AZ

Ermənipərəst Konqresin “lobbi” epidemiyası

İşğaldan azad etdiyimiz Şuşaya 2 xarici ölkənin – ABŞ-nin və Fransanın Bakıdakı səfirləri hələ də ayaq basmayıblar

Sərlövhəyə çıxardığımız bu fakt, əslində, Azərbaycanın bu iki ölkə ilə münasibətlərinin altqatındakı mənzərəsini əks etdirir. Bu fakt bir tərəfdən həmin ölkələrin Azərbaycanın Qarabağda ərazi bütövlüyünü və suveren hüququnu təmin etməsi ilə barışmaması məntiqinə gəlirsə, digər tərəfdən, böyük ehtimalla, məğlub Ermənistana müəyyən mənada mənəvi dəstək və təsəlli vermək məqsədini daşıyır. Fəqət, reallıq və danılması mümkün olmayan başqa bir amil ondan ibarətdir ki, indiki olduqca mühüm tarixi mərhələdə Azərbaycan–ABŞ münasibətləri ciddi sınağından keçir. 

Əslində, bu münasibətlər, qəribə də olsa, genişmiqyaslı ikitərəfli faydalı əməkdaşlığa, bundan qaynaqlanan potensiala tərs mütənasibdir. Bunun səbəbini daha çox qarşı tərəfin reallıqdan uzaq, sırf siyasi konyuktur maraqlarına söykənən Cənubi Qafqaz planlarının arxasında axtarmaq doğru olar. Məhz Vaşinqtonun yanlışlıqları ucbatından ikitərəfli münasibətlər bəzən “hamar” yolundan çıxaraq dalana dirənir, əməkdaşlığın üzərinə kölgə düşür.

Fransa ilə hər şey aydındır. Azərbaycana qarşı az qala açıq düşmənçilik müstəvisinə keçirdiyi siyasətindən əl çəkmək istəməyən, Afrikada, Orta Asiyada və sonda Cənubi Qafqazda uğursuzluq zolağına düçar olan Emmanuel Makron artıq beynəlxalq qınaq obyektinə çevrilib. Əlbəttə, Yelisey sarayının müvəqqəti kirayənişinin son üç ildə Bakıya qarşı sərgilədiyi təkəbbürlü davranışı, ultimativ bəyanatları, hədə-qorxuya köklənən ritorikası ona baha başa gəlməliydi, gəldi də. Bakı ilə təmas körpülərini yandırdığına görə məhz rəsmi Paris peşman olacaq.

***

Ermənilər indi də okeanın o tayında anti–Azərbaycan kampaniyasını qızışdırmaqla məşğuldurlar. ABŞ Konqresinin 66 üzvü Qarabağdan öz xoşları ilə köçmüş ermənilərə 200 milyon dollar ayırmağa və Ermənistana “özünü müdafiə etməyə” köməyə çağırıb. Ermənistan parlamentinin ABŞ ilə dostluq qrupunun iqtidardakı “Mülki müqavilə” partiyasından olan deputatı Sarkis Xandanyanın başçılıq etdiyi nümayəndə heyəti mayın 1-dən Vaşinqtondadır. Heyət Senatın Xarici əlaqələr komitəsinin sədri Ben Kardinlə görüşüb. Ermənistan parlamentinin yaydığı məlumatda bildirilir ki, görüşün müzakirə mövzusu regionda sülhün təmin edilməsinin mühüm komponenti kimi Azərbaycan və Ermənistan arasında sülh prosesi və “Sülh yollarının kəsişməsi” layihəsi olub.

Son vaxtlar Konqresin hər iki palatasında xeyli fəallaşan erməni lobbisi gah Azərbaycana qarşı sanksiyaların tətbiq olunmasını tələb edən qanunvericilik təşəbbüsü ilə çıxış edir, gah da Ermənistana iki yüz milyon ABŞ dolları həcmində yardım paketinin ayrılmasına nail olmağa çalışır. “Armenpress” xəbər verir ki, bu barədə ABŞ-nin “HayDat” Komissiyası məlumat yayıb. Ermənilərin müraciəti Nümayəndələr Palatasının Xarici əməliyyatlar üzrə təsisatlar alt komitəsinin sədri Mario Diaz-Ballarta və konqresmen Barbara Liyə göndərilib. Məktubda “Dağlıq Qarabağ”dan olan qaçqınlar üçün 200 milyon dollar vəsaitin ayrılması, ABŞ-nin Azərbaycana hərbi və təhlükəsizlik yardımının dayandırılması” ilə yanaşı, Ermənistana 20 milyon dollar orduya, xaricdə hərbi təhsil və təlim üçün isə 10 milyon dollar tələb olunur. Bundan başqa, 10 milyon dollar daxili hüquqi, daha 10 milyon da demokratik islahatların aparılması üçün istənilir.

Haypərəst konqresmenlərin “istək və arzuları” bununla da bitmir. Qanunvericilər Dövlət Departamentini və beynəlxalq təşkilatları Azərbaycan hökumətini insan haqlarının pozulmasına görə məsuliyyətə cəlb etməməkdə qınayıb: “Birləşmiş Ştatların Azərbaycanın bütün beynəlxalq hüququn pozulmasına görə cavabdehlik daşıması üçün sanksiyalar tətbiq etmək barədə ciddi düşünməsinin vaxtı çatıb”.

Otuz il BMT başda olmaqla, ən nüfuzlu beynəlxalq təşkilatların qətnamə, müraciət və təkliflərini ayaqlar altına atan işğalçı Ermənistan indi “beynəlxalq hüquqları pozduğuna” görə Azərbaycanı “cəzalandırmağa” çalışır. İndi nəyə təəccüblənəsən: erməni həyasızlığına, yoxsa hüquqi nihilizmə?

***

Azərbaycan ötən ilin payızında Qarabağda lokal antiterror tədbirləri həyata keçirdikdən, öz ərazisi üzərində suverenliyini tam bərpa etdikdən sonra erməni lobbisinin səyləri nəticəsində ABŞ Dövlət Departamenti 907-ci düzəlişin qüvvəsini növbəti il üçün dayandırmaqdan imtina etdi. Bunun nəticəsində Ağ Evin Azərbaycana hərbi və təhlükəsizlik yardımı dayandırıldı. Ermənilərə lobbiçilk edən üzdəniraq senator və konqresmenlər bundan sonra da müxtəlif qanunvericilik təşəbbüsləri ilə çıxış etsələr də, heç biri uğurlu olmayıb.

Həqiqət ondan ibarətdir ki, ABŞ-dəkı erməni lobbisinin dəridən-qabıqdan çıxmasına və böyük pullar xərcləməsinə baxmayaraq, 44 günlük müharibədən keçən üç il yarımda anti-Azərbaycan blokunda birləşmiş nə İrəvan, nə Paris, nə də Vaşinqton öz istəklərinə nail olublar. Qaldırdıqları siyasi-ideoloji hay-küyə, keçirdikləri etiraz aksiyalarına baxmayaraq, onların avantürist təklif və təşəbbüsləri, müraciətləri Konqresdə əksər çoxluğun təqdirini və təsdiqini qazana bilməyib. Yəni, onların ədalətə və beynəlxalq hüquqa tamamilə zidd tələbləri qanun, yaxud qətnamə şəklində paraflanmayıb. İnanırıq ki, tarixi ədalət tərəzisinin gözü bu dəfə də əyilməyəcək və erməni lobbisinin uzun əlləri elə öz ətəyindən aşağıda qalacaq.

Doğrudan da, faktın və reallığın üzünə dik baxanda heyrətlənməmək mümkün deyil. Ermənistan ordusunun tör-töküntüsünün, Xankəndidəki daşnak–separatçı xunta rejiminin Qarabağ iqtisadi rayonunda basdırdığı 1 milyondan çox minanı təmizləmək üçün Azərbaycana 1 dollar belə yardım etməyən Konqresə həmin ərazidən köçmüş ermənilər üçün 200 milyon dollar ianə istənilir. Dünyada azadlıq və ədalətin ən nəhəng heykəlini ucaltmış ABŞ parlamentinin indi bir ovuc erməninin və onların yerli “muzdlu lakeylərinin” əlində oyuncağa çevrilməsinə nə ad vermək olar? İndiki halda ikili standart və səlibçilik, yəqin, ən doğru cavabdır.

***

Bu arada ABŞ-nin Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyası (USCIRF) 2023-cü ilin sonuna qədər baş verən hadisələri “sənədləşdirən” hesabatını dərc edib. Həmin hesabatda Azərbaycan “qırmızı risk” zonasındadır. Guya, keçən il Azərbaycanda dini etiqad azadlığı üçün yaradılan şərait pisləşməkdə davam edib. Aydın məsələdir ki, Azərbaycanın adını bu hesabata ABŞ-dakı ermənim lobbi və diaspor təşkilatları qəsdən saldırıblar. Motivləri də bu olub ki, Azərbaycan “Dağlıq Qarabağ” bölgəsində və onun ətrafında “erməni dini obyektlərini, mədəni irsini təhdid etməkdə” davam edib. Hesabatda belə bir yalan məlumat da yer alıb ki, 2023-cü ilin may ayında Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ÜAK-ın erməni keşişlərinə onların bu dini məbədə heç aidiyyatı olmadığını bildirərək, Kəlbəcər rayonundakı Dadivank monastırdan rədd olmağı tələb etmişdi.

Bunun ağ yalan olduğu BMT-nin Xankəndidəki missiyasının 2023-cü ilin oktyabr ayında hazırladığı məruzəsində öz əksini tapıb. Beynəlxalq qurumun ekspertləri Bakının sentyabrın 19-20-də həyata keçirdiyi antiterror tədbirində ermənilərin bölgədəki mədəni və ya dini abidələrinə heç bir ziyanın dəymədiyi barədə nəticəyə gəliblər. İntəhası, digər “maraqlı” təşkilatlar regionda potensial ziyan və ya dağıntı riskindən “narahat olduqlarını” bildiriblər. 2023-cü ilin noyabrında Qafqaz İrs Mərkəzinin (CHW) Kornell Universitetinin dəstəklədiyi tədqiqat qrupu Şuşadakı Meqretsots Surb Astavatsatsin kilsəsinə ziyan vurulduğunu bildirmişdi. Elə həmin ay CHW təşəbbüsçüləri Şuşada iki erməni qəbiristanlığına dəydiyi ehtimal olunan ziyanı göstərən peyk şəkillərini dərc etdi. Amma sonradan həmin videogörüntülərin Şuşaya aid olduğu öz təsdiqini tapmadı.

Təsdiqlənmiş və inkarı mümkün olmayan fakt və sübutlar isə ermənilərin Qarabağda törətdiyi vandallıq aktları ilə bağlıdır. İşğala qədər Azərbaycanın Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən ermənilər tərəfindən dağıdılaraq yararsız hala salınıb. Erməni faşistlərinin Qafqazın Xirosimasına çevirdikləri Ağdamda daş üstündə daş qoymadıqlarına indi bütün dünya şahidlik edir. Vəhşiləşmiş hayların xaraba qoyduqları Qarabağın digər şəhər və kəndlərində üzləşdikləri dəhşətli mənzərədən şoka düşən əcnəbi jurnalistlərin sənədli yazıları və videomaterialları dünyanın ən mötəbər qəzet və jurnallarında dərc olunur, telekanallarda nümayiş etdirilir.

Azərbaycan Cənubi Qafqazın ən uzunömürlü problemini təkbaşına həll etməklə bölgədə yeni geosiyasi reallığın müəllifi oldu. İndi Bakı sülh və əməkdaşlıq üçün dünyaya çağırışlar edir, böyük layihələrdən birgə bəhrələnmək təşəbbüsünü irəli sürür. Bu çağırış və təşəbbüsləri dəstəkləyənlərlə yanaşı, özlərinin qlobal maraqlarını sülhdən və əməkdaşlıqdan üstün tutulanlar da var. Bu mənada Ağ evin Cənubi Qafqaz regionu ilə bağlı sərgilədiyi siyasət heç də xoş mərama xidmət etmir. Görünür, onun Ermənistan vasitəsilə bölgəyə daxil olmaq arzusu hələ də “sönməyib”. Amma bu zaman, o, həmin arzunun gerçəkləşməsinə heç vaxt imkan verməyəcək real güc və söz sahiblərini unudur. Azərbaycan – Türkiyə birliyini yaddan çıxarmağı heç kəsə rəva görməzdik.

Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq:

ABŞ Konqresinə bu cür müraciətlər tez-tez edilir. Amma onların reallaşması sual altındadır. Ermənilərin qoparmağı arzuladıqları məbləğ də çox yuxarıdan götürülüb. Məlumdur ki, Dövlət katibi Antoni Blinken 5 aprel Brüssel görüşündə Ermənistana yardımla bağlı konkret rəqəmi səsləndirib. ABŞ daxili proqramlarını gerçəkləşdirmək üçün İrəvana 65 milyon dollar ayırıb. Əgər Ermənistana gələcəkdə ediləcək maliyyə yardımından söhbət gedirsə bu Konresin ömrü payızda başa çatır. Nümayəndələr Palatasını tərkibi yenilənəcək. Sonra yeni büdcəyə baxılanda hansı təşəbbüslər irəli sürüləcəyini indidən demək çətindir. Hər halda, Konqresin bu tərkibdə büdcəyə dəyişikliklərə baxmaq imkanı olmayacaq.

Qarabağdan köçmüş ermənilər 200 milyon dolların ayrılacağı heç inandırıcı görünmür. Hərbi-texniki yardım məsələsinə gəldikdə isə “təhlükəsizlik və sülh” adlandırılan məqsədlər üçün əvvəllər də Ermənistana maliyyə dəstəyi göstərilb. Həmin yardımın həcmi nadir hallarda on milyon həddinə çatıb. Adətən, həmin məbləğ iki, üç, uzağı beş milyon dollar həndəvərində olub. Amma həmin maliyyə yardımı heç də silah-sursat demək deyil. Buraya hansısa dil kursları, birgə təlimlər və sairə daxildir. Amma ərazisində Rusiya hərbi bazalarının yerləşdiyi Ermənistanın Amerikadan silah əldə edə bilməsi qeyri-mümkündür.

İmran BƏDİRXANLI
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla

Reytinq