AZ

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindənREPORTAJ

Bakı, 4 may, AZƏRTAC

Çində hələ orta əsrlərdən mövcud olan maraqlı ənənələrdən biri də xalq arasında bitkilərə, heyvanlara, meyvələrə xüsusi statusların verilməsidir. Məsələn, panda dövlət heyvanı, licı isə dövlət meyvəsi hesab olunur. Çinin qeyri-rəsmi olaraq dövlət gülü isə pion gülüdür.

AZƏRTAC xüsusi müxbiri Çinin pion gülü paytaxtı hesab olunan Hıcı şəhərində bu gülün becərilməsinə, onun tarixinə dair reportaj hazırlayıb. Reportajı təqdim edirik.

Çində əsrlər boyu “güllərin şahı” adlandırılan pion əsasən özünün sıx ləçəkləri, gözoxşayan rəngləri ilə sevilir. Bu gül rifah və zadəganlığı, eyni zamanda yaz aylarında çiçək açdığı üçün baharın gəlişini, həyatın oyanışını təcəssüm etdirir. Təbiətdə onun müxtəlif rənglərinə rast gəlinir. Ağ və açıq çəhrayı pionlar Çində abır-həya, tünd çəhrayı rəng sevgi və incəlik, qırmızı güllər isə hörmət, nəciblik və kübarlıq rəmzi hesab olunur. İsti və işıqlı məkanları sevən bu güllərin rütubət və kölgədə yetişməsi, demək olar ki, qeyri-mümkündür. Onu şimal küləyindən uzaq, günəşli yerdə əkmək lazımdır.

Çində pion gülünün becərilməsinin tarixi çox qədimdir. 7-10-cu əsrlərdə Tan sülaləsinin hakimiyyəti dövründə pion gülü xeyli populyarlaşıb və hətta onun imperator bağında becərilməsinə başlanılıb. Çin sülaləsinin hakimiyyəti dövründə 17-ci əsrdən etibarən isə Şandon bölgəsinin Hıcı şəhəri Çində pion gülünün yetişdirilməsi üzrə əsas mərkəzi hesab olunur.

Hazırda Hıcı Çində pion gülünün ən çox becərildiyi və tədqiqatının aparıldığı, habelə ən böyük ixrac bazası olan şəhərdir. Gözəlliyi, əlvan rəngləri və ətri ilə pion Hıcını populyar turizm məntəqəsinə çevirib. Başqa sözlə, bu şəhərdə özünəməxsus pion mədəniyyəti formalaşıb. Pionlar hər zaman çinli rəssamların, toxuma-tikmə ustalarının ən çox müraciət etdiyi mövzulardan olub. Bu sənəti hazırda da davam etdirənlər, hətta qazanc əldə edənlər az deyil.

Həkim Peonun şərəfinə pion adlandırılan bu çoxillilk bitkinin vətəni dəqiq bilinməsə də, tarixdə onun Asiya, Cənubi Avropa və Şimali Amerikada yetişdirildiyinə dair məlumatlar var. Hazırda pionun ləçəklərindən, kökundən, toxumundan tibdə, mətbəxdə, hətta kosmetikada geniş istifadə olunur.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
1
Mənbələr
Şərh ()
Bağla