AZ

Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb

Bakı, 3 may, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin himayədarlığı ilə keçirilən VI Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə əvvəlcə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə çıxış edərək, Azərbaycanda dinlər və mədəniyyətlərarası əməkdaşlığa dair, insan həmrəyliyinə xidmət edən ideyalara xitabən multikulturalizm, İslam həmrəyliyi və “Yaşıl dünya naminə” illərin elan olunmasını, mütəmadi tədbirlərin keçirilməsini Azərbaycan Prezidentinin bəşəri dəyər kəsb edən siyasi liderliyinin təzahürü olduğunu qeyd edib.

İşğaldan azad edilmiş ərazilərimizdə görülən bərpa-quruculuq işləri barədə danışan şeyx qeyd edib ki, Azərbaycan dövləti işğal dövrünün acı nəticələrini aradan qaldırır, dağıdılmış şəhər və kəndləri dirçəldir, vandalizmə uğradılmış dini-mənəvi irsini, müxtəlif dinlərə məxsus abidələri bərpa və yenidən inşa edir. Müharibənin bəla və çətinliklərinə diqqət çəkən şeyx deyib: “Savaş dəhşətlərini, soyqırımı və vandalizmi görmüş bir xalq olaraq biz, bölgəmizdə və bütün dünyada sülhün, əmin-amanlığın bərqərar olması üçün dualar edir, beynəlxalq hüquq, diplomatiya, dinlərarası dialoq platformalarında əlimizdən gələni əsirgəmirik. Forumun əsas qayəsi dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsidir. Bəli, ilk növbədə, etimad mühiti formalaşdırılmalı, anlaşma əldə olunmalıdır. Uca Allah xalqlarımızı, dövlətlərimizi, bütün bəşəriyyəti hifz etsin”,- deyə o bildirib.

Sonra çıxış edən Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdüssəlam deyib ki, dünən Şuşada keçirilmiş dinlərarası mötəbər tədbir Azərbaycan dövlətinin dinlərə, multikulturalizmə verdiyi önəmin, söz və insan azadlığına göstərdiyi hörmətin göstəricisidir: "Dünən ziyarətin kilsədən başlaması düşünürəm ki, bütün dünya üçün böyük mesaj - siqnal idi. Məhz bu cür hörmət və qonaqpərvərliyə görə mən Azərbaycan dövlətinə və Prezidentinə öz təşəkkürümü bildirirəm”.

Görüşdə 38 ölkəni və 10 beynəlxalq təşkilatı təmsil edən müsəlman, xristian, yəhudi, buddist, induist və digər dinlərin liderləri və nümayəndələri iştirak ediblər.

Sonda iştirakçılar üçün ziyafət verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
5
Mənbələr
Şərh ()
Bağla