AZ

Beynəlxalq münasibətlərdə ilk fakt- "müharibə yolu ilə sülh”…

Image

İbrahim Rüstəmli: “Azərbaycan dünyaya hərblə sülhə nail olma metodunu çox doğru, müdrikcəsinə göstərə bildi”

Prezident  İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib ki, ölkəmiz sülhü müharibə vasitəsilə təmin etdi: “Hesab edirəm ki, bu, lazımınca nəzərdən keçirilməlidir.

Beynəlxalq təşkilatların Ermənistanın işğala son qoyması ilə bağlı qətnamə və qərarlar qəbul etdiyini xatırladan dövlət başçısı bildirib: “Qətnamələri qəbul edənlər onların icrası üçün heç nə etmədilər. Onda biz sülhə müharibə yolu ilə nail olmalı idik. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik. Sentyabr ayında biz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik”.

Müharibə ilə sülhə nail olmağın  beynəlxalq hüquqi və siyasi əsasları necə izah oluna bilər? Azərbaycan hərblə sülhə nail olmanı dünyaya qəbul etdirə bildimi?

Hərbi-siyasi şərhçi, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli “Bakı-Xəbər”ə bildirdi ki, “Azərbaycan hərblə sülhə nail olmağı dünyaya qəbul etdirə bildimi” sualı çox yerində verilir: “Biz ilk əvvəl hansı dünyadan danışdığımıza aydınlıq gətirək. Elə bir dünyadan danışırıq ki, o, Azərbaycanın ərazi bütövlüyünü, süverenliyini tanıyıb. Yəni işğal olunmuş əraziləri Azərbaycanın ərazisi kimi tanıyır və bunu rəsmi bəyanatla təsdiqləyir. Belə bir vəziyyətdə Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasət sona yetməli idi. Azərbaycan son 30 ildə öz ordusunu, siyasi mövqeyini möhkəmlətmək üçün çox ciddi addımlar atdı. Bilirsiz ki, hər şey informasiya təhlükəsizliyi ilə başlayır. Hadisələrin dinamikası onu göstərir ki, biz 44 günlük yox, 30 il 44 gün müharibə aparmışıq. Bu 30 ildə bizim ayağa qalxmağımız, dünyada informasiya təhlükəsizliyi baxımından öz mövqeyimizi anlatmağımız üçün uzun müddət keçdi. Bunun da bir zamana ehtiyacı varmış. Xatırlayırsızsa, 44 günlük müharibədən öncə Azərbaycan dövlətinin xarici siyasətində kifayət qədər kardinal dəyişiklikləri müşahidə etdik. İlk növbədə xarici işlər institutunun rəhbəri vəzifədən azad edildi. Ondan sonra isə informasiya təhlükəsizliyi baxımından çox ciddi addımlar atıldı. Azərbaycan Prezidenti xarici siyasət institutunun rəhbərliyi qarşısında konkret vəzifələr qoydu. Bu vəzifələr Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmaq, işğal olunmuş ərazilərin düşməndən təmizlənməsi üçün informasiya və siyasi baza yaratmaqdan ibarət idi. 44 günlük savaş öncəsi çox ciddi işlər görüldü. İnformasiya təhlükəsizliyi sahəsində çox mükəmməl, kardinal dəyişikliklər baş verdi. Bu vaxta kimi Avropa Şurasında oturan deputatlarımızın böyük əksəriyyəti burada ingilis dilində lətifə öyrənib, gedib orda danışırdılar. Yola verib, maaş alırdılar. Ancaq cənab Prezidentin kəskin müdaxiləsindən sonra vəziyyət çox dəyişdi. Bəzi adamların cəzalandırılması faktları da istisna olmadı. İnformasiya təhlükəsizliyi cəbhəsində əldə etdiyimiz uğur dünyaya sülhün hərbi yolla qəbul olunması məsələsində həlledici rol oynadı. Azərbaycan Prezidenti dəfələrlə rəsmi bəyanatında, çıxışlarında vurğulamışdı ki, biz sülh istəyirik, biz müharibə tərəfdarı deyilik. Amma torpaqlarımızın düşmən tərəfindən işğalını da qəbul edə bilmərik. Biz zaman-zaman bu sahədə apardığımız işlər, gördüyümüz tədbirlərlə dünya ictimaiyyətinə vəziyyəti çatdıra bildik. Dünya ictimaiyyəti də qardaş Türkiyənin siyasi dəstəyi ilə Azərbaycanın ciddi cəhdini görəndən sonra reallıqla barışmağa məcbur oldu. Bilirsiz ki, Minsk qrupu, o qrupda olan Amerika, Fransa, Rusiya vardı. Onlar Ermənistandan Azərbaycana, Azərbaycandan Ermənistana turist səfərlərinə çıxırdılar və ancaq yeyib-içib, istirahət edirdilər. Ona görə də cənab prezident Minsk qrupunun fəaliyyəti ilə bağlı çox kəskin çıxışlar etdi, Minsk qrupuna ehtiyac yoxdu dedi. Biz öz gücümüzə torpaqlarımızı işğaldan azad etdik. Azərbaycan dünyaya hərblə sülhə nail olma metodunu çox doğru, müdrikcəsinə göstərə bildi. Bu sahədə əldə etdiyimiz uğurun da dinamikasında, özəyində informasiya sahəsində əldə etdiyimiz uğurlar dayanır. 44 günlük vətən savaşı dövründə dünyanın ən böyük dövlətləri - Rusiya, Amerika, İngiltərə, Fransanın da səsi çıxmadı. Azərbaycanın tərəfini saxladı, Azərbaycan əleyhinə kəskin bəyanatlar, vetolar verilmədi. Azərbaycan Birləşmiş Millətlər təşkilatında, Avropa Şurasında bu məsələ ilə bağlı kəskin radikal mövqeyə rast gəlmədi. Bu da ondan xəbər verir ki, Azərbaycan bu sahədə öz ərazi bütövlüyünü bərpa etmək məqsədi ilə həyata keçirdiyi siyasəti dünya ictimaiyyətinə qəbul etdirə bilib. Bu gün də o siyasət davam edir. Azərbaycan bir tərəfdən ordusunu gücləndirir, digər tərəfdən də siyasi bazasını möhkəmləndirir. Azərbaycan Prezidentinin 44 günlük Vətən savaşı dövründə dünya ictimaiyyətinə səslənişləri, dünya mediasının tanınmış nümayəndələrinə verdiyi müsahibələr kifayət qədər mükəmməldir. İnformasiya təhlükəsizliyi sahəsində əldə etdiyimiz uğurlarda Azərbaycan Prezidentinin müsahibələrinin rolu müəyyənedici əhəmiyyət daşıyır”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla