böyük uğurdur.

Beynəlxalq İslam Xeyriyyə Fondunun Prezidenti Abdulla Əl Mətuq, Beynəlxalq Fiqh Akademiyasının prezidenti Əbulqasim Əl Dibaci, Livan Milli Müsəlman-Xristian Mərkəzinin Baş katibi Məhəmməd Sammak, Türkiyənin Diyanət İşləri üzrə Komitəsinin Strateji inkişaf departamentinin sədri Mustafa Ermaklı, Pakistan Müsəlman İnstitutunun sədri Sultan Əhməd Əli, Avropa-Türk Müsəlman Birliyinin prezidenti Musa Sərdar Çələbi  öz çıxışlarında dünyada sülh və sabitliyin bərqərar olmasına ciddi ehtiyacın olduğunu bildiriblər. Natiqlər qeyd ediblər ki, bunun üçün birlik olmalı, problemlər ciddi şəkildə müzakirələr olunmalı, onların həll üçün dialoq kanalları qurulmalıdır.  Bildirilib ki, Bakıda dünyanın 30-dan artıq dini liderlərinin toplantısı bunun üçün böyük fürsətdir.

Görüşdə dini liderlərin Şuşa Bəyannaməsi qəbul olunub.

Dini liderlərin imzaladığı Bəyannamədə Azərbaycanın dinlərarası əməkdaşlığın inkişafında,tolerantlıq və multikulturalizm ənənələrinin təbliğində önəmli rolunu qeyd edilib.

Sənəddə qeyd olunur ki, dini liderlər dünyanın müxtəlif regionlarında hazırda baş verən müharibələrin tezliklə dayandırılması, mülki əhalinin qanının tökülməsinin qarşısını almağa yönəlmiş təxirəsalınmaz səyləri dəstəkləyirlər.

Din xadimləri həmçinin dinlərarası qarşılıqlı anlaşma və dinc birgəyaşayış mühitinin təşviqi sahəsində dövlət və ictimai qurumlarla, beynəlxalq təşkilatlarla birgə əməkdaşlığına dəstək verməyə hazır olduqlarını bəyan ediblər.

Bəyanatda qeyd olunur ki, irqi, dini və etnik zəmində zorakılığa təhrik edən zərərli ideologiyaların qarşısının alınması üçün təsirli tədbirlər görmək vacibdir. Din xadimləri dini rəmzlərə, müqəddəsliklərə və atributlara qarşı vandalizm aktlarını pisləyiblər.

Dini, mədəni və etnik müxtəlifliyə hörmətlə yanaşılmasına çağıran dini liderlər silahlı münaqişə, təqib və zorakılıq səbəbindən qaçqınların, miqrantların kütləvi axını nəticəsində dünyada yaranmış humanitar böhranla bağlı öz dərin narahatlıqlarını ifadə ediblər. Din xadimləri irqi, dini və etnik zəmində zorakılığa təhrik edən zərərli ideologiyaların və nifrət çağırışlarının qarşısının alınmasında əməkdaşlığın artırılmasını mühüm sayıblar.

Şuşa Forumunda iştirak edən dini liderlər İnsan hüquqları haqqında Ümumi Bəyannaməyə riayət olunaraq, insan hüquqularının, qadın və uşaq haqlarının qorunması sahəsində dövlət, din, elm və ictimaiyyət xadimlərinin birgə fəaliyyətini dəstəkləməyə çağırıblar.

Görüşdə 38 ölkəni və 10 beynəlxalq təşkilatı təmsil edən müsəlman, xristian, yəhudi, buddist, induist və digər dinlərin liderləri və nümayəndələri iştirak ediblər.

İştirakçılar Prezident İlham Əliyevin müəllifi olduğu Bakı Prosesini alqışlayaraq, cari ilin noyabrında Bakıda keçiriləcək COP29-un uğurla təşkil ediləcəyinə əminiklərini bildiriblər.

Yekun olaraq Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb.

QMİ sədri çıxışında  qeyd edib ki, Azərbaycanda multikulturalizm, İslam həmrəyliyi və “Yaşıl dünya naminə” illərin elan olunması Prezident İlham Əliyevin siyasi xəttinin bariz nümayişdir. Bakı daima dinlər və mədəniyyətlərarası əməkdaşlığa öz töhfələrini verir. “Bakı prosesi” belə mühüm platformalardandır.

Şeyxülislam bildirib ki, Forumun əsas qayəsi dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsidir. Çıxış edən Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdüssəlam deyib ki, Şuşada keçirilmiş dinlərarası mötəbər tədbir Azərbaycan dövlətinin dinlərə, multikulturalizmə verdiyi önəmin, söz və insan azadlığına göstərdiyi hörmətin göstəricisidir.

Azərbaycanda Humanitar Forum çərçivəsində dini liderlərin görüşü mühüm əhəmiyyət daşıyır.  Bu baxımdan QMİ-nin təşkilatçılığı ilə dini liderlərin bir araya gəlməsi Şeyxülislama olan etimadın nümayişi sayıla bilər.

Ölkəmizin ərazi bütövlüyünün tam bərpası edilməsi fonunda Şuşada təşkil edilən görüş bundan əvvəl müxtəlif vaxtlarda Bakıda keçirilmiş dini liderlərin sammitinin yekun sənədində göstərilənlərin –Azərbaycanın ərazi bütövlüyünə verilən dəstəyin təsdiqi oldu.

Aydın ABBASOV

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
Mənbələr
Şərh ()
Bağla