AZ

Terim 23 il əvvəlki aqibətlə üzləşə bilər

Fatih Terimin “Panatinaikos”u mövsümün ən həlledici məqamında fanatlarını üzməyə başlayıb.

“Football-plus.az” xəbər verir ki, Afina nəhəngi son iki turda əvvəlcə səfərdə AEK-ə (0:3), sonra da evdə “Aris”ə (0:1) boyun əydi. Halbuki komanda hər iki oyunda qalib gəlsəydi, indi inamla turnir cədvəlinə başçılıq edirdi! Belə görünür, tanınmış türkiyəli mütəxəssis “Panatinaikos”un 14 illik çempionluq həsrətinə son qoya bilməyəcək. Komanda sona 2 tur qalmış lider AEK-dən 4 xal geridədi və çempionluq şansı artıq möcüzəyə bərabərdi. Üstəlik son iki turda “Pana”nı çox çətin rəqiblər – PAOK və “Olimpiakos”la oyunlar gözləyir. Komanda mövsümə mayın 25-də “Aris”ə qarşı kubokun final matçı ilə yekun vuracaq. Son uğursuzluqlar Terimin Yunanıstandakı nüfuzuna ciddi zərbə vurub və onu fanatların gözündən salıb. Xüsusilə həmyerlimiz Əliyar Ağayevinidarə etdiyi son oyunda evdə “Aris”ə qarşı məğlubiyyət həm “Panatinaikos”, həm də Terim üçün ciddi zərbə oldu. Təsadüfi deyil ki, həmin qarşılaşmadan sonra “Panatinaikos” fanatları “İmperator”u fitə basdı. Təcrübəli mütəxəssis özü də bu durumdan şoka düşərək “karyeramda ilk dəfə fitə basıldım, bu yaşda qismətimdə bunu yaşamaq da var imiş” açıqlamasını verdi. Bundan başqa, 71 yaşlı məşqçi “Aris”lə oyundan sonra keçirilən mətbuat konfransından bütün məsuliyyəti üzərinə götürərək “heç vaxt futbolçularımı günahlandırmamışam. Deyiləsi çox şey var. Mövsüm bitəndən sonra bütün düşüncələrimi açıq şəkildə söyləyəcəm” ifadələrini işlətdi. Onun bu sözləri mövsüm bitəndən dərhal sonra istefa verəcəyi kimi qiymətləndirildi. Yunanıstan mətbuatının yazdığına inansaq, “Panatinaikos” rəhbərliyi Terimdən narazıdı və başqan Yannis Alafuzos ən qısa müddətdə onunla yolları ayırmaq istəyir. Hətta “Sportal” nəşrinin yazdığına görə, rəhbərlik hələ AEK-ə məğlubiyyətdən sonra Terimdən ümidini kəsdi. “Aris”ə məğlubiyyət isə son damla oldu. Xəbərdə qeyd olunub ki, Terim kubokun finalına qədər qovulacaq və hazırda yeni məşqçinin axtarışı davam edir. Terim kubokun finalına qədər qovulsa, belə desək, 23 il əvvəlki taleyi ilə yenidən barışmalı olacaq. 2000/01-də onun çalışdırdığı “Fiorentina” İtaliya kubokunun finalına yüksəlsə də, “İmperator” həlledici oyuna çıxmadan qovulmuşdu. Həmin vaxt “Fio” finalda “Parma”ya qalib gələrək kubokun qalibi olmuşdu. Maraqlıdı ki, bu, indiyə qədər də florensiyalıların qazandığı son tituldu!

Bu arada 2012-ci ildən bəri “Panatinaikos”un prezidenti vəzifəsini icra edən, indiyə qədər kluba 120 milyon avrodan çox vəsait ayıran iş adamı Yannis Alafuzos dünən Yunanıstan mətbuatına açıqlamalar verib. O, Terim ilə Acun Ilıcalının sayəsində tanış olduğunu etiraf edib:
“Oktyabrda işlər pis getməyə başladı. Biz artıq həmin vaxt məşqçi axtarışındaydıq. “Makkabi” ilə oyundan sonra düşündüm ki, dəyişiklik üçün ən ideal zamandı. Həmin an yalnız Paulo Souza ilə danışıq apardıq. Onunla Madriddə görüşdüm. Amma bir futbolçunu heyətdən kənarlaşdırmağımızı istədi. Belə bir tələbi oldu. Biz də bunun doğru olmadığını və bu durumun komanda daxilində problemlər yarada biləcəyini düşündük. Onu məşqçi kimi çox bəyənsəm də, razılıq əldə edə bilmədik. Acun Ilıcalı ilə uzun müddətdi dostuq. Dürüst və təvazökar insandı. Onunla bu durumu bölüşərkən mənə “mükəmməl, xaraktercə qazanan və lider olan bir dostum var, onu məsləhət görə bilərəm” dedi. Dekabrın 25-də onun Türkiyədəki ofisində ilk dəfə Terimlə görüşdüm. Həm xarakter, həm də aşıladığı enerji baxımından onu çox bəyəndim. Təklifi qəbul etdi. Bəli, Souzadan bahalı məşqçidi. Əvvəlcə yalnız 6 aylığa gəlmək istədi. “Çempion ola bilməsəm, mövsümün sonunda ayrılacam” dedi. Mən də ona “xeyr, əvvəlcə ilyarımlıq müqaviləyə imza at, sonrasına baxarıq. Ümid edirəm ki, bu müddətdən daha çox qalacaqsan” dedim. Yeri gəlmişkən, Acun bizə Bakasetasın transferində də çox yardım etdi. Türkiyədə çox nüfuzlu bir şəxsdi. Onu hər kəs tanıyır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla