AZ

“Limit dolmuşdu, rəqib hansı komanda olsaydı, eyni şeyi edəcəkdik”

“Araz-Naxçıvan” əksəriyyətin gözləmədiyi halda Zirə səfərindən qələbə ilə qayıtmağı bacardı.

Son 9 oyunda 3 xala həsrət qalan naxçıvanlılar İqor Rodrigesin son dəqiqələrdə vurduğu qolla istəyinə çatdı.

Komandanı meydana kapitan sarğısı ilə çıxaran Vadim Abdullayev Sportinfo.az-ın suallarını cavablandırıb.

- Nəhayət istədiyiniz qələbəni qazanmağı bacardınız. Niyə belə gec oldu?

- Hakim səhvlərinə və epizodları boşa verməyimizə görə layiq olmadığımız məğlubiyyətlərlə üzləşirdik. Bu, Azər Bağırovun vaxtında da beləydi. Hər dəfə danışırdıq, sözümüzü bir yerə qoyurduq, alınmırdı. Bu dəfə istəyimiz həddən artıq çox idi. Futbolçulardakı emosionallığı yəqin ki, gördünüz. Məğlubiyyət limiti dolmuşdu, buna son qoymalıydıq.

- Uduzmağınızda hakimlərin də rolu var idi?

- “Sumqayıt”, “Səbail” və “Turan Tovuz”la oyunlarda hakimlər xallarımızı əlimizdən almışdılar. Bu gün normal idarəçilik oldu. Komandadakı ab-havanı yaxşılaşdırmaq üçün bu qələbə bizə çox vacib idi.

- Sənə elə gəlmir ki, “Kəpəz”in bir günlük də olsa turnir cədvəlində “Araz-Naxçıvan”ı geridə qoymasının da rolu var idi.

- 100 faiz. Oyundan əvvəl elə bu mövzuda da söhbətimiz olmuşdu. Onsuz da 8-ci yerə düşmüşdük, sona yaxın həmin pilləni də əldən vermək istəmirdik. Çempionatın gedişində avrokubok şansımız var idi deyə, “4-lüy”ü düşünürdük. Oradan uzaqlaşandan sonra istəyimiz mövsümü orta pillələrin birində başa vurmaqdır. Sona 4 tur qalmış 8-ci sıradayıq, bundan sonra 7-ci yerə qalxmaq üçün mübarizə aparacağıq. İmicimizi, adımızı düşünməliyik.-

- “Zirə”yə qarşı hansısa prinsipiallığın göstəricisi deyildi?

- Xeyr-xeyr. “Zirə”ylə nə prinsipimiz ola bilər ki? Bu gün rəqib hansı komanda olsaydı, eyni şeyi edəcəkdik. Kənardan belə görünübsə, əminliklə deyirəm ki, hansısa prinsipiallıqdan söhbət gedə bilməz.

HƏBİB

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla