AZ

"Necə oldu ki, Elvin Cəfərquliyev, Toral Bayramov "Qarabağ"da inkaf etdilər, amma..." - ETİRAZ

"Mətbuatda Əvəzedici Liqanın ləğv ediləcəyi barədə iddiaları oxumuşam.

Hazırda qərar olmadığı üçün geniş danışmaq olmur. Amma müəyyən fikirləri müzakirə etmək olar".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sabah"ın əvəzedici komandasının sabiq çalışdırıcısı Vasif Haqverdiyev deyib.

O, ilk olaraq daha əvvəl verilən oxşar qərarın uğursuz olmasını xatırladıb:

"Mən 2018-ci ildə "Sabah"ın əvəzedici komandasına təyin olunanda "Sabah" çempionata yeni buraxılmışdı. Həmin ərəfədə AFFA-da iclas keçirildi. Baş məşqçilər və klub rəhbərliyi də orada iştirak edirdi. O dönəmki baş katib Elxan Məmmədov bildirdi ki, Əvəzedici Liqa ləğv edilir və ikinci komandalar divizionda iştirak edəcəklər. Bundan başqa limitlər tətbiq olundu. Məhz həmin limitə görə çox sayda azərbaycanlı futbolçu futbolu atmalı oldu. Heç kimə sirr deyil ki, belə qərarın verilməsinə səbəb aşağı liqada olan oyun alqı-satqısı idi. Yanlış qərar idi. Çünki sonrakı 4 il müddətində də oyun alqı-satqısı yenə oldu. Yəni çıxış yolu Əvəzedici Liqanı ləğv etmək deyildi".

Haqverdiyev 6 il əvvəl uğursuzluqla nəticələnən qərarın yenidən tətbiq edilməsinin düzgün olmadığını bildirib:

"2017-18 mövsümündə Birinci Divizionda oynayan 25-26 yaşlı futbolçular futbolu atmalı oldular. Futbol mütəxəssisləri də təsdiqləyə bilər ki, bəzi futbolçular bu yaşda parlayır. Hər kəsin uğurlu olacağını iddia etmirəm. Futbolda 100% nəsə yoxdur. Amma kimlərsə gündəmə gələ bilərdi. Əvəzedici komanda əsas komandada zədəli olan futbolçuların bərpası üçün lazımdır. Əsas komandaya futbolçu vermək üçün mütləqdir.

2018-ci ildə 6 aylıq fəaliyyətdən sonra 4 oyunçu - Şakir Seyidov, Emil Qasımov, Zahid Mərdanov, Elçin Mustafayev əsas komandaya yüksələ bilmişdi. Əvəzedicinin işi əsas komandaya təqdim etməkdir. Orada inkişaf edib-etməmək A komandanın problemidir. Necə oldu ki, Elvin Cəfərquliyev, Toral Bayramov "Qarabağ"da inkaf etdilər, amma "Sabah"dan milli komandalara dəvət alan 8-9 nəfər inkişaf etmədi. Bu suallar artıq A komandasının baş məşqçilərinə verilməlidir. O uşaqların istedadını bir qədər də açmaq, şans vermək lazım idi. Bu yaşda uşaqlarla daha çox zaman keçirmək lazımdır. Düşünürəm ki, bu liqa ləğv edilməli deyil. Bu çempionatın bizə xeyri daha çoxdur. Bu gün ilk öncə liqalardakı şəraiti yaxşılaşdırmaq lazımdır. Ondan sonra başqa addımlar atmaq olar. Böyük mövzudur. 1-2 günün məsələsi deyil. Stadionlar, maliyyə məsələsi, infrastruktur məsələsi problemdir. Bunları həll edib, sonra başqa şeylərdən danışmaq olar. Qərar yeni rəhbərliyindir. Ləğv edəsi olsalar, 2-3 ildən sonra nəticələri görünəcək".

XANOĞLAN

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
Mənbələr
Şərh ()
Bağla