AZ

“Qarabağ”ın son üç oyunda qələbə qazanmaması “Neftçi” üçün üstünlükdü? - AÇIQLAMALAR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Vaqif Heydərli: “Düşünmürəm ki, “köhlən atlar” derbiyə aşağı konsentrasiya ilə çıxsın”

Aslan Kərimov: “Yüzdəyüz əminəm ki, artıq “Qarabağ”ın texniki heyətində həyəcan təbili çalınıb”

Bu gün Misli premyer-liqasının 33-cü turu çərçivəsində növbəti, həm də mövsümdəki sonuncu “Qarabağ” – “Neftçi” derbisinə şahidlik edəcəyik.

Doğrudu, cari mövsümdə kubok və çempionatdaxil bu iki komanda arasında keçirilən 5 oyunun hamısında “köhlən atlar” sevinib. Amma və lakin...

Heç bir titul şansı qalmayan “ağ-qaralar” indi 2-ci pilləni ələ keçirməyə, avrokuboklara vəsiqə qazanmağa çalışır. Turnir cədvəlinə diqqət yetirdikdə avrokuboklara vəsiqə uğrunda çox gərgin mübarizənin getdiyini, “Neftçi” ilə yanaşı, “Sabah”, “Sumqayıt” və “Zirə”nin də bu yolda can qoyduğunu görürük. Bu üzdən qarşıdakı oyunlarda qazanılan və ya itirilən hər xal 2 mislinə bərabərdi. Fəqət bir məqam da var ki, bunu “Neftçi” üçün həm yaxşı, həm də pis dəyərləndirmək olar.

Belə ki, “Qarabağ”ın 8 tur öncədən çempionluğunu rəsmiləşdirməsi son üç turda qələbə qazana bilməməsinə, oyunçuların arxayınlaşmasına və konsentrasiyasının pozulmasına səbəb olub. Bəlkə də “ağ-qaralar” rəqibin rahatlığından və qələbəyə köklənə bilməməsindən istifadə edib, 2021-ci ildən bəri qalib ayrıla bilmədiyi derbidə bu dəfə istəyinə çatacaq. Ancaq qonaqlar üçün mənfi məqam da odu ki, son üç oyunun ikisində məğlub olan “Qarabağ” hər nə qədər çempionluğu rəsmiləşdirdiyinə görə rahat olsa da, ölkə kubokunun finalına qədər futbolçularının konsentrasiyasını bərpa etməlidi. Ardıcıl 4-cü oyunda da qələbəyə həsrət qalmaq istəməyən Qurban Qurbanovun komandası 3 xal üçün əllərindən gələni edəcək.

Daha bir məqam Miodraq Bojoviçin komandaya baş məşqçi təyin ediləndən bəri hələ də sabit heyət qura bilməməsi, demək olar ki, hər oyunda komandasının taktiki sxemində müəyyən dəyişikliklər etməsidi. Bəlkə bu qarşılaşmada da təcrübəli futbol adamı yeni taktiki sxemdən istifadə edəcək. Azərbaycan derbisi ərəfəsində futbol adamlarından Vaqif Heydərli ilə Aslan Kərimova tribuna verdik.

Vaqif Heydərli (menecer):

“Normal şərtlər altında, təbii ki, “Qarabağ” başqa komandalarımızdanaçıq-aşkar üstündü. İstər göstərdiyi nəticələrə, istərsə də oyun üslubuna görəbunu deyə bilərik. O cümlədən, “Neftçi” ilə bu vaxta qədər keçirdiyi çempionat və kubok oyunlarında fərq görünüb.

“Qarabağ”ın son 3 matçın ikisində uduzub, birində heç-heçə etməsinə gəlincə, təbii ki, burda insan amili mühüm rol oynayır. Futbolçular nə qədər konsentrasiya olmaq istəsələr də, artıq çempion olublar, ölkə kubokunun final mərhələsinə çıxıblar, yəni oyuna köklənmək baxımından mütləq belə boşluqlar olur. Qurban Qurbanov da birbaşa olmasa belə, müəyyən mənada etiraf etdi ki, bunun olmaması, yəni oyunçuların arxayınlaşmaması üçün çalışacaq. “Neftçi”nin hansı vəziyyətdə olmasından asılı olmayaraq, məncə, “Qarabağ” oyuna köklənə biləcək. Çünki komandaların tarixinə və əvvəlki oyunlarına baxdıqda, bu görüşlərin həm statusu, həm də tarixi əhəmiyyəti derbi ətrafında həmişə yüksək ajiotaj yaradır.

Ona görə də düşünmürəm ki, “köhlən atlar” derbiyə aşağı konsentrasiya ilə çıxsın. Həm də nəzərə almaq lazımdı ki, 3 oyundu qalib gələ bilmirlər. “Neftçi”yə gəlincə, komandaya xal lazımdı. Bakılılar üçün bunun çox önəmli matç olduğu və xal qazanmaq istədikləri aşkardı. Təbii ki, ümumi vəziyyəti, reallığı nəzərə alanda “Qarabağ” daha şanslıdı. Bütün hallarda maraqlı oyungözləyirəm. Artıq çempionatın axırı olduğu üçün Bojoviçin hansısa yenilik edəcəyini düşünmürəm”.

Aslan Kərimov (mütəxəssis):

“Neftçi”nin bu görüşdə qələbə qazanması vacibdi. Çünki avrokubok sərhəddindədilər. Üç yerə dörd komanda iddialıdı. İddialı komandalar arasındakı xal fərqi də cəmi 2-di. İstənilən məğlubiyyət, itirilən 3 xal bilavasitə komandanı avrokuboklardan uzaqlaşdırır. Ona görə də bu matçın mahiyyəti “Neftçi” üçün həddən artıq böyükdü. Digər tərəfdən, “Qarabağ” üçün bu qarşılaşma xal qazanmaq önəmi daşımır.

Amma bir məsələ var ki, bu da “Qarabağ”ın son üç oyunda qələbə qazana bilməməsidi. Derbi çempion üçün ayılma matçına çevrilə bilər. Yüzdəyüz əminəm ki, artıq bununla bağlı Ağdam təmsilçisinin texniki heyətində həyəcan təbili çalınıb, futbolçularla ciddi söhbət olunub. Ciddi söhbət dedikdə kimisə tənqid etmələrini nəzərdə tutmuram. Fəqət ən azı oyunçuları bir az ayıltmalı olublar. İstər-istəməz çempionatın sonu olduğuna və konsentrasiya aşağı düşdüyünə görə “köhlən atlar” üç görüşdə cəmi 1 xal qazanıb.

Düşünürəm ki, uzun müddət qələbə qaznmamaq sonda kubok matçına və daha sonra Çempionlar Liqasındakı qarşılaşmalara da təsir göstərə bilər. Hər dəfə məğlub olmaq, hər dəfə xal itirmək komandanın motivasiyası baxımından heç də xoş hadisə deyil, “Qarabağ” bu durumdan tez bir zamanda çıxmağa çalışacaq. Həqiqətən də oyunun çox gərgin keçəcəyini düşünürəm. Əslində son iki oyunda itirilən xallar “Qarabağ”a əks təsir də göstərə bilər. Yəni artıq “yetər” deyə bilərlər və mənə elə gəlir ki, “Neftçi”yə qarşı daha konsentrasiyalı çıxacaqlar. Artıq futbolçuların özlərinə də bezdirici ola bilər ki, 3 oyundu xal itiririk, bir nöqtədə toparlanmaq lazımdı. Çünki çempionat başa çatandan sonra da ölkə kubokunun finalı var və həmin oyuna optimal şəkildə hazırlaşmalıdırlar.

Bu üzdən hesab edirəm ki, “Qarabağ” son üç oyunda qələbəyə həsrət qalmasaydı, bəlkə də “Neftçi” rəqibini hazırlıqsız yaxalaya bilərdi. Bunu ən azı “Qarabağ”ın texinki heyətini tanıyan bir şəxs kimi deyirəm: 3 oyunda qələbə qazana bilməyən komandanın futbolçularını silkələyəcəklər, ayıltmağa çalışacaqlar. Hətta düşünürəm ki, qarşılaşma yenə “Qarabağ”ın topa nəzarəti altında keçəcək. Baxmayaraq ki, “Neftçi”nin müdafiə xətti komandanın hücumlarına dəstək verir və başla qollar vurub. Amma rəqiblərə də çoxlu qol imkanı yaradıblar. Ağdam təmsilçisinin cinah oyunçuları “ağ-qaralar”ın bu zəif tərəfindən istifadə etməyə çalışacaq.

Fikrimcə, “Neftçi” bu derbidə qələbə qazanmaq istəyirsə, daha böyük qüvvə ilə hücuma çıxmaq məcburiyyətində olacaq. Belədə səhv ehtimalı da yaranır. Məncə, Qurban Qurbanovun hücum xətti bunu bağışlamayacaq. Çünki “köhlən atlar” “Sumqayıt”la oyunda həddən artıq qol vəziyyətindən yararlana bilmədi. Bu oyunda “Neftçi” belə səhvlərə yol versə, onda “Qarabağ” bunu bağışlamayacaq. “Qarabağ” istədiyi vaxt basqılı oyun göstərə bilir. Cinahlarda Abdulla Zubir istənilən halda rəqibi keçə, Elvin Cəfərquliyev, Marko Veşoviç, Toral Bayramov cinahlarda təhlükə yarada bilir. “Ağ-qaralar”ın şansları yaxşıdı, amma “Qarabağ”a bir neçə komponentdə məğlub olur. Bu açıq-aşkar görünür”.

KAMAL SƏFƏR
Seçilən
48
46
Mənbələr
Şərh ()
Bağla