AZ

Hüquq jurnalları vahid bazada

Hüquq və İnsan Haqları İnstitutu hüquq sahəsində nəşr olunan elmi jurnalların vahid elektron axtarış bazasının yaradılması, hüququn ayrı-ayrı sahələri, o cümlədən, insan hüquq və azadlıqları sahəsində elmi-tədqiqat potensialının artırılması və hüquq nəşrlərinin bir bazada toplanılması məqsədilə dəyirmi masa təşkil edib.

Mayın 3-də institutda keçirilən tədbirdə 20 hüquq jurnalının təsisçiləri və redaksiya heyəti, müxtəlif təhsil ocaqlarını təmsil edən hüquqşünas alimlər və aidiyyəti dövlət qurumlarının əməkdaşları tərəfindən sözügedən mövzu ətrafında fikir mübadiləsi aparılıb, elektron axtarış bazasının yaradılması istiqamətində səmərəli təkliflər dinlənilib.

İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə qeyd edib ki, hüquq jurnallarına dair vəziyyəti öyrənmək məqsədilə İnstitut 109 hüquqşünas və 13 hüquq jurnalı arasında onlayn elektron sorğu keçirib və monitorinq hesabatı hazırlayıb. Monitorinq nəticəsində hüquqşünasların Azərbaycanda dərc olunan hüquq jurnallarına məqalə yazmaqda maraqlı olduqları, bir çox hüquq jurnallarının elektron formatının mövcud olmaması, yazılan məqalələrin keyfiyyətinin aşağı olması və beynəlxalq reytinqlərdə az təmsil olunmaları müəyyən edilib. Bu problemlərin aradan qaldırılması üçün İnstitut BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) ilə birlikdə hüquq jurnallarının vahid elektron axtarış bazasını yaratmağa dair razılıq əldə edib.

Daha sonra Vəkillər Kollegiyasının Akademiyasının rektoru, professor Əmir Əliyev çıxış edərək, hüquq sahəsində məqalə dərc edən jurnallarla bağlı mövcud vəziyyətin qənaətbəxş olmadığını bildirib. O, hüquq jurnallarının nüfuzunu artırmaq üçün onların beynəlxalq data-bazada yer almasının vacibliyini vurğulayıb. Professor institutun bu istiqamətdə atdığı bütün addımları dəstəklədiyini, mövcud çətinliklərin həlli istiqamətində Vəkillər Kollegiyasının Akademiyasının da lazım olan köməkliyi göstərməyə hazır olduğunu qeyd edib.

Müzakirələr zamanı dərc olunan məqalələrə görə qonorarın verilməsi, elmi məqalələrin hazırlanmasında beynəlxalq təcrübənin tətbiq edilməsi, bu sahədə gənc hüquqşünaslara təlimlərin keçirilməsi, bəzi jurnalların sosial media hesablarının yaradılması, jurnallara göndərilən məqalələrin standartlara uyğunlaşdırılması və s. təkliflər irəli sürülüb.

Tədbirdə iştirak edən AMEA-nın vitse prezidenti, akademik Gövhər Baxşəliyeva, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya İdarəsinin rəisi Aynur Sabitova, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının şöbə müdiri Elşən Məmmədli, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini Talıb Cəfərov və digər şəxslər öz dəyərli fikirlərini səsləndiriblər.

 

Qabil YUSİFOĞLU
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq