AZ

Qalib Azərbaycanın azad və abad Qarabağı…

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimiz dünyanın ən gözəl və səfalı məkanına çevriləcək 

Qələbədən sonrakı üç il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonundakı bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 12 milyard manat vəsait ayrılıb. 2024-cü ilin dövlət büdcəsində isə 4 milyard manat vəsait nəzərdə tutulub. Təsadüfi deyil ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi ildən-ilə artırılır.

Həyata keçirilən böyük layihələrin nəticəsi olaraq Qarabağda və Şərqi Zəngəzurda bərpa edilmiş yaşayış məntəqələrinin və daimi yaşamaq üçün bu yerlərə qayıdan məcburi köçkünlərin sayı sürətlə artmaqdadır. Tezliklə Böyük Qayıdış Proqramı çərçivəsində Şuşa, Xankəndi və Xocalı şəhərlərinə, həmçinin Xocalı rayonunun Malıbəyli kəndinə, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə də əhalinin köçürülməsinə başlanılacaq.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən  Böyük Qayıdışla bağlı 2022-2026-cı illəri əhatə edən Dövlət Proqramı Qarabağ və Şərqi Zəngəzuru inkişafa, yüksək həyat tərzinə qovuşduracaq. Proqramın əsas məqsədi ilk beşillikdə 34 min 500 ailənin azad edilmiş ərazilərə köçürülməsini təmin etməkdir.

Qarabağ və Şərqi Zəngəzur regionunun dayanıqlı elektrik təchizatını təmin etmək, işğaldan azad edilən ərazilərdə “Azərenerji” tərəfindən tikilən onlarla su elektrik stansiyasında istehsal olunan enerjini ümumi sistemə ötürmək üçün “Cəbrayıl” enerji qovşağının istismara verilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, 330/110 kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyası Cəbrayıl-Naxçıvan-Türkiyə, oradan isə Avropa enerji bazarlarına əlavə çıxış əldə edir və ixracı artırmaq imkanına malikdir. “Cəbrayıl” qovşaq yarımstansiyası və ikidövrəli olmaqla 132 kilometr məsafədə tikilən 330 kV-luq “Ağcabədi” yarımstansiyası müasir texnologiyalar əsasında tam yenidən qurulub. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin, “Holcim Azərbaycan” ASC, “Az-Tex-Import” MMC, “Improtex Qarabağ Sənaye Kompleksi” MMC-nin müəssisələrinin tikintisi işğaldan azad olunmuş ərazilərin Azərbaycan iqtisadiyyatına inteqrasiyası istiqamətində atılan əhəmiyyətli addımlardır.

Ölkə Prezidenti İlham Əliyev Qarabağ və Şərqi Zəngə­zurun 10 min kvadratkilometrlik ərazi­sini “yaşıl enerji” zonası elan edib. Artıq sürətli quruculuq meydanına çevrilmiş bu ərazilərin bərpaolunan enerji potensia­lının hərəkətə gətirilməsi istiqamətində də konkret tədbirlər həyata keçirilir, xa­rici tərəfdaşlarla sazişlər imzalanır, yeni layihələr işlənib hazırlanır. Dövlət başçı­sının “Azərbaycan Respublikasının işğal­dan azad edilmiş ərazilərində “yaşıl ener­ji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” 2021-ci il 3 may tarixli sərən­camına uyğun olaraq Nazirlər Kabineti “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022–2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılma­sı üzrə Tədbirlər Planı”nı təsdiq edib. Sö­zügedən sənədə uyğun olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “yaşıl” texnologiyaların və enerji səmərə­liliyin tətbiqi ilə yanaşı, bir çox ümumi enerji infrastrukturuna və sahənin inkişa­fına müsbət təsir edəcək tədbirlər nəzər­də tutulub. Bütövlükdə isə hökumətin bununla bağlı hazırladığı konsepsiyaya əsasən, həmin ərazilərdə istehlak olunan elektrik enerjisi yalnız bərpaolunan enerji mənbələrindən alınacaq. Hazırda “yaşıl enerji zonası”nın yaradılması çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsa­lı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən istifadə, tikililə­rin damlarında “yaşıl enerji” qurğularının (xüsusən də günəş panellərinin) quraş­dırılması, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə, istilik, soyutma və isti su təchizatında bərpaolunan enerji texnologiyalarından istifadə, ağıllı enerji idarəetmə texnologiyalarıının tətbiqi, tul­lantıların enerji məqsədli idarə edilməsi kimi “yaşıl” texnologiyaların tətbiqinin həyata keçirilməsi istiqamətində işlər da­vam etdirilir.

Təməli qoyulan sosial-infrastruktur obyektləri, inzibati binalar, xəstəxanalar, təhsil müəssisələri, peşə məktəbləri, parklar, məscidlər otuz il doğma yurd-yuvalarına qovuşmaq həsrəti ilə yaşayan keçmiş məcburi köçkünlərin rahat həyat şəraitinin təmin olunmasına xidmət edir. Ağalı, Talış kəndlərində yaşayışın bərpa edilməsi, Laçın şəhərinin mərkəzində quruculuq işlərinin demək olar ki, yekunlaşması, Zabux və Sus kəndlərində tikintinin intensiv şəkildə davam etdirilməsi Qarabağ və Şərqi Zəngəzurun bərpasının dövlətin həyata keçirdiyi siyasətdə ən prioritet məsələ olduğunu təsdiq edir.

“Azərbaycan Respublikasının işğaldan azad edilən ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proq­ramı”nın icrasına dair Tədbirlər Planı”na əsasən, 2026-cı ilədək ümumi uzunluğu 2264,5 kilometr təşkil edən 20 avtomobil yolu layihəsinin və Laçın rayonun­da Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma və torpaq işlərinin yerinə yetirilməsi nəzərdə tutulub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentli­yinin məlumatına görə, bu layihələrdən uzunluğu 28,5 kilometr olan Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolu 2020-ci ildə, uzunluğu 101,5 ki­lometr təşkil edən Zəfər yolu 2021-ci ildə inşa edilib. 2022-ci ildə Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolunun (uzunluğu 22 ki­lometr, 2-3 hərəkət zolaqlı) tikintisi başa çatdırılıb. Ümumiyyətlə, Qarabağda icra olunan yol inf­rastrukturu layihələri tədbirlər planına uyğun ola­raq 15 layihədən 11-nin icrası 2024-cü ildə, üç layihənin 2025-ci ildə, bir layihənin isə 2026-cı ildə başa çatdırılması nəzərdə tutulub. Cari ildə Xudafərin-Qubadlı-Laçın, Şükür­bəyli-Cəbrayıl-Hadrud, Kəlbəcər və Laçın ra­yonları ərazisində yol infrastrukturunun tikintisi planlaşdırılıb. Bundan başqa, 2024-cü ildə Qu­badlı-Eyvazlı, Qubadlı-Mahmudlu-Yazıdüzü-Er­mənistan sərhədi, Horadiz-Tuğ-Azıx mağarası, Ağdam-Füzuli, Horadiz-Cəbrayıl-Zəngilan-Ağ­bənd, İranla dövlət sərhədi avtomobil yolunun və Araz çayı üzərində avtomobil yolu körpülərinin tikilməsi də qərara alınıb. Yeri gəlmişkən, 2024-cü ildə bölgədə Ağ­dam-Əsgəran-Xocalı-Xankəndi-Şuşa (34 kilo­metr), Tərtər-Ağdərə (24,2 kilometr) və Füzu­li-Xocavənd-Ağdam avtomobil yolunun (55,7 kilometr) avtomobil yollarının da yenidən qurul­masına start veriləcək. 2025-ci ildə isə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Toğana­lı-Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın avtomobil yol­larının, 2026-cı ildə isə Ağdam şəhərinin daxili yollarının layihələndirilməsi və tikintisi işlərinin başa çatdırılması planlaşdırılır.

Qarabağ və Şərqi Zəngəzurun "hava qapıları" Füzuli, Zəngilan və Laçın beynəlxalq aeroportları isə  bölgənin əhəmiyyətini artırmaqla yanaşı, Qarabağın və Şərqi Zəngəzurun gələcəkdə turizm potensialının artmasına imkan yaradacaq. Yenidənqurma və bərpa işləri başa  çatdıqdan sonra bu əraziyə turist axınında hava limanlarının müstəsna rolu olacaq.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında indi quruculuq işləri ilə bərabər, kənd təsərrüfatının inkişafı geniş vüsət almışdır. Oraya qayıdan vətəndaşlar artıq bu imkanlardan istifadə edirlər. Eyni zamanda, ən müasir texnologiyaların tətbiqi nəticəsində orada həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl yerlərindən biridir və kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının - çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır.

Azadlığına qovuşan yurd yerlərimizdə tarixiliklə müasirliyin vəhdətində həyata keçirilən bərpa-quruculuq işləri ermənilərin törətdikləri dağıntıların, vandallığın izlərini silir. Genişmiqyaslı layihələrin reallaşdırılması, əhalinin davamlı şəkildə yurd yerlərinə köçürülməsi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişaf etmiş bölgəyə çevrilməsinə şərait yaradır.   Bir sözlə, Azərbaycan dövləti keçmiş məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurda qayıdışını mühüm vəzifə kimi qarşıya qoyub. İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində görülən işlər getdikcə daha da sürətlənir, Böyük Qayıdış Proqramı icra olunur. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində işğaldan azad olunmuş bütün torpaqlarımız tezliklə gülüstana çevriləcək.

Yaqut Ağaşahqızı, “İki sahil”

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
194
Mənbələr
Şərh ()
Bağla