AZ

“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO

İdman sağlamlığın rəhnidir deyiblər. Azərbaycan Dövlət Kukla teatrın ədəbi-hissə müdiri Həmidə Rüstəmova da bu məsəli əlində əsas tutaraq azyaşlı oğlunu idmana yazdırmaq istəyib. Amma buna nail olmayıb.
 
Moderator.az -a açıqlama verən valideyn bildirib ki, bunun səbəbi məşqçilərin azyaşlılarla kobud davranışlarına şahid olmasıdır.
 
“Mənim ailəmdə bacımın övladları da idmanla məşğul olublar, professional səviyyəyə çatıblar. Müəyyən mərhələdən sonra o uşaqlarda sınma oldu. Məsələ rinqdə məğlub olmaq deyil, məsələ məğlub olandan sonra müəlliminin ona göstərdiyi təzyiq idi ki, deyirdi “sən bacarmadın”. Mən də istədim ki, oğlumu idmana yazdırım. İdmançı, döyüşçü kimi yox, amma özünü müdafiə etmək üçün. Ən azından lazım olan hallarda kiməsə müqavimət göstərə bilsin. Uzun müddət araşdırma aparsam da oğlumu yaşadığım Avtovağzal və 6 mikrorayon ərazisində normal idman zalına yazdıra bilmədim. Səbəb də odur ki, təyinatı üzrə həmin zallardan istifadə olunmur. Tapdığım idman zalları da zaman-zaman iaşə obyekti olub, onu sonradan idman yeri kimi istifadə etməyə çalışıblar. Bu da sözsüz ki, yolverilməzdir. Düşünürəm ki, bu problemi yaşayan mənim kimi çox analar var. İkinci bir problem də budur ki, idman müəllimləri aqressiv olublar. Elə istəyir ki, ilk gündən uşaq sürətli qavrasın, müəyyən çətin fəndləri öyrənsin. Bir idman zalında oldum, məşqçi beynəlxalq dərəcəli idman müəllimi idi. Xüsusi dərəcələri də var idi. Mən daha çox onlarla söhbət edəndə çalışıram göz kontaktında olum, söhbət edim, uşaqlarla ünsiyyətinə fikir verim. Bu böyüklə ünsiyyəti alındıra bilmirsə, uşaqla çətin ünsiyyətə girə bilsin. Biz uşaqları idmana qoyuruq ki, onlarda özlərinə inam formalaşsın. Əgər ordakı müəllim onun iradəsini qırıb, öz fiziki gücünü uşağa göstərməklə məşğuldursa bu artıq yolverilməzdir. Özünüz də şahid oldunuz ki, bu kimi vəziyyətlərdə ölüm, bıçaqlanma, ömürlük şikəst olma kimi hallar yaşanır. Həmin müəllimlərin psixoloji vəziyyətləri də yoxlanmalıdır. Bu sahəyə nəzarət mexanizmi formalaşmayıb” deyə müsahibimiz bildirib.
Dünya və Avropa çempionu, “RM” idman klubunun icraçı direktoru Tural Cavadov bildirib ki, azyaşlı uşaqların üstündə mürəkkəb fəndlərin göstərilməsi qəti qadağandır.
 
“İdmanda belə bir qayda-qanun var ki, yeni uşaq məşqə gələndə mütləq şəkildə valideyn razılığı olmalıdır. Valideyn uşağın sağlamlıq arayışını bizə təqdim etməlidir. Bundan əlavə idmana yeni başlayan uşaqlara biz bədəninin sağlamlığı ilə məşğul olması, özünümüdafiəsi üçün məşqlər keçirik. Bu məşqin bazası, lori dildə desək məktəbi sayılır. Uşaq məşq etməlidir ki, fiziki, taktiki, texniki hazırlığı yaxşı olsun ki, peşəkar idmana addım ata bilsin. Bu yolda əziyyət də, zəhmət də, tərli köynəklər də var. İdmançı əziyyət çəkməsə, idmançıya o əziyyəti çəkdirməsən nəticə görə bilməzsən. Onlar sabah dövlətimizi təmsil edəcəklər. Heç bir məşqçi, idmançı istəməz ki, dünya arenasına, beynəlxalq yarışlara gedib uduzsun. Hamı istəyər ki, dövlətini yaxşı təmsil etsin. Ona görə də idmançı əziyyətli yollardan keçir. Döyüş idman növlərində uşaqlar əziyyətə qatlaşmalıdırlar. Əlbəttə ki, uşağa təzyiq göstərmək olmaz. Onları edənlərin əksəriyyəti idmandan başı çıxmayanlardır. İdman sahəsinə heç kim ləkə vura bilməz. Amma lazım gələndə uşağa əziyyət çəkdirməlisən ki, nəticə əldə edəsən. Mən 6 yaşımdan idmana başlamışam. Təxminən 30 il bundan əvvəl. O vaxtkı zallar şəraitsiz idi, rahatlığı yox idi, qışda soyuq, yayda isti olurdu. Birini tapırdıq, birini tapmırdıq, əlcəklərimiz, avadanlıqlarımız yox idi. O vaxtı bəzi avadanlıqlar ümumiyyətlə zallarda olmayıb. Onları bir-birimizin üzərində tətbiq edirdik. Bu gün idmana dövlət tərəfindən böyük qayğı, dəstək göstərilir. İdmançıların məşq etmək üçün çox imkanları var. Bu gün özəl idman zalları da mövcuddur” deyə idmançı bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla

Reytinq