AZ

Dağlar qoynunda unikal şəhər:Kəlbəcərin yeni inkişaf dövrü

Şəhərin işğala qədərki (1969-cu ildə tərtib edilən) son Baş planında ərazisi 130 ha, əhalisinin sayı isə 7500 nəfər təşkil etdiyi halda, 2040-cı ilədək inkişaf konsepsiyasına uyğun olaraq bu rəqəmlər iki dəfədən çox artaraq 290 hektara yaxın ərazi, 17000 nəfər əhali olacaq

Kəlbəcər Azərbaycanın böyük və strateji əhəmiyyət kəsb edən rayonlarından biridir. İşğaldan əvvəl 3054 kv.km ərazisi olan rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. Kəlbəcər rayonu 1993-cü il aprelin  2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. İşğal nəticəsində 511 dinc sakin öldürüldü, 321 nəfər əsir götürüldü və itkin düşdü. Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanıldı. Nəhayət ki, 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi hərbi əməliyyat keçirmədən işğaldan azad edildi. Kəlbəcər işğaldan azad ediləndən sonra 2021-ci il avqustun 16-da və 2022-ci il iyunun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda səfərdə oldular.

Bu gün ölkə başçısının rəhbərliyi ilə işğaldan azad edilən bütün ərazilərdəki kimi, Kəlbəcər rayonunda da böyük quruculuq işləri aparılır. Bu işlər nəticəsində Kəlbəcərin əvvəlki şöhrəti özünə qaytarılacaq. Bu gün işğaldan azad olunmuş ərazilərdə fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. 2021-ci ilin 16 avqust tarixində dövlətimizin başçısı və birinci xanımın iştirakı ilə Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməli qoyulub. Bununla da Göygöl və Kəlbəcər rayonlarını yeni yol birləşdirəcək. Həmin gün 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışı və Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin təməli qoyuldu. 2022-ci il iyunun 26-da baş tutan səfər zamanı  isə ölkə başçısının iştirakı ilə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının, Kəlbəcər rayonunda hərbi hissələrin açılışı, İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcərdə “İstisu” mineral su zavodunun və “İstisu” sanatoriyasının təməlqoyma mərasimləri keçirilib, Kəlbəcər-Laçın avtomobil yolunun inşası, Kəlbəcər şəhərinin Baş planı və   Kəlbəcərdə “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanışlıq olub. 2023-cü il avqustun 26-da ölkə rəhbəri İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdə “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışında, Zar kəndinin təməlqoyma mərasimində iştirak ediblər və “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış olublar. Həmçinin, 2023-cü il noyabrın 7-də Kəlbəcər rayonunun Vəngli kəndinə səfər ediblər.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 may 2024-cü il tarixli, 235 nömrəli Qərarına əsasən, “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiq edilib. Otuzillik erməni işğalı nəticəsində dağıdılan Kəlbəcər şəhərinin Baş Plan konsepsiyası işğal dövründən əvvəlki vəziyyəti və ərazinin relyefi, tarix-memarlıq ənənələri nəzərə alınmaqla tərtib edilib. Baş Plana əsasən, Kəlbəcər şəhəri mövcud məskunlaşma ərazisini və yaxınlığındakı Boyaqlı kəndini əhatə edəcək. Şəhərin şimal-şərq istiqamətindəki əsas girişindən başlayaraq cənub-qərb istiqamətində uzanan baş küçəsi planlaşdırma strukturunun əsasını təşkil edir. Küçənin başlanğıc nöqtəsində şəhərin sənaye və istehsalat zonası, orta hissəsində şəhər mərkəzi, bitiş nöqtəsində isə turizm və sosial xidmət obyektləri nəzərdə tutulub.

Qeyd edək ki, şəhərin işğala qədərki (1969-cu ildə tərtib edilən) son Baş planında ərazisi 130 ha, əhalisinin sayı isə 7500 nəfər təşkil etdiyi halda, 2040-cı ilədək inkişaf konsepsiyasına uyğun olaraq bu rəqəmlər iki dəfədən çox artacaq (290 hektara yaxın ərazi, 17000 nəfər əhali). Şəhərin mərkəzi ortamərtəbəli çoxmənzilli və inzibati binalardan ibarət olacaq. Ətrafda isə fərdi yaşayış evlərinin tikintisi aparılacaq. Şəhərin ümumi yaşayış fondu 488 min m² təşkil edəcək ki, bunun da böyük hissəsi (421 min m²) fərdi yaşayış evlərinin, 46 min m²-i isə ortamərtəbəli yaşayış binalarının payına düşəcək. Ümumən 2040-cı ilədək əhalinin 4250 mənzillə (adambaşına 25 m²) təmin olunması nəzərdə tutulub. Şəhərdə, həmçinin 4 məktəb (960 şagird yerlik), 4 uşaq bağçası (520 yerlik), 2 xəstəxana (160 çarpayılıq), 1 reabilitasiya mərkəzi (150 çarpayılıq), İşğal və Zəfər muzeyləri, mehmanxanalar, müxtəlif ictimai-iaşə obyektləri və idman meydançalarının tikintisi planlaşdırılır. Plana əsasən, şəhər ərazisinin 22 faizi yaşıllıqlardan ibarət olacaq, yəni 60 ha sahədə fərqli yaş və sosial qruplar üçün yaşıllıq zolaqları yaradılacaq. Beləliklə, ölkənin digər şəhərlərində ümumi istifadədə olan yaşıllıq sahəsinin adambaşına düşən norması 7-10 m² nəzərdə tutulduğu halda, Kəlbəcər şəhərində bu göstərici 33 m² təşkil edəcək. Baş Plana uyğun olaraq, şəhərin yol infrastrukturu da müasir standartlar tətbiq edilməklə qurulacaq. Əhali uzunluğu 27 km-dən artıq olan avtomobil, 22 km olan velosiped yollarından rahat şəkildə istifadə edə biləcək.

Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq, şəhərin enerji təminatı bərpaolunan enerji potensialından istifadə edilməklə həyata keçiriləcək. Əhalinin içməli su təminatı isə Ağçayın su mənbələri hesabına ödəniləcək. Kəlbəcər şəhərinin iqtisadi inkişafında xidmət (xüsusən turizm) və kənd təsərrüfatı sektorları böyük rol oynayacaq. Şəhər yenidən qurulan “İstisu” sanatoriyasına yaxın ərazidə yerləşdiyindən burada müalicəvi turizmin inkişafına təkan verəcək obyektlər də inşa olunacaq. Bütün bunlar isə əhalinin dayanıqlı məşğulluğuna əlverişli zəmin yaradacaq.

Sevinc Azadi, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
201
Mənbələr
Şərh ()
Bağla