AZ

Azərbaycanda türkoloji dilçiliklə bağlı çalışmalar

Mühəmmədəli Ağayev

Məqalədə Azərbaycanda türkoloji dilçiliyin yaranması, inkişafı və inkişaf istiqamətləri qeyd olunmuşdur. Dilçiliklə məşğul olan türkoloqlarımızın həm Azərbaycan, həm də ümumi türkoloji dilçilik üçün gördüyü işlər, xüsusilə dilçiliyin müxtəlif bölmələri üzrə apardıqları tədqiqatlar qeyd edilmişdir. Türkoloji dilçilərimizin həm Azərbaycan, həm də ümumi türkoloji dilçilikdə türkologiya üçün hansı ilklərə imza atdıqları, bunun türkologiya üçün önəmi xüsusilə göstərilmişdir. Türkoloji atlasın hazırlanması, “Sovet türkologiyası” jurnalının nəşri, Onomastika elmi və.s çoxlu yeniliklər Azərbaycan türkoloqları tərəfindən türkologiyaya gətirilmişdir.

Türkoloqlarımızın qədim və orta əsrlər türk yazılı abidələrinin dilini dilçiliyin müxtəlif istiqamətləri üzrə öyrənilməsində böyük xidmətləri vardır. Bununla bərabər bu abidələrin dilinin müasir dövrdəki türkcələrlə, xüsusilə Azərbaycan türkcəsi ilə müqayisəsi onların tədqiqatlarında böyük yer tutur. Azərbaycan türkoloji dilçiliyində əsas yeri Azərbaycan türkcəsinin tarixi, onun inkişafı, müasir dövrdə dilçiliyin ayrı-ayrı şöbələri üzrə öyrənilməsi, dialekt və şivələrinin xüsusi tədqiqi və.s yerlər tutur.

Açar sözlər: Azərbaycan türkologiyası, ümumi türkologiya, inkişaf mərhələləri, elmi istiqamətlər, müasir problemlər.

Türkologiya türkdilli xalqları müxtəlif istiqamətli sahələri üzrə öyrənən, onların tarixi, filologiyası, folkloru, etnologiyası, etimologiyası, onomastikası və.s barədə araşdırmalar aparan elm sahəsidir. Bu elmin ilk araşdırmacıları avropalılar olmuş, ilk Türkologiya instutu 1795-ci ildə Parisdə qurulmuşdur. Azərbaycanda XX əsrin əvvələrində təşəkkül tapmış, alimlərimiz tərəfindən bu elmin müxtəlif istiqamətləri üzrə tədqiqatlar aparılmışdır. Bu elmi istiqamətlərdən biri türkoloji dilçilikdir. Türkoloji dilçilikdə türk dillәrinin tarixi, müasir vəziyyəti, fonetik, leksik-semantik, qrammatik quruluşu, lüğətçilik məsələləri müqayisәli-tarixi, tarixi-müqayisəli vә әnәnәvi xarakterli tәsviri dilçilik metodları ilә öyrәnilir. Azərbaycanda türkoloji dilçilik Bəkir Çobanzadə, onun tələbələri Məmmədağa Şirəliyev, Muxtar Hüseynzadə, Əbdüləzəl Dəmirçizadə və Fərhad Zeynalovla bağlıdır. 1930-cu illərdə türkoloqlarımızın çoxunun “xalq düşməni”, “millətçi” adı altında represiyalara məruz qalması bu elmin inkişafına böyük zərbə vurmuş, yeni-yeni özünə yer tapmağa çalışan türkoloji dilçilik elmi də bu represiyalardan öz payına düşəni almışdır. Ancaq sonralar, yəni 1960-cı illərdə Azərbaycan türkoloqlarının yeni nəsli meydana çıxmağa başladı. Hətta 1969-cu ildə Azərbyacan (Bakı) Dövlət Universitetində Türkologiya kafedrasının açılmasına icazə verildi, 1970-ci ildən Bakıda “Sovet türkologiyası” jurnalı nəşr olunmağa başladı ki, bu da ölkəmizdə türkoloji dilçiliyin inkişafına ciddi təkan verdi. Türkologiyanın, eləcə də türkoloji dilçiliyin inkişafında Azərbaycan türkcəsinin türkdilli xalqların həm tərkibində, həm də ayrılıqda öyrənilməsi Azərbaycanda türkoloji dilçiliyin müxtəlif istiqamətlərdə öyrənilməsinə səbəb olmuşdur.

Azərbaycanda türkoloji dilçilik elmi iki istiqamətdə inkişaf etmişdir:

1) Türk dillərinin ümumi inkişaf tarixi, işlənmə arealı, quruluşu, şivə və ləhcələrinin öyrənilməsi;

2) Azərbaycan dilinin tarixinin, dialekt və şivələrinin, həmçinin digər türkcələrlə müqayisəli araşdırılması.

Birinci istiqamətdə B.Çobanzadə, F.Zeynalov, A.Qurbanov, Ə.Rəcəbli, N.Cəfərov, B.Xəlilov, Ə.Şükürlü, Ə.Qliyev və başqa türkoloqlar qədim və orta əsrlər türk yazılı abidələri, türk dillərinin təsnifi, quruluşu və əsas problemləri, türk dillərinin dialekt və şivələri ilə bağlı sanballı tədqiqat əsərləri ortaya qoymuşlar.

İkinci istiqamətdə M.Şirəliyev, Ə.Dəmirçizadə, M.Hüseynzadə, H.Mirzəzadə, A.Axundov, S.Əlizadə, T.Hacıyev, F.Cəlilov, N.Cəfərov, Ə.Abdullayev, E.Əzizov, M.Məmmədli və başqaları əsasən Azərbaycan dilinin tarixini və şivələrini ümumtürk kontekstində araşdırmaqla kifayətlənməmiş, türkoloji dilçiliyin aktual problemlərinə həsr olunmuş əsərlər də yazmışlar.

Bununla belə bəzi türkoloqlarımız həm Azərbaycan, həm də ümumi türkoloji dilçiliklə bağlı tədqiqatlar aparmışdır ki, bunların arasında M.Şirəliyev, B.Xəlilov, A.Qurbanov, N.Cəfərov, Ə.Quliyev, M.Məmmədli və.s yer alır.

Azərbaycanda türk dillərinin ümumi tarixi, quruluşu, şivə və ləhcələrinin öyrənilməsi.

Azərbaycanda türkoloji dilçiliklə bağlı ilk araşdırmalar prof. Bəkir Çobanzadənin adı ilə bağlıdır. Onun tədqiqatları əsasən ümumi türkologiya ilə əlaqədardır. Onun “Türk-tatar lisaniyyatına mədaxil” (“Türk-tatar dilçiliyinə giriş”) (1924) əsəri türkoloji dilçilikdə türkcə yazılmış ilk dərslikdir. Bu kitab həm də türkologiyada ümumi-nəzəri dilçiliyə dair yazılmış ilk araşdırmadır.

B.Çobanzadə geniş profilli türkoloq idi. Onun elmi-nəzəri yaradıcılığı türk dillərinin müqayisəli tədqiqi, qədim Uyğur yazıları, Orxon-Yenisey abidələri, türk dillərinin dialektologiyası, ədəbi dil tarixi, türk əlifbalarının funksiyaları və.s sahələri əhatə edir. O, həm də Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərini dərindən araşdırmış və qeyd etmişdir ki, M.Kaşğarinin bu əsəri dilin təkcə leksikasını deyil, həm də qrammatikasını əhatə edir. B.Çobanzadə “Divan”ı təkcə lüğət hesab etmir. Əsərdə türk dillərinin sərfi(morloloji) xüsusiyyətlərinin də verildiyini nəzərə alsaq bu fikir doğru qəbul oluna bilər[13. s78]. Venesiyalı missionerlər tərəfindən yazıya alınan “Kodeks Kummanikus” adlı mətn üzərində tədqiqatlar aparmış, fəlsəfə doktoru dissertasiyasını bu əsərə həsr etmişdir. Əsər 1803-cü ildə yazılmış, nadir Kuman mətinlərinə - qıpçaq dil abidəsinə həsr olunmuşdur. Lakin təəssüf hissi ilə bildirmək lazımdır ki, alimin bəzi əsərləri kimi bu əsəri də günümüzə gəlib çatmamışdır[21. s14].

Prof. B.Çobanzadə həm də türk dillərinin təsnifi məsələsi ilə məşğul olmuş, M.Kaşğari, Kroş, Radlov, Samoyleviç və.s türkoloqların bu mövzu ətrafındakı tədqiqatlarını araşdırmış, “Türk-Tatar dialektolojisi” əsərində bu tədqiqatları geniş şəkildə göstərmiş, “Türk-Tatar lisaniyyatına mədaxil” əsərində öz bölgüsünü vermişdir[4. s67].

B.Çobanzadə və bir çox türkoloqumuz 30-cu illər represiyalarına məruz qalandan sonra Azərbaycanda ümumi türkoloji dilçiliklə bağlı araşdırmalar zəiflədi, lakin 1969-cu ildə Azərbaycan(Bakı) Dövlət Universitetinin türkologiya kafedrasının açılması, 1970-ci ildə “Sovet türkologiyası” jurnalının nəşrə başlaması türkoloji dilçiliyin inkişafına böyük təkan verdi.

Azərbaycanda müasir türkoloji dilçiliyin təməl daşını qoyanlardan biri Fərhad Zeynalovdur. Hətta Azərbaycan (Bakı) Dövlət Universitetinin Türkologiya kafedrasının açılması onun adı ilə bağlıdır. A.Rüstəmxanlı yazır: “F.Zeynalov ümumi türkologiyanın fundamental məsələlərinə dair tədqiqatların müəllifi hesab edilir. Onun “Türkologiyaya giriş”(1981) əsəri sovet türkologiyasında I belə tədqiqat hesab olunurdu” [23. s45-47].

F.Zeynalovun mətnşünaslıq sahəsində gördüyü işlər də türkologiyamız üçün olduqca önəmlidir. Bu cəhətdən onun “Qədim türk yazılı abidələri: orta türk dövrü”(1980) əsəri türkologiyamız üçün olduqca dəyərlidir. Türkoloq alim bu əsərində M.Kaşğarinin “Divanü Lüğat-it-Türk”, Y.Balasaqunlunun “Qutadgu-bilik”, Qutbün “Xosrov və Şirin”, “Ət-töfhət üz-zəkəriyyə fil-lüğət-it türkiyyə”, “Kitabi-Dədə Qorqud”, “Dastan Əhməd Hərrami” əsərlərini, Oğuz-Səlçuq abidələrini tarixi-filoloji akspektdən səciyyələndirir. F.Zeynalov bu əsərində abidələrin yazılıdğı tarixi şəraiti şərh edir, onların leksik, fonetik, qrammatik xüsusiyyətlərini qeyd edir və bu xüsusiyyətləri Azərbaycan türkcəəsi ilə müqayisə edir. F.Zeynalov həm də türkologiyanın müasir problemləri: türk dillərində nitq hissələrinin təsnifi, sifətin kateqoriyaları, türk dillərinin təsnifi və.s məsələlərlə ilə də məşğul olmuşdur.

Azərbaycanda türkoloj dilçiliklə bağlı tədqiqatların əsasında qədim türk yazılı abidələrinin tədqiqi durur. Bu mövzu ətrafında başda Əbülfəz Rəcəblini olmaqla, Əlisa Şükürlü və Əbülfəz Quliyevin araşdırmalarını göstərmək olar.

Ə.Rəcəblinin ardıcıl olaraq Göktürk abidələrinin dili haqqında yazdığı əsərlər həm Azırbaycan, həm də ümumi türkologiya üçün olduqca önəmlidir. Rasim Heydərov qeyd edir: “Ə.Rəcəblinin Göktürk dilinə aid fundamental monoqrafiyaları, türk dillərinin qrammatikası sahəsində yazdıqları indiyə qədər bu mövzuda hazırlanmış ən sanballı monoqrafiyalardır”[6. s6\13]. Müəllif bu əsərlərində türk dillərinin təkcə müasir qatını deyil, eyni zamanda müasir vəziyyətini də təsvir edərək türk dilləri üçün orjinal bir qrammatika hazırlayır.

Ə.Rəcəbli Göktürk əlifbası ilə yazılmış kitabələrin lokallaşdırılması məsələsinə də toxunmuş, bu abidələri təkcə coğrafi olaraq deyil, həm də siyasi-tarixi və janr xüsusiyyətlərinə görə təsnif etmişdir. Alim Göktürk dilinin fonetikasıəsərində qeyd edir ki, türkoloji ədəbiyyatda işlədilən “runik abidələri”, “runik əlifbası” terminləri qəbul edilməzdir, bu terminlər əvəzinə “Göktürk yazısı”, “Göktürk abidələri” terminlərinin işlədilməsi olduqca yerində olardı[22. s94]. Ə.Rəcəbli bu monoqrafiyasında Göktürk abidələrinin dili üçün yeni olan “Fonetik itələmə qanunu”nu da hazırlayır[22. s355]. O, “Göktürk dilinin Leksikologiyası” əsərində dilin mənşəcə lüğət tərkibini araşdırmış, qədim türk onomastik vahidlərini qısa şəkildə göstərmiş, Göktürk abidələrinin dilinin leksikoloji məsələlərini ayrıca tədqiq etmişdir. O, həm də “Göktürk dilinin morfologiyası”(2002); “Göktürk dilinin Sintaksisi”(2003); “Orxon-Yenisey abidələri”(1993); “Qədim türkcə - azərbaycanca lüğət”(2001) monoqrafiyalarını və lüğətini hazırlamışdır. Onun bu əsərləri Göktürk abidələrinin dilini öyrənmək üçün əvəzsiz mənbə hesab oluna bilər. Alimin “Qədim türkcə-azərbaycanca lüğət” adlı əsərində təkcə Göktürk dili deyil, qədim Uyğur türkcəsi də qeyd olunmuşdur. O, həm də “Uyğurlar”(1996) adlı kitabın müəllifidir.

Əlisa Şükürlünün “Qədim türk yazılı abidələrinin dili”(1992) əsəri də Göktürk və Uyğur abidələrinin öyrənilməsi baxımından olduqca dəyərlidir. Əsərdə bu abidələrin öyrənilməsi tarixindən, onların fonetik, leksik, qrammatik xüsusiyyətlərindən danışılır, abidələrin lüğət tərkibi, hərfləri və səsləri ifadə edən işarələri haqqında məlumat verilir.

Orxon-Yenisey və qədim Uyğur abidələrinin Azərbaycanda əsas tədqiqatçılarından biri Əbülfəz Quliyevdir. “Orxon-Yenisey abidələrində feilin təsriflənməyən formaları”(1997); “Əski türk yazılı abidələri müntəxəbatı”(1993); “Qədim türk abidələrinin sintaksisi”(1994); “Qədim Uyğur türklərinin onomastikası”(2014) və.s bu abidələrlə bağlı çoxlu sanballı tədqiqatı mövcuddur.

Türkoloji dilçiliyin təməl kökləri atıldıqdan sonra Azərbaycanda bu elmlə ardıcıl məşğul olan türkoloqlar yarandı ki, bu türkoloqlardan biri Buludxan Xəlilovdur. Həm Azərbaycan, həm də ümumi türkoloji tədqiqatlarla məşğul olan alim “Birinci Beynəlxalq türkoloji qurultay”(1996); “Türkologiyanın intibah dövrü”(XIX əsrin sonu XX əsrin əvvələri) (2001); “Türkologiyaya giriş”(2006); “224 qədim türk sözü”(2013) və.s əsərləri ümumi türkoloji dilçilik üçün olduqca qiymətlidir. “O, “Türkologiyaya giriş” əsərində ilk dəfə türkdilli xalqların yaşadığı yerləri, dillərinin tarixini, qohumluq səviyyəsini, mənşəyini, hər bir türk dilinin fonetik, leksik, qrammatik xüsusiyyəti barədə məlumat vermişdir”[25. s13]. Əsərdə türk dil ailəsinin digər dil ailələri ilə qohumluğu, Ural-Altay fərziyyəsi, Turan dilləri cərəyanı məsələlərinə, Türk dillərinin müxtəlif təsniflərinə diqqət yetirilir.

B.Xəlilovun “Türkologiyanın intibah dövrü” əsəri türkologiyamızın ən qiymətli materiallarından hesab etmək olar. Kitabda milli türkoloqlarımız İbrahim İshaq Səid, Nikolay Fyodroviç Katanov, Səlim Mirzə Ümidbayev, Hüseyn Feyzixanov, XIX əsrdə Osmanlıda türkoloji tədqiqatlar aparmış Şəmsəddin Sami, Əhməd Vəfiq, Əhməd Midhət, Şeyx Süleyman Buxari kimi türkoloqların tədqiqatları xüsusilə qeyd edilmişdir.

M.Şirəliyevin tədqiqatları da türkoloji dilçilik üçün olduqca önəmlidir. Keçmiş SSRİ ərazisindəki türk dillərinin dilçilik atlasının hazırlanması ona tapşırılmışdı. O, həmçinin türk dillərinin dilçilik coğrafiyası üsulu ilə öyrənilməsi ideyasının müəllifidir. Bolqarıstanda türk dialektlərini araşdıram alim topladığı materiallar əsasında “Türk dialektologiyası” dərsliyini yazmışdır. Bolqar alim Emil Boyev XI Türk Dili qurultayında( Ankara; 1966) çıxışı zamanl xüsusi ilə vurğulayırdı ki: “ Bolqarıstanda türk dialektlərinin araşdırılmasının əsasını Professor M.Şirəliyev qoydu. Biz-onun şagirdləri isə bu işi davam etdiririk”.

Afad Qurbanovun “Türkoloji dilçilik”(2019) əsəri həm Azərbaycan, həm də ümumi türkoloji dilçilik baxımından qiymətlidir. Kitabda türkoloji dilçilik və onun vəzifələri, türk dillərinin təsnifivə təsnif tarixi, türkoloji dilçiliyin inkişaf dövürləri, türkologiyanın ən müasir və aktual problemləri, qədim türk yazılı abidələri, ümumitürk antroponimasiya tarixi, ortaq türk ədəbi dili, onun zəruriliyi və.s olmaqla türkoloji dilçilik üçün olduqca mühüm olan məsələləri, hər birini ayrılıqda olmaqla araşdırmış, tədqiqatlar aparmışdır. A.Qurbanov bu kitabında türkologiya və türkoloji dilçilik terminlərinə aydınlıq gətirir, türkoloji dilçiliyi türkologiyanın bölmələrindən biri olaraq qeyd edir[14. s104].

N.Cəfərovun ümumi türkoloji araşdırmalarında əsəs yeri türkdilli xalqların birliyi məsələsi tutur ki, bunun da başlıca şərti olan ortaq türk ədəbi dili məsələsinə tez-tez toxunmuşdur. T.Hüseynov qeyd edir ki: “1996-cı ildə yazdığı məqaləsində N.Cəfərov ortaq türk ədəbi dili məsələsinə bir də toxunmuş, bu məsələnin vacibliyini vurğulamışdır. Əks halda tatarla, başqırdla, qırğızla... ortaq dil olaraq rusca danışacağımızı istehza ilə bildirmişdir[19. s15].

M.Məmmədlinin türkoloji araşdırmaları əsasən az tədqiq olunmuş türk dilləri və onların dialektlərinə həsr olunmuşdur. O, əsasən Kırım-Tatar və Urum türkcələrini araşdırmış, onların dil quruluşunu öyrənmiş, onların türk dilləri içərisindəki yerlərini qeyd eləmiş və Kırım-Tatar türkcəsini Azərbaycan türkcəsi ilə müqayisə etmişdir. Bu baxımdan onun “Kırım-Tatar dilində Oğuz xüsusiyyətləri”(2010); “Azərbaycan və Kırım-Tatar dilində ortaq xüsusiyyətlər”(2013); “Urum dilinin mənşəyi, mövqeyi, xüsusiyyətləri” əsərləri olduqca qiymətlidir[5. s127].

Son dövrlərdə Azərbaycanda türkologiya ilə bağlı yazılmış ən sanballı əsərlərdən biri Mahirə Hüseynovanın “Ümumitürk dillərində dialekt və şivələrin qarşılıqlı inteqrasiyası” əsəridir. Əsəri Azərbaycan türkcəsinin dialektlərinin digər türkcələrin dialektləri ilə müqayisəli tədqiqinə dair yazılmış ilk ensiklopediya hesab etmək olar.

M.Məmmədli qeyd edir ki: “M.Hüseynova bu kitabında dialektlərin təşəkkülü, türk dillərinin inteqrasiyası, ortaq türk dili, türk dillərinin təsnifi kimi türkoloji problemlərə öz münasibtin bildirmişdir. Kitabda qədim və yeni türk dillərinin və onların dialektlərinin fonetik xüsusiyyətləri qarşılıqlı olaraq tədqiq edilmiş, Azərbaycan və Qazax dilləri arasındakı ortaq xüsusiyyətlər ümumi türkoloji səviyyədə təhlil olunmuşdur. O, həm də, dialektologiyanın aktual problemlərinə, o cümlədən “Koync dialekti” probleminə aydınlıq gətirilir”[18. s10].

Azərbaycan türkcəsinin tarixinin, dialekt və şivələrinin, həmçinin digər türkcələrlə müqayisəli araşdırılması.

Ümimilikdə Azərbaycan türkcəsi haqqında yazılan əsərlər türkoloji dilçiliyin ən böhranlı dövrlərindən, yəni 30-50 -ci illərdən yazılmağa başlamışdı. Bu dövrlərdə yazılan əsərlərin əskəriyyəti dilçiliyin müxtəlif bölmələrini əhatə eləməklə müasir Azərbaycan türkcəsi, dialekt və şivələri, tarixi qrammatikası haqqında idi. Bu dövrdə əsasən Muxtar Hüseynzadə, Yusif Seyidov, Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə, Hadi Mirzəzadənin tədqiqatlarını göstərmək olar.

Azərbaycanda Azərbaycan türkcəsi, onun dialekt və şivələri haqqında ilk türkoloji araşdırmalar Prof.B.Çobanzadənin tələbəsi Məmmədağa Şirəliyevin adı ilə bağlıdır. O, Azərbaycanda, ümumən Sovetlər ərazisində türkolojiyanın inkişafına böyük təkan vermiş, 1970-ci ildən Bakıda nəşr olunmağa başlayan “Советепая Тюркологя”( Sovet Türkologiyası) Ümumi ittifaq jurnalı onun baş redaktorluğu ilə nəşrə başladı.1941-ci ildə yazdığı “Bakı Dialeki” əsəri ilə Azərbaycanda dialektologiyanin əsasını qoymuşdur. O, Azərbaycan dilçiliyində, o cümlədən türkologiyada türk dillərinin dilçilik coğrafiyası əsasında öyrənilməsi ideyasının banisidir[17. s131]. Onun Azərbyacan dialektologiyası üçün ən mühüm əsərini “Azərbaycan dilinin dialektoloji atlası”(1970) hesab etmək doğru olar. Bu əsər təkcə Azərbaycanda yox, ümumən türkologiyada ilk belə nümunə hesab edilirdi. Əsərdə Azərbaycan dilinin dialekt və şivələrinin öyrənilməsi, təsnifi, həmçinin şivələrin fonetik, morfoloji, sintaktik, leksik xüsusiyətlərinin ümumilikdə araşdırılması və öyrənilməsi yer alır. O, həm də, dilçiliyimizdə ilk dəfə olaraq “Azərbaycan dialektologiyasının əsəsları” əsərində Azərbaycan türkcəsinin dialekt və şivələrinin coğrafi prinsip əsasında təsnifini vermişdir. Bu əsər həm də o dövrə qədər türkcələrin dialektlərinə dair yazılmış əsərlərədən fərqli olaraq ilk dəfə təsviri, müqayisəli və tarixi-müqayisəli üsullardan istifadə edilmişdir.

M.Şirəliyevin tədqiqatlarından sonra türkcəmizin müxtəlif dialekt və şivələri haqqında ayrılıqda əsəsrlər yazılmışdır. Ə.Quliyev və M.Məmmədlinin araşdırılmalarını göstərmək olar. Ə.Quliyevin Naxçıvan dialekt və şivələri haqqında bir çox əsərin müəllifidir. O, həm də “Dədə Qorqud yurdu: Naxçıvan atlası” kimi həmmüəllifli əsərin ərsəyə gəlməsində yaxında iştirak etmişdir.

Son dövrlərdə dialektologiya sahəsində aparılan ən geniş araşdırmalardan biri Məhərrəm Məmmədli tərəfindən aparılmışdır. Onun “Azərbaycan dialektologiyası”(2019) əsəri dialekt və şivələrimizin ümumi tədqiqinə həsr edilmiş, onların fonetik, qramamtik, leksik-semantik baxımdan öyrənilməsində mühüm rol oynamışdır. O bu əsərində dialektlərimizdəki alınma sözləri də göstərmiş, bu sözlərin hansı dillərdən alındığını da qeyd etmişdir. M.Məmmədli “Azərbaycan dilinin Təbriz dialekti” əsərini də yazmışdır ki, bu əsər Təbriz dialektilə bağlı aparılmış ilk tədqiqatdır. Bu əsərində özünün əsas elmi istiqaməti olaraq dialektin müasir vəziyyətini öyrənmiş, onun fonetik, leksik, qrammatik xüsusiyyətləri barədə məlumat vermişdir. Azərbaycan türkcəsi tarixinin bir sıra mübahisəli məsələlərinə aid “Gəncə-Yelizavetpol-Kirovabad”, ““Kitabi-Dədə-Qorqud” abidəsində mənsubiyyət anlayışının ifadəsi”,

“M.Kaşğarinin “Divan”ı və Azərbaycan dili” məqalələrini, “Azərbaycan dili şivələrində ismin qrammatik kateqoriyaları” monoqrafiyasını yazmışdır[5. s127].

Azərbaycanda türkoloji dilçiliyin mühüm məsələlərindən biri də dilin tarixi qatının araşdırılmasıdır ki, bu sahənin inkişafı Hadi Mirzəzadənin “Azərbaycan dilinin tarixi morfologiyası”(1960) əsəri ilə qoyulmuşdur. Bu əsər dilçiliyimizdə tarixi qrammatika kimi yeni bir sahənin başlanğıcı oldu. Onun “Azərbaycan dilinin tarixi sintaksisi”; “Azərbaycan dilinin tarixi qrammatikası” əsərləri dilimizin tarixi qatının öyrənilməsi baxımından olduqca önəmlidir.

Əbdüləzəl Dəmirçizadənin tarixi qrammatika ilə bağlı əsərləri də dilçiliyimiz üçün önəmlidir. Elmi yaradıcılığının ilk dövrlərindən dilin tarixi qatı ilə bağlı araşdırmalar aparan alim "Azərbaycan ədəbi dili tarixinin xülasələri "(1938), "Azərbaycan dilinin tarixi"(1948), "Azərbaycan ədəbi dilinin inkşaf yolları"(1959), "Kitabi-Dədə Qorqud"dastanın dili"(1959), "Azərbaycan ədəbi dilinin tarixi" (1967), "Azərbaycan dilinin tarixi qramatikası" (1967), "Azərbaycan ədəbi dilinin tarixi"(II hissə) əsərləri ilə dilçiliyimizdə ədəbi dilimizin inkişafını, inkişaf tarixini göstərmiş, onun dil xüsusiyyətlərini qeyd eləmişdir[19. s14].

Akad.Tofiq Hacıyev H.Mirzəzadənin “Tarixi qrammatika” əsəri üzərində yenidən tədqiqatlar aparmış, bu əsərdə qeyd olunmayan “Zərf” və “Ədat” bəhslərini əsərə daxil edərək onu yenidən çapa hazırlatmışdır. XX əsrin əvvələri Azərbaycan ədəbi dili ilə bağlı tədqiqatlar aparan alim bu dövrə qədərki dilimizin əsas inkişaf meyillərini, bu dilin keyfiyyətlərini dərinliyinə və incəliyinə qədər araşdırmış, ümumiləşdirmələr aparmışdır.

Azərbaycan dilinin tarixi qatının öyrənilməsində Samət Əlizadənin də rolu danılmazdır. S.Abdullayeva qeyd edir, “Azərbaycan filologiyasında Həsənoğlunun türkcə üç şeiri, “Dastan Əhməd Hərrami” və “Şeyx Səfi təzkirəsi” ilə bağlı ilk bitkin bilgi verilməsi, türkologiyada böyük önəmi olan folklor və ədəbi dil abidəsi olan “Oğuznamə”nin əlyazmasının üzə çıxarılıb ictimaiyyətə çatdırılması onun adı ilə bağlıdır”[1. s30]. Onun “Əski Azərbaycan yazısı”(1993) əsəri ərəb əlifbası əsaslanan əski, 1929-cu ilə qədərki əlifba qrafikamızı öyrənmək baxımından mükəmməl əsərdir. Burda Azərbaycan-ərəb əlifbasının uyğun olub-olmaması, praktik və orfoqrafik problemləri haqqında danışmış, əski yazıdakı əlifba, onun yazılışı, yardımcı işarələr və.s haqqında izahlı məlumat vermiş, çoxlu nümunələr verərək praktika əsasında bunun öyrənilməsini asanlaşdırmışdır. Daha sonralar Cahan Ağamirov və Afaq Məmmədova ayrılıqda “Əski Azərbaycan yazısı” adlı kitabları nəşr etmişlər.

Azərbaycan türkcəsinin müasir vəziyyətinin dilçiliyin həm müxtəif şöbələri, həm də ümumilikdə təhlili dilçiliyimiz üçün mühüm yer tutur. Bu məsələ ilə əsasən Ə.Dəmirçizadə, M.Hüseynzadə, Y.Seyidov, A.Qurbanov, B.Xəlilov, Ə.Abdullayev və.s tərəfindən işlənmişdir.

Dilçiliyimizdə dilin fonetikası haqqında ilk geniş məlumat Ə.Dəmirçizadənin “Müasir Azərbaycan dilinin fonetikası” əsərində verilmişdir. Kitabda ilk dəfə olaraq fonetika haqqında hərtərəfli məlumat verilmiş, səsin formalaşma mənbələri, əlamətləri haqqında danışmış, fizioloji mənbələrin yeri haqqında geniş məlumat vermişdir. Ə.Dəmirçizadə saitlərin və samitlərin bəzi əlamətdar cəhətlərini aydınlaşdırmaq üçün akustik meyardan istifadə etmək lazım olduğunu qeyd etmişdir. Saitlərin təsnifini verən dilçi ilk dəfə olaraq onların geniş şəkildə akustik əlamətlərini nəzərə alaraq müxtəlif prinsiplər əsasında təsnifini aparmışdır.

Azərbaycan türkcəsinin morfologiyasını ilk dəfə sistemli olaraq tədqiqi Muxtar Hüseynzadənin adı ilə bağlıdır. “Müasir Azərbaycan dili”(1954;1963;1973;1983) kitabında Azərbaycan türkcəsinin fonetikası, leksikası, morfologiyası haqqında tədqiqatlar aparmışdır. Türkologiyada frazeologiya məsələsini qaldırmış, Azərbaycan türkcəsinin lüğət tərkibindəki qeyri-türk mənşəli-“gəlmə və alınma sözlər” adlanan təbəqəni müfəssəl tədqiq etmiş, ərəb və fars mənşəli alınma sözləri özünün irəli sürdüyü prinsiplər əsasında orjinal surətdə qruplaşdırmışdır.

B.Xəlilov “Müasir Azərbaycan dili leksikası”(2009) kitabında tarixi, müqayisəli leksikologiyanı araşdırmış, dilin fonetik, qrammatik qruluşu və.s barədə mülahizələri sistemli şəkildə irəli sürmüşdür. O, Müasir Azərbaycan türkcəsi ilə Şummer, Akkad, Xett, Urartu dilləridə işlənən müxtəlif semantik, yaxud leksik-semantik söz qruplarına aid paralelliklərə diqqət yetirmişdir.

Dilçiliyimizin mühüm bölmələrindən biri də onomalogiyadır ki, həm Azərbaycan türkoloji dilçiliyində, həm də ümumi türkologiyada bu sahənin inkişafı A.Qurbanovun adı ilə bağlıdır. Onun “Azərbaycan diilinin onomalogiyası” əsəri Azərbaycanda onomastikanın əsasını qoymuşdur[2. s43].Bu əsərdə onomastik vahidlərin tədqiqi tarixi, onomastik mənbələr, onomalogiyanın elmi-nəzəri məsələləri kompleks və sistemli şəkildə tədqiq edilmişdir.

Qrammatika, əsasən də onun sintaksis bölməsi üzrə tədqiqatlar dilçiliyimizdə mühüm yer tutur. M.Hüseynzadənin “Təyini söz birləşmələri”(1959) adlı əsəri türkologiyada bu mövzuya həsr olunmuş ilk əsərlərdəndir. O, bu əsərində türkologiyada dərin kök salmış “İzafət birləşməsi” termininin türk dilləri üçün uyğun olmadığını sübut etmiş, onu “Təyini söz birləşmələri” termini ilə əvəzlənməsini əsaslandırmışdır. .

Y.Seyidov türkologiyada ilk dəfə olaraq belə bir elmi-nəzəri müddəa ilə çıxış edir ki, hər bir cümlə üzvü müxtəlif nitq hissələrinə aid sözlərlə ifadə olunduğu kimi, ara sözlər də ayrı-ayrı nitq hissələrinə aid sözlərlə ifadə oluna bilər. Yusif Seyidov "Azərbaycan ədəbi dilində əlavə söz və əlavə cümlələr" monoqrafiyası ilə həm Azərbaycan, həmdə ümumi türkoloji dilçiliyə əlavə söz və əlavə cümlə anlayışını gətirmişdir[8. s5].O, türkologiyada tabelilik və tabesizlik əlaqələrinin bütün sintaktik vahidlər üzrə təzahür hallarını müəyyən etmiş, bir sıra yeni fikirlər irəli sürmüşdür.

Azərbaycanda türkologiynın inkişafında N.Cəfərovun “Azərbaycanşünaslığın əsasları”(2005) və “Türkologiyaya giriş”(2016) əsərləri mühüm rol oynayır. Əsərində Azərbaycan türkcəsinin tarixi, onun əsas problemləri, təşəkkülü, intibahı, türkologiyanın tarixi, türklərin differensiyallaşması, ümumitürk ədəbi dili, müasir türk dünyası və.b məsələlər yer alır. Ümumi tədqiqatlarında Azərbaycan türkcəsinin tarixi, ümumi türkologiya, Azərbaycan ədəbiyyatı tarixi, Azərbaycan türkcəsinin milliləşməsi və.s yer alan N.Cəfərov həm də Azərbaycanşünaslıq elminin banisidir.

Nəticə: ÜmumiyyətləAzərbyacanda yüz ildir ki ömür sürən türkologiya elmi qarşısında duran Sovet əngəlinə rəğmən böyük inkişaf yolu keçmişdir. Hətta, demək olar ki, Sovet birliyinin türkologiyamızın inkişafındakı yeri çox böyükdür. Türkologiyamızın bu ikitərəfli inkişafı həm digər türk xalqları ilə olan mədən-tarixi əlaqələrimizi genişləndirmiş, həm də Sovet dövründə unutdurulmağa çalışılan milli kimliyimizi, dilimizi yenidən qazanmağa kömək olmuşdur. Türkoloji dilçiliyimizin inkişafı Azərbaycan türkcəsinin tarixi inkişafını öyrənməklə, onu qədim türk yazılı abidələri ilə müqayisədə türkcəmizin qədimliyini göstərir.

Ədəbiyyat:

Abdullayeva Sənubər. (2018). Samət Əlizadə-80. “Türkologiya”; №2; s 130-131.

Bünyadov Teymur & Həbibbəyli İsa. (2005). Akademik Afad Qurbanov. Bakı.

Cəfərov Nizami. Azərbaycan türkologiyası:təməllər, təmayüllər. “Ədəbiyyat qəzeti”; 2022, 1 Dekabr; s 15.

Çobanzadə Bəkir. (2007). Seçilmiş əsərləri(V cilddə) I cild. Bakı.

Əzizov Elbrus & Novruzov Məmmədli. (2018). Məhərrəm Məmmədov-60. “Türkologiya”; №4; s 125-127.

Heydərov Rasim. Azərbaycan dilçiliyinin patriaxrı-Əbülfəz Rəcəbli. “Kredo”; 2021, 19 May; s 6/13.

Həbibbəyli İsa. Böyük elmə bəxş edilmiş ömür, Professor Yusif Seyidov-80. “Azərbaycan müəllimi”; 2009, 13 Noyabr; s 5.

Həşimli Hüseyn. (2020). Görkəmli türkoloq alim: Əbülfəz Quliyev. AMEK, Naxçıvan bölməsi; №1; s 199-201.

Hüseynov Turan. Türk dünyasında Nizami Cəfərov. “İki sahil”; 2019, 21 Sentyabr; s 15.

Xəlilov Buludxan.(2001). Türkologiyanın intibah dövrü. Bakı: “Adiloğlu”.

İbrahimov Elçin. Məmmədağa Şirəliyevin türkoloji dilçiliyin inkişafındakı rolu. “525-ci qəzet”. 2019, 11 Dekabr; s 14.

İsmayıl Zülfiyyə. (2020, 4 May). Dilçilik elminin Yusif Seyidov zirvəsi https://www.adalet.az/mobil/186300

Qasımov Cəlal. (2018). Bəkir Çobanzadə. Bakı: AR DTX-nin Heydər Əliyev adına Akademiyası.

Qurbanov Afad. (2019). Türkoloji dilçilik. Bakı: “AMEA”.

Mahmudov Məsud. (2007). Professor Əbülfəz Rəcəbli fenomeni və öz oduna əriyən şam. Bakı: “Nurlan”.

Məmmədli İsamyıl. Azərbaycan dilçiliyində Məmmədağa Şirəliyev mərhələsi. “525-ci qəzet”; 2019, 20 Sentyabr; s 14.

Məmmədli İsmayıl. (2019). Məmmədağa Şirəliyev-110. “Türkologiya”; №3; s 129-131.

Məmmədli Məhərrəm. Türk dilçiliyinə yeni töfhə. “Azərbaycan müəllimləri”; 2020, 27 May; s 10.

Mirzəliyev Məmməd. Azərbaycan elminin görkəmli nümayəndəsi. “Hüriyyət”; 2019, 22-24 İyun; s 14.

Nağıyeva Təranə. (2019). Görkəmli azərbaycanşünas alim, dünya şöhrətli dilçi Əbdüləzəl Dəmirçizadə Azərbaycan dilçiliyində fönetika bəhsinin ilk sistemli tədqiqatçısı kimi. “Dil və ədəbiyyat”; №3(111); s 521-523.

Represiyaya məruz qalan türk alim-Bəkir Çobanzadə. “Azadlıq”; 2011, 23 İyun; s 14.

Rəcəbli Əbülfəz. (2004). Göktürk dilinin fonetikası. Bakı: “Nurlan”.

Rüstəmxanlı Aytac. (2019). Türkoloji tədqiqatlar və Fərhad Zeynalov. “Dil və ədəbiyyat”; №4(112); s 45-47.

Şükürlü Əlisa. (1992). Qədim türk yazılı abidələrinin dili. Bakı: “Maarif”.

Yusifov Yusif. (2018). Buludxan Xəlilov: Elmin və şəxsiyyətin harmoniyası. Bakı: “Adiloğlu”.

Zeynalov Fərhad. (1980). Qədim türk yazılı abidələri: orta türk dövrü. Bakı: “ADU”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
12
Mənbələr
Şərh ()
Bağla