AZ

“Əminliklə deyə bilərəm ki, “Neftçi” ilə “Zirə” avrokuboklara vəsiqə qazanacaq”

“Zirə”nin də sürpriz məğlubiyyəti ilə avrokuboklara vəsiqə qazanmaq uğrunda rəqabət yüksək həddə çatdı.

Komandalardan hər biri rəqibin kiçik büdrəməsindən yararlanmağa çalışır. Hazırda “Sumqayıt”, “Neftçi”, “Zirə” və “Sabah” avrokuboklar yolundakı əsas iddialılardı. Görəsən, bu komandalardan hansının şansı daha yüksəkdi? Bu barədə təcrübəli mütəxəssis Yunis Hüseynovla danışdıq:
“Düşünürəm ki, “Neftçi” ikinci yeri tutacaq. Ümumilikdə isə elə “Zirə”, “Sabah” və “Sumqayıt” komandalarını favorit kimi göstərmişəm. Göründüyü kimi, son oyunlarda “Sumqayıt” özünü daha yaxşı tərəfdən göstərərək “Qarabağ” kimi rəqibi məğlub etməyi bacardı. Heç kimin qələbəsinə kölgə salmaq fikrim yoxdu. Amma “Qarabağ”ı məğlub etmək çox çətindi. Ümumiyyətlə, azarkeşlər qarşısında oynamaq tam başqadı. Xatırlayırsızsa, “Turan Tovuz”la “Qarabağ”ın (2:2) oyununda da tribunalar dolu idi və bu məqam futbolçulara əlavə ruh verirdi. Sumqayıtdakı qarşılaşmada da stadionun dolu olması meydan sahiblərinin yaxşı oyun nümayiş etdirməsini şərtləndirdi. Elə Mehdi Hüseynzadə adına stadionun açılışında da da tribunalar dolu idi, “Sumqayıt” həmin görüşdə “Neftçi”ni məğlub etməyi bacarmışdı. Bu da öz növbəsində onu göstərir ki, azarkeşlər nə qədər çox olarsa, futbolçularda da həvəs, inam bir o qədər artır. Ancaq “Sumqayıt” – “Qarabağ” (1:0) matçında kobud hakim səhvləri də var idi. Düzü, hakimlər haqqında çox danışmaq istəmirəm. Amma hakimlərə lazımdı ki, gedib dərs keçsinlər, öyrənsinlər. Bu vaxta qədər hakimliklə bağlı mənə bir-iki dəfə sual verilmişdi, sadəcə, dilə gətirməmişdim. Belə baxıram ki, son vaxtlar hakimlərimiz həddən artıq kobud səhvə yol verir. Bilmirəm, bu səhv qərarlar bilərəkdən olur, yoxsa təcrübəsizlikdən. Buna təcrübəsizlik də deməzdim, amma çox ciddi nöqsanların olduğu aşkardı. Hesab edirəm ki, VAR sistemini ləğv etmək lazımdı. Onsuz VAR sistemini olanda da, olmayanda da belə səhvlər olur. Elə bu sistemi ləğv etsək, yaxşıdı”.


Mütəxəssisdən daha yüksək şansıa malik iki komandanın adını da soruşduq:
“Əminliklə deyə bilərəm ki, “Neftçi” ilə “Zirə” avrokuboklara vəsiqə qazanacaq. Amma üçüncü komandanı seçmək çətindi. Söhbət “Sabah”la “Sumqayıt”dan gedir. “Sabah”ın son oyunlardakı sabit çıxışı bu pilləyə əsas namizəd kimi onu göstərir. “Sumqayıt” hələ ki özünü yaxşı tərəfdən göstərir. Amma belə hesab edirəm ki, qarşıdakı turlarda ədalət təmsilçiləri səhv etməsələr, “Sabah”ın şansı daha yüksəkdi”.


“Zirə”nin əvvəlki oyunlarından fərqli çoxlu qol vurması və sabit oyun sərgiləməsi ilə bağlı ünvanladığım suala aldığım cavab belə oldu:
“Bəli, sonuncu oyunlarda “Zirə” özünü yaxşı tərəfdən göstərir. Səhv etmirəmsə, öncəki çıxışlarımda bildirmişdim ki, “Qartallar”ın məhsuldarlığının aşağı olması hücum xəttindəki problemlərlə bağlıdı. İndi isə daha sürətli, daha dinamik oyun nümayiş etdirirlər. Çempionatın sonuna yaxın hər bir komanda maksimum dərəcədə az səhv etməyə çalışır. Əsas olan avrokuboklara hansı komandanın vəsiqə qazanmasından daha çox həmin komandanın orda ölkəmizi necə təmsil edəcəyidi”.


KAMAL SƏFƏR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla