AZ

“Araz Naxçıvan”ın hədiyyə etdiyi “yağlı əppək” - KÖŞƏ

Ölkə çempionatının 32-ci turunda “Araz-Naxçıvan”ın “Zirə”nin 1:0 hesabıyla məğlub etməsi çoxlarının “çörəyinə yağ sürtdü”.

Bu nəticədən sonra mükafatlara iddia edənlərin sırasında bir qədər də sıxlıq yarandı, vəziyyət mürəkkəbləşdi. Elmar Baxşıyevin “Zirə”ni “öz silahı” ilə vurması tam ayrı söhbətin mövzusudu. Bununla belə? Elmar bəyin haqqını elə bu yazıda da vermək olar. Adam “Zirə”nin praqmatik oyununu əməlli-başlı oxuyub, buna qarşı komandasını hazırlamağı bacarmışdı. Xüsusi motivasiyası olmayan, gələcəyi qeyri-müəyyən Naxçıvan təmsilçisi gözünü ikinci pilləyə və avrokuboklara dikən “Zirə”ni vacib 3 xaldan məhrum etdi. Rəşad Sadıqov qarşılaşmanın gedişində və oyunsonrası mətbuat konfransında hakimlikdən şikayətlənsə də, nəticəni Cavid Cəlilovla köməkçiləri müəyyənləşdirmədi. Reallığı qəbul etmək lazımdı.

Məsələ ondadı ki, bir tur əvvəl “Neftçi” azlıqda oynayan “Zirə”nin qarşısında acil qalmışdı. Nadir hallarda birdən artıq qol vuran qəsəbə təmsilçisi “Neftçi”nin qapısını üç dəfə yol tapmağı bacardı. Bu da ondan xəbər verir ki, bir dəstə bahalı legioneri və əcnəbi baş məşqçisi olan “Neftçi” çempionatın ən bərbad komandalarından biridi. Ötən tur “ağ-qaralar”ın “Turan Tovuz”u 3:0 hesabıyla məğlub etməsi də bizi həqiqəti görməkdən və onu dilə gətirməkdən çəkindirə bilməz. Miodraq Bojoviçin çalışdırdığı komanda bərbad futbol oynayır. Bu bərbad oyun komandaya nəticə qazandırsaydı, “nə isə” deyib üstündən keçə bilərdik. Məsələ ondadı ki, ortada nəticə də yoxdu. Bəli, “Araz-Naxçıvan” “Zirə”ni xalsız qoymasaydı, “Neftçi”nin “Turan Tovuz”un qapısına ikisi penaltidən olmaqla vurduğu üç qolun elə də ciddi əhəmiyyəti olmayacaqdı. Yazının əvvəlində “Araz-Naxçıvan” “Zirə”ni məğlub etməklə çoxlarının “çörəyinə yağ sürtdü” deməklə məhz bunu nəzərdə tuturam. Xüsusən də Bojoviç və onun çalışdırdığı “Neftçi” bu “yağlı əppək”dən böyük pay götürdü.

Hazırda “Sumqayıt” 50 xalla “Qarabağ”ın ən yaxın izləyicisidi. “Neftçi” eyni miqdarda xal toplasa da, 3-cü sırada yer alır. 49 xala malik komandalardan “Zirə” 4-cü, “Sabah” isə 5-cü pilləni tutur. Hər iki komanda avrokuboklar uğrunda apardığımübarizəni sona qədər davam etdirmək əzmindədi. Biranlıq təsəvvür edək ki, “Zirə” “Araz-Naxçıvan”ı məğlub edir, xalını 52-ə çatdırır və ikinci sıranı ələ keçirir. Belə olan halda “Neftçi” 4-cü pilləyə geriləyəcəkdi. “Neftçi”nin 33-cü turda “Qarabağ”la, 36-cı turda isə “Sabah”la qarşılaşacağını nəzərə alsaq, “ağ-qaralar”ın işinin o qədər də asan olmadığını görürük.

“Kəpəz” və “Səbail” ilə oyunların isə “Neftçi” üçün çətin keçməyəcəyini təxmin etmək olar. Deməli, “Neftçi” “Qarabağ”la oyun ərəfəsində 4-cü sıraya yuvarlansaydı, çətin ki, bir daha ilk “üçlüy”ə qayıtmaq mümkün olardı. “Qarabağ”ın “Neftçi” ilə oyunlara prinsipal yanaşdığı heç kimə sirr deyil. “Köhlən  atlar”ın ardıcıl üç oyunda qələbəyə həsrət qalması da məsələni qəlizləşdirir. Çempion komandanın 4-cü oyunda da meydanı qələbəsiz tərk etməyə razı olacağı heç də inandırıcı görünmür.
“Sabah”ın da “Neftçi”yə münasibətdə güzəştsiz davranacağına heç şübhə etməyə dəyməz.

Mövsümün əvvəlində sağa-sola, irəli-geri ləngər vuran Masazır təmsilçisi artıq toparlanmağı bacarıb. Bir vaxtlar hakimlikdən xeyli şikayətlənən, tez-tez haqsızlığa uğradığını deyən komandaya münasibət indi dəyişib. Məsələ ondadı ki, bu kluba rəhbərlik edənlər indi böyük ölçüdə AFFA-da söz sahibinə çevriliblər. “Ədalət təmsilçiləri” də odla oynamaq istəmir, yeni rəhbərliyin gözündə müsbət imic formalaşdırıb, karyeralarına davam etmək arzusundadılar. Bunun da “Sabah”a fayda verəcəyi heç şübhə də doğurmur. Deməli, “bayquşlar” son tura qədər avrokubok şansını davam etdirsə, “Neftçi” ilə oyun onlar üçün ölüm-qalım savaşına çevriləcək. “Sabah”ı bu yolda “Sumqayıt”la da yetərincə gərgin oyun gözləyir.

Bir sözlə, irəlidə bizi həm meydanda, həm də pərdənin arxasında xeyli maraqlı və gərgin oyunlar gözləyir. Kimsə bu mübarizədə “yanacaq”, yayda avrokuboklarda oynayıb, UEFA-dan buna görə pul almaq şansını itirəcək. Tezliklə o komandanın kim olacağını biləcəyik. Hələlik dəqiq olan bir məqam var ki, “Sumqayıt”la “Neftçi” “Araz-Naxçıvan”ın hədiyyə etdiyi “yağlı əppək”dən ləzzət almaqdadılar.

AMAL

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
Mənbələr
Şərh ()
Bağla

Reytinq