AZ

Benzya “Qarabağ”dan gedə bilər?

İstənilən ölkədə mövsüm sona yaxınlaşanda transfer xəbərlərinin artması təbiidi.

Azərbaycanda isə “dəbdə olan” futbolçular əsasən “Qarabağ”ın formasını geyir. İstər yerli futbolçular olsun, istərsə də legionerlər. Son günlərdə Fransa mətbuatı da ortaya yeni iddia atıb. Guya bu ölkənin iddialı klublarından olan “Nitsa” “Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzyanı heyətinə qatmaq istəyir. Xəbərdə bildirilir ki, “Nitsa” artıq futbolçunun transferi üçün hərəkətə keçib, yaxınlarda Ağdam klubuna təklif göndərəcək.

Maraq üçün bildirək ki, Benzyanın “Qarabağ”la müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdi. Fəqət futbolçuya bir neçə klubdan maraq olduğunu yada salsaq, gedişi mümkün görünür. Təkcə əlcəzairli futbolçunun yox, başqalarının da yayda “köhlən atlar”ı tərk edəcəyi deyilir. Ötən il komandaya qoşulan Benzya Ağdam təmsilçisi ilə ilk, həm də son çempionluğunu yaşaya bilər. Futbolçunun vacib fiqurlardan biri olduğunu nəzərə alsaq, ağdamlılar üçün ciddi itki sayıla bilər. Bəs Benzyanın “Qarabağ”dan gedişi nə dərəcədə real görünür?

Bu mövzunu həmkarımız, vaxtilə Ağdam klubunda çalışmış Emin Abbasovla müzakirə etdik. O, əlcazirlinin Azərbaycandan getməsini uğursuzluqla nəticələnəcəyini düşünür:
“Görünür, "Qarabağ"ın bir çox futbolçuları kimi, Yassin Benzyaya da Avropanın müxtəlif klublarından maraq var. "Nitsa" da ona müştəri çıxan klublar arasındadı. Yassinin əvvəllər "Lion" və "Lill"də çıxış etdiyini nəzərə alsaq, ölkəsində tanınan futbolçulardan olduğunu deyə bilərik. "Qarabağ"a gələndən sonra yüksəlişdə olması, "Bayer-04" ilə matçlarda yaxşı performans sərgiləməsi ilə onun "Nitsa"nın maraq dairəsinə düşməsini real və məntiqəuyğun hadisə saymaq olar. Lakin Benzya qərar verməmiş ciddi-ciddi düşünməlidi. Çünki "Qarabağ"a keçənə qədər neçə il idi oyun praktikasının azlığından əziyyət çəkirdi. Demək olar ki, bura bitmiş halda gəlmişdi. Bəlkə heç özü də belə forma yığacağına inanmırdı. İndi də heç kim əminliklə deyə bilməz ki, "Nitsa"ya gedəndən sonra mütləq əla oyun sərgiləyəcək. Fransa klubunun onun üçün "Qarabağ"a təklif göndərməsi realdı. Lakin məncə, Benzya üçün "Qarabağ"da qalıb Qurban Qurbanovun rəhbərliyi altında oynamağa davam etməsi daha yaxşı olar".


Sirr deyil ki, “köhlən atlar” yayda bir neçə futbolçu ilə yollarını ayıracaq. Hərçənd müqavilə müddəti bitənlər ilk ağla gələn namizədlərdi. Emin bəy bu barədə də proqnozlarını bölüşdü:
“Bu siyahıda "Qarabağ"ın saxlamalı və göndərməli olduğu futbolçular var. Məsələn, Riçard Almeyda və Maksim Medvedev kimi futbolçular artıq yaşlanıb. Amin Ramazanov "Qarabağ" səviyyəsində futbolçu deyil. Bunlarla vidalaşmaq vaxtıdı. Zubirlə Lunyovu isə saxlamaq lazımdı. Amma bir məsələni də qeyd etməliyik ki, "Qarabağ"ın uğurları baş məşqçi Qurban Qurbanov və illərboyu oturuşmuş sistemlə bağlıdı. Məsələn, Kadi Borges gedəndə də böyük məyusluq var idi. Lakin sonra gördük ki, "Qarabağ" Kadisiz də ölkə futbolunda ən yeni tarix yazmağı bacardı".


RÖYANƏ OĞUZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla