AZ

İmişlidə keçirilən regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

İmişli, 4 may, Aydın Yavərzadə, AZƏRTAC

Aparılan təhlillərin nəticələri göstərir ki, meşə yanğınlarının 98 faizi insan amilinin təsirindən baş verir. Ümumiyyətlə, yanğınlar əsasən isti fəsillərdə qeydə alınır. Bu təsirlər sırasında meşə ərazilərində və meşə təsərrüfatı obyektlərində yanğın təhlükəsizliyi ilə bağlı mövcud pozuntuların tam aradan qaldırılmasının təmin olunmaması kimi faktlar yer alır. Həmçinin yay fəslində meşə və meşəətrafı ərazilərdə fəaliyyət göstərən istirahət, əyləncə, turizm və ictimai-iaşə təyinatlı sahibkarlıq obyektlərində yanğın təhlükəsizliyi qaydalarına riayət edilməməsi, fermerlər tərəfindən biçənəklərin və kövşənlərin yandırılması kimi xarakterik faktları da misal çəkmək olar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər İmişlidə yanğın təhlükəsizliyi ilə bağlı keçirilən regional görüşdə səsləndirilib.

Əvvəlcə müşavirə iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Heydər Əliyev Mərkəzində davam edən toplantıda Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Kənd Təsərrüfatı nazirlikləri, digər aidiyyəti qurumların, 14 rayonun rəsmiləri, fermer və sahibkarlar iştirakı ediblər.

Görüşdə yanğın təhlükəsizliyi ilə bağlı hazırlanmış birgə fəaliyyət planı barədə ətraflı məlumat verilib. Həmçinin yanğınların baş verməsinə səbəb olan əsas amillərdən söhbət açılıb. Vurğulanıb ki, yanğın təhlükəsi olan meşə sahələri, meşə yolları və digər torpaqlarla həmsərhəd sahələrin yanğın əleyhinə şumlanılması vacib məsələdir. Meşənin quru ot və odun qalıqlarından təmizlənməsi və meşə ərazisində yerləşdirilən hər bir tikilinin ətrafı, meşədən keçən avtomobil və dəmir yollarının hər iki tərəfi normativlərə uyğun məsafədə yanar materiallardan təmizlənməli, yanğına qarşı minerallaşdırılmış zolaqlarla təmin edilməlidir.

Sonda meşəətrafı ərazilərdə yaşayan və təsərrüfat fəaliyyəti ilə məşğul olan vətəndaşlara ayıq-sayıq olmaları, yanğın hadisələri ilə bağlı dərhal əlaqədar qurumlara məlumat vermələri barədə çağırış edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
2
Mənbələr
Şərh ()
Bağla