AZ

YUNESKO Fransadan çıxır...

Image

“YUNESKO bir adamın əlində alətə çevrilməməli və ya heç bir ölkənin Xarici İşlər Nazirliyinin idarəsi səviyyəsinə endirilməməlidir”. Bunu Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev YUNESKO-ya üzv dövlətlərin daimi nümayəndələri ilə görüşü zamanı deyib.

Məsələ ilə bağlı Hikmət Hacıyev “X” səhifəsində yazıb: “Biz Bakıda YUNESKO-ya üzv dövlətlərin daimi nümayəndələri/elçiləri ilə geniş və açıq müzakirələr apardıq. Mən həmkarlarıma Azərbaycanın regional sülh gündəmi və mədəni diplomatiya siyasəti, eləcə də işğal zamanı Ermənistan tərəfindən mədəni və dini irsimizin məhv edilməsi barədə məlumat verdim. Bizim ümumi fikrimiz ondan ibarət idi ki, YUNESKO hamımıza və bütün beynəlxalq ictimaiyyətə məxsusdur. Biz bu təşkilatı daha da qoruyub inkişaf etdirməliyik”. Qeyd edək ki, Azərbaycana ikili standartlar sərfiləyən təşkilatlardan biri də məhz YUNESKO olub. Buna əsas səbəb YUNESKO-nun Fransanın təsiri altında olmasıdır. Fransanın siyasi xadimi, sabiq mədəniyyət naziri Odre Azule 2017-ci ilin oktyabrından qurumun baş direktoru vəzifəsini icra edir. Bu hal da Fransanın YUNESKO-ya təsirinin atmasında az rol oynamır.  Azulenin yanlış idarəçiliyi, nizamnamə qaydalarına hörmətsizliyi, Fransanın milli hakimiyyət orqanlarından gələn sifarişləri qeyd-şərtsiz həyata keçirməsi heç kimə sirr deyil. Belə vəziyyət bütünlükdə YUNESKO-ya etimadı azaldır. Bir daha xatırladaq ki, YUNESKO Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumudur. Adından da göründüyü kimi,  təşkilat qeyd edilən sahələr çərçivəsində irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhə və təhlükəsizliyə xidmət etməlidir. 1972-ci ildə YUNESKO tərəfindən “Ümumdünya Mədəni və Təbii İrsin Qorunması haqqında Konvensiya” qəbul edilib. Konvensiya hər bir xalqın mədəniyyətinə, təbii irsinə və tarixinə hörməti nəzərdə tutan mükəmməl bir sənəddir. Təəssüf ki, bəzi hallarda beynəlxalq təşkilatlar ikili standartlardan qaça bilmir. Belə ki, YUNESKO da Azərbaycana qarşı ədalətli mövqe sərgiləyə bilmədi. Ermənistanın Azərbaycan torpaqlarında həyata keçirdiyi dağıntılar barədə beynəlxalq qurumlara, o cümlədən YUNESKO-ya dəfələrlə müraciətlər olunsa da, heç bir ciddi addım atılmadı. Bütün dünya bilir ki, Qarabağda Azərbaycan xalqına məxsus qeyri-maddi və mədəni irs 30 il ərzində talan edilib. Azərbaycan bununla bağlı YUNESKO-ya müraciət etsə də, hələ də heç bir reaksiya verilməyib. Lakin Ermənistanın tərəfinin YUNESKO nümayəndələri ilə görüşündə erməni irsinin Qarabağda qorunması məsələsi daim müzakirə edilir. Halbuki, qurum 30 il Azərbaycanın mədəni irsinə qarşı talançılığa qarşı reaksiya vermir. Bununla YUNESKO ikili standartlara əl ataraq vəzifələrini icra etməkdən boyun qaçırır.  

Onun da xatırladaq ki, ötən ilin noyabrında YUNESKO Azərbaycanın Qarabağ bölgəsinə səfər etmək üçün ölkəmizə müraciət etmişdi. Həmin vaxt rəsmi Bakı isə buna  razılıq verdi. Ancaq Azərbaycan YUNESKO-ya Ağdamdan keçməklə Xankəndiyə getməyi və səfər zamanı Ermənistan işğalçılarının Ağdamda törətdikləri vandallığı da qeydə almağı təklif etdi. Qarşı tərəf isə bununla razılaşmayıb, birbaşa Xankəndiyə getmək və oradakı bəzi adibələrin vəziyyəti ilə maraqlanmaq istədiklərini bildirdi. Bununla da YUNESKO əsl niyyətini növbəti dəfə büruzə verdi. Antiterror tədbirlərindən sonra da YUNESKO ölkəmziə missiya göndərməkdən imtina etdi. Bunlar fonunda YUNESKO-nun mənzil-qərargahının Parisdə yerləşməsi, hazırkı baş direktorun vaxtilə Fransanın mədəniyyət naziri olması təşkilatın verdiyi qərarların arxasında dayanan səbəbləri daha dəqiq təsvir etməyəimkn verir. Fransanın Azərbaycana və regiona münasibətdə siyasətini diqqətlə izləsək, YUNESKO-nun belə fəaliyyətinə müdaxilənin haradan qaynaqlandığını görmək olar. Qeyd edək ki, bütün bunlar səbəbindən Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verib. Çünki Fransanın kəskin şəkildə güclənən Azərbaycan əleyhinə siyasəti indi mədəniyyət və incəsənət sahəsinə də keçib. Evian-Le Ba şəhərində “Azərbaycan Parkı”nda, o cümlədən buradakı Xurşidbanu Natəvanın heykəlinə qarşı vandallıq da bunun təzahürüdür. Qəribədir ki, məsələ ilə bağlı YUNESKO hələ də heç bir reaksiya verməyib. Azərbaycan mədəni sərvətlərinin dağıdılması və mənimsənilməsi kimi Ermənistanın cinayətləri barədə YUNESKO -ya mütəmadi olaraq məlumat verilməsinə baxmayaraq, təəssüflər olsun ki, 30 ildə ölkəmizin mədəni irsinə dəyən ziyanın qiymətləndirilməsi məqsədilə YUNESKO işğal olunmuş ərazilərə missiya göndərmədi. Bu isə qurumun öz prinsiplərinə sadiq qalmamasının təsdiqidir. O səbəbdən qurumun idarəçiliyində dəyişiklik olması, onun baş qərargahının Fransa ərazisindən çıxarılması zəruridir.

Ramil QULİYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla